Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirilən “Azərbaycan həqiqətlərinin sosial və internet mediada təbliği” layihəsi çərçivəsində ingilis dilində təhsil alan gənclər və gənc jurnalistlər, sosial şəbəkələrdə aktiv və ya “vətəndaş jurnalistikası” ilə məşğul olan, xarici dil bilən gənclər üçün “Xarici internet mediada Azərbaycan həqiqətləri və Qarabağ problemi mövzusunda kəsərli məqalələrlə çıxış” mövzusunda 3 dəfəlik təlim keçirilib. Təlimdə xarici internet mediada ingilis dilində Azərbaycan həqiqətləri və Qarabağ problemi mövzusunda məqalələrin yazılması, bu məqsədlə mənbələr və araşdırma yolları sözügedən kateqoriyaya aid gənclərə aşılanıb. Təlim Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində keçirilib. Keçirilmiş təlimdə 20-dən artıq gənc iştirak edib. Burada gənclərə Azərbaycan həqiqətləri, Qarabağ probleminin dünyada təqdimatı mövzusunda məlumatlar verilib, mənbələr göstərilib, bu sahədə sosial şəbəkələrdə statuslarla çıxış etmək qaydaları və üsulları izah edilib. Təlimi uğurla başa vurmuş gənclərə sertifikatlar təqdim edilib.
Məlumat üçün bildirək ki, layihə çərçivəsində artıq “Sosial şəbəkələrdə Azərbaycan həqiqətləri, Qarabağ problemi mövzusunda aktiv və düzgün iştirak” mövzusunda təlim keçirilib. Həmçinin, “Azərbaycan həqiqətləri və Qarabağ problemi mövzusunda effektli bloqçuluq” mövzularında təlimlərin keçirilməsi, “Yenimedia.press” saytının Azərbaycan həqiqətləri və Qarabağ problemi ilə bağlı mövzulara və xarici internet və sosial mediada işıqlandırılmasına həsr edilmiş məqalələrlə yenilənməsi, layihənin icrası, təlimlərin və saytda əksini tapmış məqalələrin yeni ideyaverici məqamları əsasında ərsəyə gəlmiş materialların toplandığı kitabçanın çap edilməsi həyata keçiriləcək.