XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Oktyabr 2017 - 15:41

Vergilər Nazirliyi:““Turan”a qarşı cinayət araşdırması davam edir”

Vergilər Nazirliyi Turan İnformasiya Agentliyinə bir müddət əvvəl agentlik barəsində açılmış cinayət işinin davam etdirildiyi haqqında məlumat göndərib.

Nazir müavini Namiq Əliyevin imzaladığı, 26 sentyabr tarixli məktub oktyabrın 2-də agentliyə daxil olub.

Məktubda həmçinin qeyd edilir ki, agentliyin direktoru Mehman Əliyevə qarşı həbs qətimkan tədbiri sentyabrın 11-də "başqa yerə getməmə" qətimkan tədbiri ilə dəyişdirilib, bu da ölkədən çıxma qadağası deməkdir. Məktub agentliyin Vergilər Nazirliyinin qanunsuz əməllərinə qarşı şikayəti üzrə sentyabrın 27-də keçirilən məhkəmə iclasından bir gün əvvəl tərtib edilib. Məlum olduğu kimi, avqustun 7-də Bakı Lokal Vergilər Departamenti 31 iyul 2014-cü il tarixindən 31 iyul 2017-ci il tarixinə qədər olan dövrdə agentliyin 26 907 manat vergi ödənişindən yayınması və təxminən 10 000 manat cərimə tətbiq edilməsi haqqında qərar çıxarıb. Agentlikdən tələb olunan ümumi məbləğ təxminən 37 000 manat təşkil edib. Agentlik bu qərarı qanunsuz hesab edib və avqustun 14-də 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə iclası sentyabrın 27-nə təyin edilib və tərəflərin iştirakı ilə keçirilib.

Avqustun 8-də artıq Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti faktla bağlı səyyar yoxlamaya başlayıb. Bununla paralel olaraq agentliyə qarşı cinayət işi açılıb.

Elə həmin departament avqustun 16-da 2014-2017-ci illər üçün yoxlamanı ləğv edib və 2010-cu il oktyabrın 1-dən 2017-ci il avqustun 1-nə qədər yoxlama təyin edib. Agentlik bu qərardan da məhkəməyə şikayət verib. İclas oktyabrın 11-nə təyin edilib. Avqustun 24-də Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti Mehman Əliyevə qarşı CM-in 213.1 (vergi ödənişindən yayınma), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2-ci (böyük gəlir əldə etməklə qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürüb. Məhkəmənin qərarı ilə o, 2,5 ay müddətinə həbs edilib. Sentyabrın 11-də qətimkan tədbiri dəyişdirilib.

Elə həmin gün Vergilər Nazirliyi agentliyin 37 000 manat borcu haqqında qərarı ləğv edib, bank hesabları üzərindən həbs qaldırılıb. Amma sentyabrın 15-də borc qərarı yenidən bərpa edilib. Agentliyin hesabları olan banklara hesaba daxil olan vəsaitlərin vergi borcunun ödənilməsi üçün müsadirə edilməsi haqqında göstəriş daxil olub. Demək olar ki, avqustdan etibarən agentliyin maliyyə-təsərrüfat fəaliyyəti iflic vəziyyətindədir. Agentliyin əməkdaşları sentyabrın 5-dən müvəqqəti olaraq ödənişsiz məzuniyyətə göndəriliblər və könüllü əsaslarla işi qismən davam etdirirlər. (Turan)