“Təəssüf ki, jurnalistlərin sırasında bu peşəyə xələl gətirənlər də var. Bəzi jurnalistlər Azərbaycan dövlətinə də xələl gətirir, ləkə olur, anti-Azərbaycan fəaliyyətinə dəstək verirlər”.
Strateq.az xəbər verir ki, bunu bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 22 iyul Milli Mətbuat Günü münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.
Ə.Həsənov deyib ki, iyulun 20-də Azərbaycan prezidenti İlham Əliyevlə jurnalistlərin görüşü keçirilib: “Dövlət başçısının proqram xarakterli çıxışı uzun müddət medianın stolüstü kitabına çevriləcək. Prezident həqiqəti yazmağı, Azərbaycanın milli maraqlarının daxildə və xaricdə qorunması ilə bağlı siyasətə dəstək verməyi, anti-Azərbaycan təbliğatına qarşı mübarizə aparmağı tövsiyə etdi. Bütün bunlar bütün jurnalistlərin ürəyincədir. Təəssüf ki, jurnalistlərin sırasında bu peşəyə xələl gətirənlər də var. Bəzi jurnalistlər Azərbaycan dövlətinə də xələl gətirir, ləkə olur, anti-Azərbaycan fəaliyyətinə dəstək verirlər”.
Azərbaycan prezidentinin köməkçisi jurnalistlər üçün tikilən ikinci binada 255 jurnalistin mənzil sahibi olduğunu xatırladıb: “Dövlət başçısı həmin jurnalistlərlə görüşdən böyük təəssüratla qayıtmışdı. 255 mənzil bütün jurnalistlərin ehtiyacını ödəmir. Lakin adını jurnalist qoyan üzdəniraq insanlar ev bölgüsü ilə məşğul olan komissiyanın fəaliyyətinə kölgə salmağa, ev alan jurnalistlərin haqqını, ehtiyacını inkar etməyə çalışırlar. 255 jurnalist arasında aktiv olanlar öz haqlarını müdafiə edir. İnanıram ki, onların arasında passiv olanlar da fəallıq göstərəcəklər. Həmin qrup arasında ev almaq üçün adlarındakı mənzili başqalarının adlarına keçirənlər, jurnalist stajlarını yalandan artıranlar, hətta 12-13 yaşlarından əmək fəaliyyəti ilə məşğul olduğu barədə əmək kitabçasına yalandan staj yazdıranlar da var. Təəssüf ki, bir sıra veteran jurnalistlərə, bu gün fəaliyyət göstərən və ehtiyacı olan jurnalistlərə ev ayıra bilmədik. Onlar növbəti binada mənzillə təmin olunmaq üçün saxlanılıb. Çox təəssüf ki, həmin qrup katibələrə ev verildiyini deyirlər, siz də cavab vermirsiniz. Yaxud KİVDF-də Komissiyada çalışanlardan birinin ev alması haqqı yoxdur? Yaxud Milli Televiziya Şurasının bir üzvünə ev ayrılıb. O insanlar da mətbuatın problemi ilə məşğul olurlar. O cümlədən mətbuat xidmətlərində çalışanlardan cəmi 5 nəfərə ev ayrılıb. O insanlar da sizin kimi 500 manat maaş alır, onların da haqqı var”.
Ə.Həsənov jurnalistlər üçün üçüncü binanın 2019-cu il iyulun 22-də istifadəyə verilməyə çalışacaqlarını söyləyib: “Dövlət başçısı 2020-ci ilə qədər üçüncü binanın tikintisinin başa çatdırılmasını tapşırdı. İnanıram ki, biz 2 ilə buna nail olacağıq. Bu mümkün olmasa da, 2020-ci ildə mütləq üçüncü bina istifadəyə veriləcək”.
Əli Həsənov "Adını jurnalist qoyan üzdəniraq insanlar ev bölgüsü ilə məşğul olan komissiyanın fəaliyyətinə kölgə salmağa, ev alan jurnalistlərin haqqını, ehtiyacını inkar etməyə çalışırlar" deyərkən, konkret kimi və ya kimləri nəzərdə tutduğunu açıqlamasa da, bölgüdən kənarda qalan narazılar öz etirazlarını sosial şəbəkələrdə açıq şəkildə ifadə edirlər. Məsələn, ev bölgüsü ilə bağlı qalmaqalın yaşandığı KİV-lərdən biri də hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi mətbu orqanı olan “Yeni Azərbaycan” qəzetidir.
Qəzetin əməkdaşı Səlim Babayev ev bölgüsündən kənarda qalmasına sərt etiraz edib və deyilənə görə, hətta öz rəhbərliyini intihar edəcəyiylə hədələyib.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu isə işçisinin bu hərəkətinə dözməyib, ona çox sərt şəkildə reaksiya verib. O, sosial şəbəkədə paylaşdığı yazısında Səlim Babayevi təhdid və şantaja əl atmaqda, jurnalist olmamaqda və mənzil siyahısına düşmək üçün bir müddət öncə özünə məxsus evi özgəninkiləşdirərək komissiyanı aldatmağa cəhddə, yəni, faktiki olaraq, dələduzluq etməkdə suçlayıb.
Strateq.az H.Babaoğlunun sözügedən yazısını təqdim edir:
“Bugünlərdə Azərbaycan milli mətbuatının tarixində mühüm hadisə baş verdi – 255 həmkarımız Azərbaycan mətbuatının böyük hamisi və böyük dostu Prezident İlham Əliyev Sərəncamına əsasən inşa edilmiş binada ev almaq xoşbəxtliyinə nail oldu. Bu hadisə Azərbaycan mediasının inkişafı üçün yeni keyfiyyət dəyişikliyi yaradır, eyni zamanda media mənsublarımızın mənzil-məişət problemlərinin həlli istiqamətində atılan növbəti böyük addımdır.
Heç şübhəsiz ki, ən layiqli namizədlərin müəyyənləşdirilməsi üçün obyektiv meyarlar təyin edilmişdi və tələblərə uyğun gələn siyahı tərtib olunmuşdu. Nəticədə xeyli sayda həmkarımız rahat, işıqlı mənzillərə qovuşdu.
Ancaq təəssüf ki, obyektiv və əsaslı meyarlara uyğun olmayan bəzi həmkarlarımız bu məsələ ilə manipulyasiya etməyə başlayıblar. Onlar bu böyük hadisənin əhəmiyyətinə kölgə salmağa, öz maraqları ödənilmədiyi üçün ev almağa layiq olan, xidməti və haqqı çatan həmkarlarını da gözdən salmağa çalışırlar.
Onlardan biri – “Yeni Azərbaycan” qəzetinin əməkdaşı, 2009-cu ildən qəzetimizdə kommersiya direktoru vəzifəsində çalışan reklam meneceri Səlim Balayev də sosial şəbəkələrdə qeyri-ciddi tələblər irəli sürür, təhdid və şantaj yolu ilə öz məqsədinə nail olmağa cəhd göstərir.
Vəzifəsindən göründüyü kimi, Səlim Balayev «Yeni Azərbaycan» qəzetinin kommersiya direktorudur və uzun illərdir qəzetdə yerləşdirilən bütün reklamlardan müvafiq faiz alaraq ən çox gəlir götürən əməkdaşlardan biridir. Yaradılmış şərait onun yaxşı maddi və sosial təminatı üçün tam yetərli hesab oluna bilər.
Qeyd edim ki, Səlim Balayev də digər əməkdaşlar kimi ev almaq üçün həm redaksiyaya, həm KİVDF-yə müraciət etmişdi. Ancaq bizə məlumdur ki, o, uzun müddətdir Bakı şəhərində ona məxsus olan mənzildə yaşayır. Müvafiq siyahıya düşmək məqsədilə bir müddət öncə özünə məxsus evi özgəninkiləşdirib və özünü mülkiyyəti olmayan şəxs kimi təqdim etməyə çalışıb. Redaksiyada bu yolun düzgün olmadığı və belə metodlarla ev ala bilməyəcəyi ona izah olunub. Həm də qeyd edilib ki, onun fəaliyyəti jurnalistika, yaradıcılıq sahəsindən uzaqdır və komissiya tərəfindən müəyyən edilmiş meyarlara cavab vermir. Nəticə etibarilə Səlim Balayevin namizədliyi meyarlara uyğun gəlmədiyi üçün onun adı ev alacaq jurnalistlərin siyahısına daxil edilməyib.
Hazırda prosesin nəticəsi ilə razı olmayan, haqqının pozulduğunu düşünən Səlim Balayev sosial şəbəkələrdə narahatlığa səbəb olacaq iddialar irəli sürməyə başlayıb.
Məlumat üçün bildiririk ki, iyulun 20-də istfadəyə verilən Jurnalistələrin binasından qəzetimizin üç əməkdaşına – 1996-cı ildən «Yeni Azərbaycan» qəzetində çalışan Arif Əsədova, 1999-cu ildən mətbuat sahəsində işləyən və 2007-ci ildən qəzetimizdə çalışan Pərviz İsmayılova və 2002-ci ildən qəzetimizdə çalışan Aqşin Hümmətova ev verilib. Hər üç şəxs ev almaq üçün mövcud meyarlara cavab verir.
Əlbəttə ki, hər bir jurnalistin ev alması çox yaxşı olar və Prezidentimiz cənab İlham Əliyev tərəfindən həyata keçirilən media siyasəti, jurnalistlər üçün yaşayış binalarının tikiməsi də bu məqsədə xidmət edir. Düşünürük ki, bu siyasət önümüzdəki illərdə hələ bir çox həmkarımızın mənzil şəraitinin yaxşılaşdırılmasına səbəb olacaqdır.
Arzu edirik ki, həmkarlarımız bu reallığı düzgün qiymətləndirsinlər və növbəti illərdə mənzillə təmin olunmaq üçün hüquqi və obyektiv zəmin formalaşdırsınlar ki, onlar da dövlətimizin diqqət və qayğısından yararlana bilsinlər”.
Qeyd edək ki, oxşar qarşıdurmalar əksər hökumət KİV-lərində, xüsusən də televiziyalarda yaşanır.
Strateq.az