XƏBƏR LENTİ

30 Sentyabr 2020

Digər Xəbərlər

23 Dekabr 2015 - 08:04

«Azərbaycantelefilm» Yaradıcılıq Birliyinin kollektivi bəyanat verib

azvt beyanat.jpg

Bu gün Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin «Azərbaycantelefilm» Yaradıcılıq Birliyinin kollektivi bəyanatla çıxış edib.

Strateq.az–a daxil olan bəyanatda deyilir: “Son vaxtlar rejissor Şahəddin Eyvazov qəzet və saytlarda dəfələrlə məktub vasitəsilə ölkə başçısı, möhtərəm prezidentimiz İlham Əliyev cənablarına müraciət edərək, guya Azərbaycan televiziyasından qanunsuz çıxarıldığını iddia edir və yenidən işə bərpa olunmasında ona köməklik etməsini xahiş edir. Əslində həqiqət tamam başqa cürdür. Şahəddin Eyvazov 24 fevral 2010-cu il tarixində öz ərizəsi ilə işdən gedib. Onun öz əli ilə yazdığı ərizə Kadrlar və Xüsusi İşlər Departamentinin arxivində saxlanılır. üstündən beş il keçdikdən sonra, Şahəddin Eyvazovun yenidən işə qəbul olunmaq istəyi həyata keçmədiyindən, iki gündən bir televiziya rəhbərliyinin, eləcə də «Azərbaycantelefilm»in direktorunun adlarını vaxtaşırı qəzet səhifələrində hallandırması onun iddialı hikkəsindən başqa bir şey deyildir. Belə ki, Şahəddin Eyvazovun özünün yazdığı kimi, əgər doğrudan da o, özünü böyük rejissor hesab edirsə, nəyə görə bu illər ərzində özünə başqa telekanallarda iş tapa bilməyib? Bu gün ölkə teleməkanında onlarla televiziya kanalı fəaliyyət göstərir. Və bu kanalların hər biri öz işinin peşəkarını, xüsusilə də istedadlı rejissoru gündüz vaxtı çıraqla axtarır. Görünür, heç kəs özünün sinəsinə yalnız mətbuat səhifələrində «mən-mən» deyərək döyən bir rejissorla işləmək istəmir.

Şahəddin Eyvazov yazır ki, 200-dən çox filmi dublyaj edib. Əslində, bu rəqəm şişirdilmişdir. Onun dublyaj etdiyi filmlərin sayı 50-dir. özü də həmin bədii filmləri o, bu gün özünün düşməni hesab etdiyi Siyavuş Məmmədovun «Kinoproqram» redaksiyasında baş redaktor kimi fəaliyyət göstərdiyi dövrdə, onun Şahəddin Eyvazova yaratdığı şərait nəticəsində dublyaj etmişdir. çox təəssüf ki, Şahəddin Eyvazov kimi iddiası ilə imkanı üst-üstə düşməyən insanlar, özləri-özlərinə problem yaradırlar və bu problemin səbəblərini isə başqalarında axtarırlar. çox təəssüf!

Bu gün Azərbaycan televiziyasında yaradılan şərait nəticəsində onlarla yaradıcı peşəkar öz daxili potensialını nümayiş etdirmək imkanı qazanmışdır. «Azərbaycantelefilm» Yaradıcılıq Birliyində yüksək peşəkarlıqla istehsal olunan sənədli televiziya filmləri, dublyaj olunan onlarla bədii və sənədli filmlər vaxtaşırı Azərbaycan televiziyasında nümayiş olunur. Ş.Eyvazovun məntiqsiz iddiaları isə «Azərbaycantelefilm» Yaradıcılıq Birliyinin kollektivinin işinə kölgə sala bilməz.

Məşhur kəlamda deyildiyi kimi, üç cür rejissor var: ağıllı, istedadlı və əksəriyyət. Allah bizi bu cür əksəriyyətlərdən qorusun!

Siyavuş Məmmədov – «Azərbaycantelefilm» Yaradıcılıq Birliyinin direktoru, əməkdar jurnalist

Yaqub Əlioğlu baş redaktor

Salar Aslanov baş redaktorun müavini

Zahid İsmayılov baş rejissor, əməkdar mədəniyyyət işçisi

Miri Rzayev, Mikayıl Nəsirov, Murad Quliyev rejissorlar

Adil Abbasov baş operator, əməkdar mədəniyyət işçisi

Elşən Bədəlov, Elxan Rüstəmov operatorlar

Rəşad Mustafayev baş səs rejissoru

Ceyhun Ağayev səs rejissoru

Qafur Sədiyev, Əliabbas Qasımov assistentlər

Valeh Həsənli, Sahib Heydərov film direktorları