XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Yanvar 2016 - 19:58

“Azadlıq” qəzetinin qiyməti qalxdı – Rəhbərlik açıqlama yaydı

“Azadlıq” qəzetinin rəhbərliyi qəzetin satış qiymətini qaldırıb.

Strateq.az xəbər verir ki, bu barədə qəzet rəhbərliyi xüsusi açıqlama yayıb.

Açıqlamada bildirilib ki, qəzetin kollektivi bır sıra ağır mərhumiyyətlərlə üzləşiblər. O üzdən belə bir qərarı verməyə məcbur olublar:

“Biz dərk edirik ki, “azad sözün sonuncu qalası” təslim olmamalı, vətəndaş obyektiv informasiya ilə təmin edilməlidir. Buna görə də son nəfəsimizə kimi prinsiplərimizə sadiq qalacaq, hakimiyyətin anti-xalq siyasətini ifşa edəcəyik.

Amma fəaliyyətimizi davam etdirmək, xalqa hər gün 16 səhifəlik həqiqət daşımaq üçün ayaqda qalmalıyıq. Sonuncu devalvasiya bütün sahələrdə olduğu kimi, mətbuat sahəsində də öz “küləyini” əsdirdi. Yəni manatın qiymətdən düşməsi, kəskin bahalaşma qəzetin də xərclərini artırıb. çap xərcləri, kağızın qiyməti təbii olaraq bahalaşır. Vəziyyətə uyğun addım atmağa məcburuq. Qəzetin qiymətini artırmaqdan başqa yolumuz yoxdur.

Bəli, biz aylarla maaş almadan, Nəşriyyatın 9-cu mərtəbəsində yağış suları içində, komfortsuz, köhnə texnika ilə işləyə bilərik. Amma işimizin nəticəsini hazır məhsula çevirib alıcıların seçiminə təqdim edə bilmək bizdən asılı deyil. Yəni qəzetin qiymətini kollektivin iradəsindən kənar amillər müəyyən edir.

Oxucularımız “Azadlıq”ı dəfələrlə çətin vəziyyətdən qurtarıb, qəzetin önəmini başa düşdüyünü sübut edib. İnanırıq ki, sədaqətli oxucularımız bu dəfə də bizi anlayışla qarşılayacaq – qəzetin qiymətini artırmaq məcburiyyətində qaldıq. Bu gündən “Azadlıq”ı 60 qəpiyə almalı olacaqsınız.

Başa düşürük ki, bu, oxucularımızın büdcəsinə mənfi təsir göstərir. Heç də asanlıqla vermirik bu qərarı. Sadəcə, başqa yolumuz yoxdur. “Azadlıq” ya dayanmalıdır, ya da ölkəni ağuşuna alan sosial-iqtisadi tənəzzülün tempinə uyğun olaraq yaşamaqda davam etməlidir. Biz davam qərarı verdik – fədəkar oxucularımıza güvənərək. İnanırıq ki, oxucularımız qəzetimiz üçün ödəyəcəkləri əlavə 10 qəpiklərə azad sözə, obyektiv informasiyaya çəkilən xərc kimi baxacaq.

Əmin olun, sizin 60 qəpiyiniz kağız parçasına verilən pul deyil, müqəddəs missiyanın davam etdirilməsinə dəstəkdir. Bəli, “Azadlıq”ın qiyməti 60 qəpik olsa da, dəyəri maddiyyatla ölçülməz. Dəyəri maddiyyatla ölçülməyəni isə 60 qəpiyə almağa dəyər. Gəlin, imkan verməyək ki, bu qeyri-bərabər döyüşdə “Azadlıq” müqavimətini itirsin.

Bir sözlə, sizə xidmətini davam etdirmək üçün, həqiqi azadlıqlar naminə “Azadlıq”ın qiymətinin qalxması zərurət oldu”.