XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

23 Dekabr 2015 - 12:30

KİVDF 113 jurnalisti mükafatlandırdı
 

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsində ikinci və üçüncü yeri tutan qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. 

Mərasimdə Fondun icraçı direktoru Vüqar Səfərli çıxış edərək məlumat verib ki, 2015-ci ildə KİVDF tərəfindən ayrıca və digər qurumlarla birgə bir neçə müsabiqə keçirilib. Bugünkü yazı müsabiqəsinə 60 media orqanından ümumilikdə 156 yazı təqdim olunub. Hər istiqamət üzrə 6 qalib seçilib. ümumilikdə 113 jurnalist mükafatlandırılıb. Vüqar Səfərli müsabiqəyə təqdim olunan yazıların qiymətləndirilmə mexanizmi və yazıların səviyyəsi barədə də danışıb. Hansı media orqanından daxil olmasına baxmayaraq, ən yaxşı yazıların mükafatlandırıldığını bildirib. Vüqar Səfərli müsabiqədə birinci yerin qaliblərinin mükafatlandırılması mərasiminin isə, dekabrın 27-də “Altunsaray” restoranında təntənəli bayram tədbiri ilə birlikdə keçiriləcəyi haqda məlumat verib.
 
Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Azərbaycan jurnalistlərinə dövlətin qayğı göstərdiyini bildirib. Ə.Amaşov jurnalistlərin müsabiqə yazılarında orijinallığa, araşdırmaya üstünlük verməsinin məqsədəuyğun olduğunu ifadə edib. 
 
Müsabiqəyə təqdim olunmuş yazıların qiymətləndirilməsində iştirak etmiş ekspertlərin də bəziləri tədbirdə çıxış edib. Ekspertlər Rəşad Məcid, Vüqar Rəhimzadə, Müşfiq Ələsgərli, Elçin Mirzəbəyli yazıların müsbət və çatışmayan tərəflərindən danışıblar. Jurnalistləri tövsiyələrini veriblər.    
 
Tədbirdə qeyd edilib ki, KİVDF media nümayəndələri arasında sağlam rəqabətin daha da gücləndirilməsi, yekun nəticələrdən daha çox jurnalistin faydalanması imkanının yaradılması baxımından mövcud müsabiqə qaydalarına bəzi əlavə və dəyişikliklər edib. Müsabiqə mövzuları jurnalistlərin özləri tərəfindən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında nəzərdə tutulmuş 19 istiqamət əsasında, sərbəst şəkildə müəyyənləşdirilib.
 
Tədbirdə KİVDF-nin 2009-2015-ci illərdə keçirdiyi fərdi jurnalist yazıları müsabiqələrində qalib olmuş ən yaxşı yazıların əksini tapdığı “Sözün zirvəsində” adlı kitabın təqdimatı da keçirildi. Kitab KİVDF tərəfindən hazırlanıb.