XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

21 İyul 2017 - 20:00

Nəşri dayanan tanınmış qəzetlər –Vaxtilə ölkənin media siması olmuş  KİV-lərin SİYAHISI

Sabah əsası “Əkinçi” qəzeti ilə qoyulan Milli Mətbuat Gününün 142-ci ildönümünü qeyd edirik. Bu tarixin 25 ilini müstəqil Azərbaycan mediasının səhifələri təşkil edir. Bu illər ərzində parlayıb sönən çox qəzet oldu. Bu qəzetlər bu gün çıxmasalar da adları yaddaşda qalıb. Son 25 il  ərzində Azərbaycanda populyarlıq qazanan, lakin müxtəlif səbəblərdən bağlanmaq məcburiyyətində qalan qəzetləri yada salmaq istədik. Yaxın keçmişdə ölkə mediasının simasına çevrilmiş həmin qəzetlər hazırda Ədliyyə Nazirliyinin reyestrində olsa da, dərc olunmur, qapanıb. Və bir daha çıxacaqlarına da güman yoxdur. Lakin bu qəzetlərin yetişdirdiyi jurnalist imzaları ölkədə peşəkar media ənənələrinin formalaşmasında öz töhfələrini verib.

Gəlin onları bir də  xatırlayaq:

“Azərbaycan” qəzeti – 1989-cu ildə nəşrə başlayan bu qəzet Azərbaycan müstəqil KİV-lərinin ilk qaranquşu sayılır. Xalq şairi Sabir Rüstəmxanlının baş redaktor olduğu qəzet o dövrün ictimai-siyasi həyatında böyük rol oynayıb.1992-ci ildə "Həyat" qəzeti ilə rəsmən birləşib və parlament qəzeti olub.

”Aydınlıq” qəzeti. 1990-cı ildə açılan “Aydınlıq” müstəqil mediamızın ilk qaranquşlarındandır. Baş redaktor tanınmış jurnalust  Babək Hüseynoğlu idi. İstedadlı qələm sahibləri Məmməd Nazimoğlu, Mahal İsmayıloğlu da “Aydınlıq”ın qurucularından idi. “Aydınlıq” mətbuata yeni forma və məzmun gətirən qəzetlərdən oldu. İlk məhkəməyə verilən müstəqil qəzet də “Aydınlıq” olub. 

”İstiqlal” qəzeti. 90-cı illərin əvvəlində Azərbaycan Sosial-Depokrat Partiyasının sabiq həmsədri Zərdüşt Əlizadə tərəfindən buraxılırdı. 
 
“Panorama” qəzeti. 1996-2000-ci illərdə gündəlik olaraq iki dildə (Azərbaycan və rus) çıxan bu qəzet media bazarında kifayət qədər nüfuz qazanmışdı. “Panorama”nın populyarlıq qazanması onun baş redaktoru Araz Zeynalovun əməyinin məhsulu idi. “Panorama”da medianın xeyli tanınmış imzası cəmlənmişdi. Həmin imzaların sahibləri indi müxtəlif yerlərdə çalışırlar, Araz müəllimin özü isə rusdilli “vesti.az” saytına rəhbərlik edir. 

“Bu gün” qəzeti. Azərbaycanın qəzet bazarına sürətlə daxil olan “Bu gün” 1996-2003-cü illərdə özünəməxsus mövqeyi, kəsəri ilə seçilirdi. Hətta bir dönəm tirajına görə bütün ciddi qəzetləri üstələyərək 28 min nüsxə ilə çap olunan “Bu gün”ün həmin rekordunu bundan sonra çətin ki, hansısa yazılı medıa orqanı qıra bilsin. “Bu gün”ün baş redaktoru Nəsib İsmayılov deyir ki, qəzeti bundan sonra nəşr etmək haqqında əsla düşünmür. 
 
”Press-fakt” qəzeti. 90-cı illərin sonu, 2000-ci ilin əvvəllərində nəşr olunan və az vaxtda media aləmində özünə yer tutan “Press-fakt” da mətbuata bir sıra tanınmış imzalar verib. Tanınmış jurnalist, indi AzTV-də çalışan Məqsəd Nurun təsis etdiyi “Press-fakt”ın yenidən işıq üzü görəcəyi yəqin baş verməyəcək.

Avropa” qəzeti. 2000-ci il fevral ayının 5-də yaradılan və 2003-cü ilin sonlarınadək çap olunan “Avropa” media bazarının sözü kəsərli qəzetlərindən idi. Həftəlik nəşr olunmasına baxmayaraq ciddi oxucu auditoriyası onun hər sayını maraqla qarşılayırdı. Fəxri Uğurlunun rəhbərlik etdiyi “Avropa” maliyyə probleminin qurbanı oldu.

”7 gün” qəzeti: 90-cı illərin sonu, 2000-ci ilin əvvəllərində Azərbaycanda uzun müddət geniş oxucu auditoriyası olmuş qəzetlərdən biri idi. Bu qəzetin sonradan rusca «7 dney» adlı nəşri də çap olunurdu. Amma indi həmin qəzetlər işıq üzü görmür. «7 gün»ün baş redaktoru Emin Eminbəyli rəhbərlik etdiyi qəzeti bağlayandan sonra bir müddət «Şəfa» stadionunun direktoru vəzifəsində çalışdı. Bu vəzifədən getdikdən sonra isə bizneslə məşğul olmağa başladı. Mətbuat sahəsi üçün bir o qədər də darıxmadığını deyən keçmiş baş redaktor Modern.az-a “mənim bir daha mətbuata qayıtmaq istəyim yoxdu” deyib.

”Rezonans” qəzeti. Tanınmış vəkil Adil İsmayılovun təsis etdiyi və Mehman Cavadoğlunun baş redaktoru olduğu “Rezonans” qəzetinin də bir populyar zamanı vardı. Açıldı, tanındı, oxundu, sonra da qapandı… Deyəsən birdəfəlik…

“Yeni yüzil” qəzeti. 2001-2002-ci illərdə tanınmış jurnalist Gündüz Tahirlinin baş redaktorluğu ilə dərc olunan “Yeni yüzil” cəmi altı ay yaşadı, amma tanındı, ciddi dairələrdə ciddi qəbul olundu. Qəzetdə tanınmış imza sahiblərindən ibarət yaxşı kollektiv yığılmışdı: Adil Qaçayoğlu, Etibar Cəbrayıloğlu, Afaq Vasifqızı, Müsəllim Həsənli, Qurban Yaquboğlu, Vüqar Bayramov, Vəfa Allahverdiyeva, Məmməd Süleymanov, Natiq Cavadlı, Aynur Camalqızı, Əfqan Qafarlı, Laura Cəbrayıllı, Faiq Novruzlu, Xatirə Qasımova, Səbuhi Məmmədli… Amma “Yeni yüzili”in yaşaması təkcə tanınmış imzalardan asılı deyilmiş…
 
”Avrasiya” qəzeti. Türkiyədə və Azərbaycanda tanınmış jurnalist İrfan Sapmazın buraxdığı bu gündəlik qəzetin də bizim media məkanında öz yeri və oxucusu vardı… 90-cı illərin sonu, 2000-ci ilin əvvəllərində çıxan “Avrasiya” bir sıra jurnalistlərin yetişməsi üçün məktəb oldu. 
 
“Dövran” qəzeti. Həftədə bir dəfə nəşr olunan “Dövran” iqtidaryönlü qəzet idi. 90-cı illərin sonu, 2000-ci ilin əvvəllərində nəşr olunan qəzetin baş redaktoru publisist, jurnalist Salman Vilayətoğlu idi. S.Vilayətoğlu 2009-cu ildə 47 yaşında dünyasını dəyişib.  
 
”Çağ” qəzeti. Baş redaktoru Bahəddin Həziyev olan bu qəzetlə bağlı məşhur qalmaqal yaddaşlardan silinməyib. Hüquq-mühafizə orqanlarının qəzet redaksiyasında apardığı araşdırma nəticəsində kompüterdən tapılan “Müxalifətin mitiniq taktikası” yazısı “Çağ”ın sıradan çıxmasının bünövrəsini qoydu. 

“Dedektiv” qəzeti. Mərhum jurnalist Elçin Səlcuqun nəşr etdirdiyi “Dedektiv” daha çox cinayət aləminin bizə qaranlıq məqamlarına işıq salırdı. Əvvəlcə “Dedktiv” bağlandı, üstündən bir neçə il sonra baş redaktor Elçin Səlcuq rəhmətə getdi….

“Millətin səsi” qəzeti. Həftədə br dəfə köşklərdə olan “Millətin səsi” tanınmış naşir Şahbaz Xuduoğlunun rəhbirliyi altında qısa vaxtda media məkanına səs sala bildi. Amma bu qəzetin ömrü çox da uzun sürmədi…

“Avtoritet” qəzeti. Tanınmış jurnalist İlqar Əlfioğlunun baş redaktorluğu ilə çap olunan “Avtoritet” “oğru dünyası”ndan yazdığı maraqlı materialları ilə qısa zamanda populyarlıq qazanmışdı. Qəzet geniş oxucu auditoriyası da toplaya bilmişdi. Hər şeyin bir zamanı olduğu kimi, “Avtoritet”in də zamanı oldu, keçdi və bağlandı….

“Günaydın” qəzeti. 90-cı illərin sonlarında çıxan bu qəzeti indi mətbuatda çalışan bir qrup jurnalist özləri üşün məktəb, onun o vaxtkı baş redaktoru Şahvələd Çobanoğlunu isə müəllimləri sayırlar. 

“Elita” qəzeti. 1996-2000-ci illərdə çıxan həftəlik ictimai-siyasi qəzet idi. 1998-99-cu illər qəzetin fəaliyyətində yüksəliş dövrü olub. Redaktor Məsiağa Məhəmmədinin rəhbərlik etdiyi kiçik kollektiv “Elita”nın qəzet bazarında duruş gətirməsinə nail ola bilsə də, sonradan maliyyə problemi bu mətbu nəşrin sıradan çıxmasıa səbəb oldu.

”Ulus” qəzeti. Fəaliyyəti dövründə bir neçə dəfə məhkəmələrə verilən, təsisçisi və başredaktoru həbs olunan “Ulus” qəzetini eks-spiker Rəsul Quliyevin maliyyələşdirdiyi bildirilir.

“Bizim əsr” qəzeti. Media Holdinq şirkətinin təsis etdiyi “Bizim əsr” həftəlik ictimai-siyasi qəzet idi. 1999-cu il may ayının 5-də yaradılmışdı. Media Holdinq şirkəti həm də “Lider” TV-nin təsisçisidir. “Bizim əsr” qəzeti burada çalışan bəzi jurnalistlər üçün “Lider” TV-yə keçmək üçün bir tramplin rolunu oynadı.

“Günay” qəzeti. İş adamı, Demokratik Sahibkarlar Partiyasının sədri Mahmud Məmmədovun təsis etdiyi “Günay” qəzeti böyük formatda (A2), rəngli çıxırdı. Qəzetin baş redaktoru indi ANS-də çalışan tanınmış jurnalist Orxan Fikrətoğlu idi. 

”Şans” qəzeti. 90-cı illərin sonunda açılan keçmiş bu qəzeti Dövlət Əmlak Komitəsinin sabiq rəhbəri Nadir Nəsibovun maliyyələşdirdiyi bildirilir. Tanınmış imza sahiblərinin cəmləşdiyi bu qəzetin ömrü çox da uzun sürmədi. Maliyyə problemi “Şans”ı da “yedi”. Qəzetin baş redaktoru tanınmış jurnalist Azər Hüseynbala olub.
 
“Teleskop” qəzeti. Baş redaktoru Zəminə Əliqızı, baş məsləhətçi Eldəniz Elgün
olan müstəqil qəzet 1999-cu ildən nəşr olunurdu. Bir il fəaləyyət göstərən “Teleskop” rekadsiyanın kollektivi arasında baş verən qalmaqaldan sonra qapadıldı.

“Gün səhər” qəzeti. 2005-ci ilin fevral ayında yaradılıb. Tanınmış jurnalist, “Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyevin təsis etdiyi “Gün səhər” də uzun müddət yaşamadı. Amma mətbuat aləmində adından söz etdirə bildi.

“Monitor” jurnalı. Rus dilində həftəlik ictimai-siyasi jurnal olan “Monitor” 2000-ci ildə yaradılıb. Jurnal ayrı-ayrı məmurlar barədə kəskin yazıları ilə fərqlənirdi. 2005-ci ildə “Monitor” çapını dayandırıb. Buna səbəb baş redaktor Elmar Hüseynovun həmin ilin martında öz evinin qarşısında güllələnərək qətlə yetirilməsi oldu.

”Gündəlik Azərbaycan” qəzeti. 2005-ci ilin avqust ayında təsis edilən qəzet 2007-ci ilin may ayınadək nəşr olunub. Səs-küylü məqalələri ilə yadda qalan, qanqster Hacı Məmmədovun heç yerdə dərc olunmayan şəkillərini verən “Gündəlik Azərbaycan” bir sıra dairələri əməlli-başlı silkələyə bilmişdi. 2007-ci ilin mayında təsisçi və baş redaktor Eynulla Fətullayevin həbsi ilə “Gündəlik Azərbaycan”ın da nəşri dayandı.

 

”Xəzər” qəzeti. 2005-ci ilin mayında fəaliyyətə başlayan bu qəzetin baş redaktoru BBC-nin Azərbaycan xidmətinin sabiq rəhbəri İslam Atakişiyevdir. Qəzet bir il gündəlik nəşr olundu, sonradan həftəliyə keçdi. 2009-cu il aprelin 1-də “Xəzər”i bağladılar. Amma onun rus dilindəki variantı – “Kaspiy” indi də çıxır. Həm də gündəlik…

”Milli yol” qəzeti. “Milli yol”u 2010-cu ildə avtomobil qəzasında dünyasını dəyişən mərhum jurnalist Şahin Ağabəyli buraxırdı. Onun ölümündən sonra bu müxalifətyönlü qəzet də fəaliyyətini dayandırdı. 

Elçin Şıxlinskinin rəhbərlik etdiyi “Ayna-Zerkalo” qəzetini də bu siyahıya əlavə etmək olar. Azərbaycanın peşəkar jurnalist ənənələrinin yaranmasında, parlaq imzaların tanınmasında bu qəzet misilisiz rol oynayıb.

Bu qəzetlər bu gün yoxdur, amma izi hələ uzun illər qalacaq!
 

P.S. Yazıda Modern.az saytının arxiv yazılarından istifadə edilib.