Həmkarlar İttifaqının qərarı ilə Yunanıstanın bütün kütləvi informasiya vasitələri (KİV) 24 saatlıq tətil edir.
Bu addımla əlavə sosial sığorta sisteminin saxlanması, KİV əməkdaşlarının əmək və sosial hüquqlarının pozulmasının dayandırılması tələb olunur.
Beləliklə, sentyabrın 27-si səhər saat 06:00-dək radio və televiziyalarda xəbər buraxılışı olmayacaq, saytların əksəriyyəti işləməyəcək.
Həmkarlar İttifaqının bəyanatında bildirilir ki, əlavə sığorta və yardım üzrə vahid jurnalist təşkilatı – EDOEAP-ın saxlanması üçün hökumət və işəgötürənlərlə bir il davam edən danışıqlar nəticə verməyib. Bu fondun sayəsində jurnalistlər əlavə pensiya, zərurət yarandığı halda birdəfəlik maliyyə yardımı, tibbi sığorta alırdılar.
Son illərdə maliyyə böhranı səbəbindən fond çətinliklər yaşayır və onun saxlanması üçün vəsait lazımdır.
Həmkarlar İttifaqı bildirir ki, işəgötürənlər fondun işinə mane olur və EDOEAP-a ödəniş etmirlər. Digər tərəfdən, hökumət məsələ ilə əlaqədar qərar qəbul etmir.
Tətil edən KİV əməkdaşları mətbuat azadlığı da tələb edirlər/Trend.