XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 December 2015 - 21:30

Mehman Cavadoğlu – 60-a çatdı

mehman-c.jpg

Strateq.az xəbər verir ki, bu gün tanınmış jurnalist Mehman Cavadoğlunun 60 yaşı tamam olur. Yubileyarı ad günü münasibətilə ADR Hərəkatının sədri Qubad İbadoğlu təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli Mehman bəy!

1990-cı illərin əvvələrində yaranmış müstəqil Azərbaycanın çağdaş jurnalistikası özünün müstəqilliyi və kəsərliliyi ilə bir etalon kimi xatırlanırsa, bu, həm də Sizin adınızla bağlıdır. çalışdığınız, rəhbərlik etdiyiniz mətbuat orqanları hər zaman özünün obyektivliyi, cəsarəti və nüfuzu ilə fərqlənib.  “Sovet kəndi”, 1990-cı il 20 yanvar hadisələrindən sonra qeyri-leqal şəkildə nəşr olunan “FV-çP”,  1991-92-ci illərdə “Müxalifət” qəzetlərindəki fəaliyyətiniz böyük jurnalistikada uğurlarınız üçün möhkəm və əsaslı təməl rolunu oynayıb. Baş redaktoru olduğunuz “Həyat” (1992), “Azərbaycan”(1992-1993), “Rezonans” (1996-1998) kimi nüfuzlu qəzetlər məhz Sizin təşkilatçılıq, obyektiv, cəsarətli mövqeyinizə görə oxucu kütləsi içərisində sevilmişdir. O da təsadüfi deyildir ki, Sizin mətbu fəaliyyətiniz oxucular, vicdanlı qələm sahibləri tərəfindən qiymətləndirilərək, bir çox mükafatlara (Qızıl qələm” və “Müstəqillik dövrünün jurnalisti”, “Media açarı”) layiq görülmüşdür.

Siz öz siyasi fəaliyyətinizdə də hər zaman vətəndaş mövqeyindən, xalq  və dövlət maraqlarından çıxış etmisiniz. İstər AXC Ali Məclisində, istərsə də Müsavat Partiyasının rəhbərliyindəki uzun illik fəaliyyətiniz zamanı Azərbaycanın demokratikləşməsi, səadət və firavanlığı üçün ardıcıl və dönməz bir mübariz kimi tanınmısınız. Bu gün bu mübarizəni ADR sıralarında şərəflə davam etdirirsiniz.

Hörmətli Mehman bəy, Sizi 60 yaşınızın tamam olması münasibətilə çoxsaylı ADR Hərəkatı üzvləri və öz adımdan təbrik edir, cansağlığı, xoşbəxtlik və uğurlar diləyirəm. İnanıram ki, bundan belə də demokratik mübarizə yollarında birgə addımlayacağıq”.

Təbrikə Strateq.az-ın kollektivi də qoşulur