XƏBƏR LENTİ

05 İyun 2020

Digər Xəbərlər

29 Sentyabr 2017 - 18:20

“Turan” İnformasiya Agentliyi fəaliyyətini bərpa edir –Agentlik açıqlama yaydı

"Turan" İnformasiya Agentliyi oktyabrın 1-dən etibarən, fəaliyyətini bərpa edir.

Strateq.az xəbər verir ki, bu haqda agentliyin özü məlumat yayıb.

Məlumatda deyilir:

"Əziz oxucularımız və abunəçilərimiz, bildiyiniz kimi, agentlik sentyabrın 1-dən etibarən öz işini əhəmiyyətli dərəcədə dayandırmaq məcburiyyətində qalmışdı. Bu, Vergilər Nazirliyinin uydurma vergilərdən yayınma ittihamı ilə cinayət işi açmasının və agentliyin direktoru Mehman Əliyevin həbsinin nəticəsi idi. 2017-ci ilin avqust-sentyabr aylarında Turan 27 illik tarixində ən çətin dövrünü yaşadı, amma onun da öhdəsindən gəldi.

Bununla bağlı ətraflı məlumat hələ yazılacaq, amma bu gün əminliklə deyə bilərik ki, söz azadlığını boğmağa müvəffəq olmadılar.

İctimaiyyətin – siyasi və ictimai xadimlərin, parlament deputatlarının, ziyalıların, jurnalist həmkarlarımızın və sadəcə sıravi vətəndaşların hamılıqla dəstəyi olmasaydı, bu, mümkün olmazdı.

Beynəlxalq təşkilatların və ilk növbədə dəstəyin əlaqələndiricisi missiyasını öz üzərinə götürən "Sərhədsiz Reportyorlar"ın geniş və fəal dəstəyi olmasaydı, "Turan" "sağ qala" bilməzdi.

Beynəlxalq koalisiyaya daxil olan onlarla hüquq müdafiə və jurnalist təşkilatları da bizim müdafiəmiz üçün səsini yüksəltdi. Azərbaycanın mühacirətdə olan fəalları da öz imkanları daxilində bizə əllərindən gələn dəstəyi göstərdilər, müxtəlif instansiyalarda söz azadlığı məsələlərini qaldırdılar.

ABŞ Dövlət Departamentinin, Norveç, Fransa, Böyük Britaniya XİN-lərinin, Avropa İttifaqının, Almaniya Ombudsmanının mövqeyini qeyd etməsək, olmaz.

Avropa Şurasının baş katibi Tornbyorn Yaqlandın və ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Arlem Dezirin, Avropa Şurasının Azərbaycan üzrə məruzəçiləri Stefan Şennak və Sezar Predin şəxsi addımlarını qeyd edirik. Sərt və prinsipial mövqe tutan Amerika konqresmenləri və senatorları – Makkeyn, Smit, Makqovern, Durbin, Rubio, Oyerə xüsusi minnətdarlığımızı bildiririk.

Hörmətli oxucular, "qara sentyabr" geridə qaldı və ümid edirik ki, agentliyin işində qalan digər problemlərə də onunla birlikdə son qoyulacaq. İnanırıq ki, uydurma cinayət işi bağlanacaq. Bu inamla oktyabrın 1-dən işimizi əvvəlki həcmdə bərpa edirik.

Bizimlə birlikdə olan hər kəsə təşəkkürlər!"