“Son zamanlar Azərbaycanın televiziya məkanında baş verən proseslər nəinki bizi, bütövlükdə cəmiyyətimizi ciddi narahat edir. Mən bunu etiraf etməyə məcburam”.
Bu sözləri Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bu gün “Xəzər” TV-nin inzibati binasının açılış mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu sahədə mövcud olan nöqsanların aradan qaldırılmasının vaxtı artıq çatıb: “Bəzən biz bir sıra verilişlərdə milli-mənəvi dəyərlər məsələsinə çox aşağı səviyyədə izahat verən, hətta təhlükəli formada onu keçmişə dönüş kimi qiymətləndirən şəxsləri də görürük. Hesab edirəm ki, bütün bunlar çox təhlükəli addımlardır. Biz Milli Televiziya və Radio Şurası olaraq bütün bunlara qarşı öz səlahiyyətlərimiz çərçivəsində qətiyyətli addımlar atacağıq. Biz milli-mənəvi dəyərlərin qorunması məsələsini bütün televiziya kanallarının əsas ana xətti kimi görməyimizi bəyan edirik”.