Bu gün Səbail rayon Məhkəməsində "Azadlıq" qəzetinin yayım direktoru Faiq Əmirlinin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən iclasda Faiq Əmirlinin vəkili Fəxrəddin Mehdiyev müdafiə etdiyi şəxsin şüşə kabinədən çıxarılıb vəkillərinin yanında əyləşməsi barədə vəsatət qaldırıb. Məhkəmə vəsatəti təmin edib.
Faiq Əmirlinin digər vəkili Aqil Layıcov isə işdə sübut kimi sadalanan əşyaların məhkəməyə gətirilməsi barədə vəsatət qaldırıb. Hakim vəsatəti təmin edib. Bildirib ki, şahid ifadələrindən sonra sənədlərin tədqiqi mərhələsində həmin sübutlar da təqdim olunmalıdır.
Daha sonra iclasda dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama münasibət bildirən Faiq Əmirli özünü təqsirli bilməyib.
Eyni zamanda, prosesdə Vergilər Nazirliyinin Faiq Əmirliyə qarşı 39 min 21 manatlıq mülki iddia qaldırdığı məlum olub.
Proses iyunun 12-də davam edəcək.
Qeyd edək ki, F.Əmirli ötən il avqustun 20-də saxlanılıb. Avqustun 22-də Nəsimi rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib. F.Əmirlinin barəsindəki həbs qətimkan qərarının müddəti bir neçə dəfə artırılıb.
F.Əmirli Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması), 213-cü (vergidən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilirdi. İstintaq başa çatan ərəfədə Baş Prokurorluq F.Əmirlinin ittiham olunduğu iki maddə – Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrinə xitam verib. Hazırda F.Əmirli Cinayət Məcəlləsinin 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) və 213-cü (vergidən yayınma) maddələri ilə ittiham edilir.
APA