XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

10 İyul 2017 - 16:10

BDU-da informasiya agentliklərinin fəaliyyətindən bəhs edən dərs vəsaitinin təqdimatı keçirilib

 

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində Həmid Vəliyev, Pərvanə İbrahimova və Vəfa İsgəndərovanın müəllifi olduğu “Jurnalistika: Dünyanın aparıcı informasiya agentlikləri, Azərbaycanda informasiya agentliklərinin təşəkkülü və inkişaf perspektivləri, beynəlxalq jurnalist hərəkatı” adlı dərs vəsaitinin təqdimatı keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev müasir informasiya cəmiyyəti quruculuğunda elmin, təhsilin əhəmiyyətindən bəhs edib, kitabın müəlliflərinin işini yüksək qiymətləndirib: “Dərs vəsaitində dünya və yerli xəbər agentlikləri, informasiya resurslarını birləşdirən beynəlxalq jurnalist təşkilatları, onların yaranması, fəaliyyəti və müasir dövründən bəhs edilir. Dərs vəsaiti universitetin jurnalistika fakültəsinin tələbələri, müəllimlər, peşəkar jurnalistlər, media sahəsi üzrə araşdırma aparan mütəxəssislər üçün nəzərdə tutulub”.

“APA Holding” in prezidenti Vüsalə Mahirqızı qeyd edib ki, yeni nəşr jurnalistika fakültəsinin tələbələri üçün əhəmiyyətli vəsaitdir: “Təkcə yerli informasiya agentliklərinin yox, həm də dünya agentliklərinin tarixini, müasir fəaliyyətini araşdıran bu nəşr jurnalistika fakültəsinin tələbələri üçün əhəmiyyətli vəsaitdir. İnformasiya agentliklərinin rolu günbəgün artmaqdadır. Dünyanın əksər yerlərində telekanallar öz bürolarını bağlayır. Çünki agentliklər canlı yayımlar edir, informasiyanı birbaşa və sürətli ötürə bilir. Ona görə də telekanallar öz işini agentliklərin fəaliyyəti ilə tənzimləyir. Hesab edirəm ki, informasiya agentliklərinin marketinq tərəfləri də gələcəkdə elmi tədqiqat mövzusu ola bilər. İnanıram ki, qeyd etdiyim məqamlar da jurnalistika fakültəsində elmi müstəvidə təhlil ediləcək. Bu cür araşdırmalar olarsa, “APA Holding” olaraq hər cür dəstə verməyə hazırıq”.

Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli dərs vəsaitini sanballı mənbə kimi dəyərləndirib. Onun sözlərinə görə, kitabın əhəmiyyətini artıran digər keyfiyyət informasiya resurslarını birləşdirən beynəlxalq jurnalist təşkilatları, onların yaranması, fəaliyyəti və müasir dövründən bəhs edilməsidir.

Kitabda beynəlxalq mətbuat mühiti haqqında sanballı bilgilərin əks olunduğunu qeyd edən M. Ələsgərli vəsaitin tələbələr üçün əsas istinad mənbələrindən biri olacağına inamını ifadə edib.

Kitabın müəlliflərindən professor Həmid Vəliyev bildirib ki, agentliklərin uğurlu fəaliyyəti əsas etibarı ilə kommunikasiya vasitələrindən, yeni texnologiyalardan necə istifadə edilməsindən asılıdır: “Kitabda haqqında əsas bəhs olunan beş beynəlxalq informasiya agentliyi ilə yanaşı, onların mənsub olduğu ölkələrin digər nüfuzlu agentliklərinin yaranma zərurəti və fəaliyyət prinsipləri də tədqiqata cəlb olunub. İnanıram ki, dünyanın və ölkəmizin xəbər agentlikləri, beynəlxalq jurnalist hərəkatı haqqında ilk tədqiqat əsəri olan bu dərs vəsaiti tələbələr, media sahəsində çalışan mütəxəssislər üçün yararlı mənbəyə çevriləcək”.

Kitabın digər müəllifləri Pərvanə İbrahimova və Vəfa İsgəndərova, “Modern.az” İnformasiya Agentliyinin rəhbəri Elşad Eyvazlı, əməkdar jurnalist Azər Həsrət və başqaları yeni nəşrin əhəmiyyətindən danışıb, onu qiymətli dərs vəsaiti kimi dəyərləndiriblər.

Qeyd edək ki, dərs vəsaitinin məsləhətçisi AZƏRTAC-ın baş direktoru Aslan Aslanov, elmi redaktorları professorlar Cahangir Məmmədli və Nəsir Əhmədli, rəyçiləri dosent Sabir Məmmədov və “APA Holding”in prezidenti Vüsalə Mahirqızı, redaktorları Anzulə Cəfərova və Nərminə Əsədovadır.