XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

31 Oktyabr 2014 - 10:09

“Hələ də bəzi icra hakimiyyəti qurumlarında ictimai şuralar yoxdur”

sahib qht.jpg

2013-cü ildə Milli Məclisdə “İctimai iştirakçılıq” haqqında Qanun layihəsi qəbul olundu. Qanunun məqsədi Azərbaycan Respublikası vətəndaşlarının dövlətin idarə olunmasında iştirak etmək hüququnun ictimai iştirakçılıq formasında gerçəkləşdirilməsi üçün təminatlar yaratmaqdır.

Qanunda əksini tapan İctimai Şura müvafiq icra hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının yanında yaradılan məşvərətçi qurumdur, səlahiyyət müddəti isə 2 ildir. İctimai Şura qanunla müəyyən edilmiş tələblər nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi əsasnaməyə uyğun olaraq vətəndaş cəmiyyəti institutu tərəfindən seçilir. 18 yaşına çatmış, seçki hüququna malik hər bir vətəndaş İctimai Şuranın üzvü ola bilər

“İctimai İştirakçılıq” haqqınd” Qanunun təşviqi mövzusunda “Vətəndaşların əmək hüquqları” Liqasının sədri Sahib Məmmədovla həmsöhbət olduq.

– Sahib bəy, “İctimai iştirkaçılıq” haqqında Qanunun qəbul olunmasının praktik əhəmiyyəti nədən ibarətdir?

– Sözügedən qanun qəbul olunmamışdan öncə bizim bəzi mərkəzi icra hakimiyyəti orqanları qeyri-hökumət təşkilatları ilə davamlı əməkdaşlıq üçün müəyyən ictimai komitələr, şuralar yaradırdı. Bu məsələ Prezidentin imzaladığı sərəncamıla qüvvəyə minən “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda yer alıb. Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin rəhbərliyi ilə hazırlanan “İctimai iştirakçılıq” haqqında qanun layihəsi Milli Məclisdə qəbul olundu. Bununla da qanunverici əsas yarandı. Bu qanun vətəndaş cəmiyyəti qurumlarının qərarların qəbul olunmasında iştirak formalarını müəyyən edir. Orada iştirakın iki forması var.

Birinci, permanet, yəni davamlı. Bu formada mərkəzi və yerli icra hakimiyyətində, bələdiyyələrin yanında İctimai Şuralar yaradılır və şuranın üzvləri iki illik müddətə seçilir.

İkincisi, ictimai rəyin öyərnilməsi. Bura sorğuların keçirilməsi, ictimai dinləmələr aiddir. Bunlar birdəfəlik proseslərdir.

Məsələn, mən bir neçə hökumət qurumunun nəzdində yaradılmış İctimai Şuranın üzvüyəm. Ədliyyə Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Prezident yanında İnnovasiyalar və Əhaliyə Xidmət üzrə Dövlət Agentliyinin yanında İctimai Şuranın üzvüyəm. Hansısa normativ sənəd hazırlanırsa, bizim rəyimiz alınır. Hətta biz özümüz layihələr hazırlayırıq. “İctimai İştirkaçılıq” haqqında qanunun qəbul olunmasının praktik əhəmiyyəti də bax budur

– Bu qanun qəbul olunana qədər onun tətbiqi dairəsinə aid olan sahələrdə münasibətlər necə tənzimlənirdi? Hansı problemlər meydana çıxırdı?

– Buna qədər bəzi mərkəzi icra hakimiyyəti orqanları ictimai komitələr yaratmışdı. Məsələn, Ədliyyə Nazirliyində 9 il fəaliyyət göstərən ictimai komitə var idi. Eləcə də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də ictimai komitə fəaliyyət göstərirdi. Amma əksər qurumlarda ictimai komitələr yox idi. Qanunverici əsas olandan sonra İctimai Şuraların yaradılması halları çoxaldı. Amma indi də bəzi icra hakimiyyəti qurumlarında İctimai Şura yoxdur. Qanunun tam tətbiq olunmaması təəssüf doğurur. ümid edirəm ki, bu proses yaxın gələcəkdə başa çatacaq.

– Qanun vətəndaş cəmiyyəti institutlarının inkişafı üçün hansı imkanlar açır?

– Bu, Qeyri Hökumət Təşkilatlarının (QHT) peşəkarlaşmasına, potensialının inkişaf etdirilməsinə kömək edən bir məsələdir. QHT-lər o zaman effektiv fəaliyyət göstərir ki, onlar həyata keçirdiyi fəaliyyətlərdə hansısa bir dəyişikliyə gətirib çıxara bilir. Bu da yaxşı bir alətdir. Məsələn, QHT hər hansı bir layihə icra edir, müəyyən təkliflər irəli sürür, amma onun layihəsi və təklifləri müfaviq qurum tərfindən nəzərə alınmır. Ona görə də, İctimai Şuraların olması və bura üzv olmaq imkan verir ki, layihələrin və təkliflərin nəzərə alınsın. Sənin fikirlərin normalarda, qanunda və digər hüquqi aktlarda yer alır. Bu da müsbət haldır. Odur ki, qanun vətəndaş cəmiyyəti institutlarının inkişafı üçün imkanlar yaradır.

– Gənclərin ölkənin ictimai həyatında aktiv iştirakının təmin olunmasında bu qanunun rolunu necə görürsünüz?

– öncə vurğuladığım kimi sözügedən qanunvericilik ölkədə QHT-lərin aktiv iştirakını stimullaşdıran məsələdir. ölkənin ictimai-siyasi həyatı nədir? Qanunlar hazırlanır, vətəndaşların maraqlarına toxunan layihələr həyata keçirilir, sosial proyektlər və dövlət proqramları icra olunur. Bunların hər birində QHT-lər bu və ya digər şəkildə cəlb olunmaqla onlar ictimai-siyasi proseslərinə qatılırlar və prosesin iştirakçısına çevrilirlər. Nəticədə əhalinin böyük hissəsini təşkil edən təbəqənin mənafeyləri nəzərə alınmış olur. Mən demirəm ki, bu tam effektiv olacaq, amma başlanğıc üçün xeyrli dəyişikliklər gətirəcək.

– Bu sahədə Azərbaycanda hələ tətbiq olunmayan beynəlxalq təcrübə nədən ibarətdir?

– “İctimai iştirakçılıq” haqqında Qanun modern qanundur. Bizim təcrübəmiz artıq beynəlxalq təcrübəyə çevrilib. Bundan bəhrələnənlər var. Amma bu o demək deyil ki, ölkələrlə hansısa əməkdaşlıq çərçivəsi yox idi və s. Sözügedən qanun hazırlananda dünyada əməkdaşlıq təcrübəsi öyrənilib. Dünyada müxtəlif modellər var. Prezidentin yaxın günlərdə imzaladığı sənəd imkan verir ki, Azərbaycanın icra hakimiyyəti orqanları QHT-lərə sifariş və qrant verə bilsin. Vətəndaş cəmiyyəti olaraq məqsədimiz odur ki, dövlət orqanları öz yükünü azaltsınlar. O işlər ki, sosial xarakterlidir, tenderlər və sifarişlər vasitəsi ilə QHT-lərə verilsin. Və bu da şəffaf əsaslarla həyata keçirilməldir. Təssüf ki, indi hər zaman belə deyil.

“Bizim Yol” qəzeti