“Bax, o binalar jurnalistlər üçün tikilmişdir. Hesab edirəm ki, bu da nadir təşəbbüsdür. Heç bir başqa ölkədə dövlət jurnalistlər üçün bina tikmir”.
Strateq.az bildirir ki, bu sözləri prezident İlham Əliyev Bakı Ali Neft Məktəbinin kampusunun açılışı zamanı bildirib.
Qeyd edək ki, prezident sərəncamı ilə jurnalistlər üçün tikilmiş binalar həmin əraziyə yaxın yerdə yerləşir.
Prezident jurnalistlər üçün tikilmiş binaları “nadir təşəbbüs” adlanıdırb: “Bu binalarda yaşayan və yaşayacaq jurnalistlər müxtəlif mətbu orqanların nümayəndələridir, burada mənzillərin bölgüsü də püşkatma yolu ilə aparılıb, yəni, ədalət və obyektivlik tam təmin edilib”.
Daha sonra dövlət başçısı Bibiheybət qəsəbəsinin ərazisi barədə danışıb: “Buranın yeri də çox böyük rəmzi məna daşıyır. Mən 10 il bundan əvvəl Dövlət Neft Şirkətinə göstəriş vermişdim ki, onilliklər ərzində çirklənmiş Bibiheybət ərazisini, buruqların ətrafını təmizləsinlər, neft gölməçələrini qurutsunlar, bu zonada böyük yaşıllıq zolaqları salınsın və onlar bu işlərə başladılar. Bu yerlərin foto və videogörüntüləri əlbəttə ki, vaxtilə müxtəlif dərgilərdə, jurnallarda, qəzetlərdə dərc edilmişdi. Hətta məşhur Ceyms Bondun filmlərindən biri də burada çəkilmişdir. Əgər o filmə baxsanız görərsiniz ki, buradakı mənzərə nə gündə idi. Bura ekoloji fəlakət zonası idi. Ancaq bu gün bura şəhərimizin ən abad yerlərindən biridir”.
İ.Əliyev deyib ki, Bibiheybət ekoloji fəlakət zonasının abadlaşdırılması, təmizlənməsi bir daha onu göstərir ki, dövlət qara qızıl kapitalını insan kapitalına qoyur: “Çünki siz gənclərin bəlkə də yadında deyil, on il bundan əvvəl Bakının havası tam fərqli idi. Bir tərəfdən bax bu ərazidə buxarlanan neft, digər tərəfdən isə indiki “Ağ şəhər” ərazisindəki neft tullantıları havanı çirkəndirirdi. Həmin ərazinin də neftlə çirklənmiş torpaqları təmizləndi. İndi “Ağ şəhər” müasir ekoloji layihəyə çevrilib. Balaxanı zibilxanası da fəlakət zonası idi. Orada yandırılan zibil şəhərimizin səmasına zəhərli tüstü buraxırdı. Həmin ərazi də təmizləndi. Sonra Böyükşor gölü. Bu göldən İkinci Dünya müharibəsi zamanı açıq rezervuar kimi istifadə olunurdu, onun kənarında neft qoxusundan dayanmaq mümkün deyildi. İndi bu gölə quşlar qonur. Budur bugünkü Azərbaycan. Biz neftlə çirklənmiş bütün əraziləri təmizləyirik və təmizləyəcəyik. Bakı bu gün parklar, bağlar şəhəridir, təmiz hava şəhəridir. Eyni sözləri Sumqayıta da aid etmək olar”.