XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 April 2015 - 21:06

Rauf Mirqədirovun həbs müddəti növbəti dəfə uzadıldı

Rauf Mirqədirovun həbs müddəti növbəti dəfə uzadıldı

Aprelin 9-da “Ayna Zerkalo” qəzetinin həbsdəki əməkdaşı Rauf Mirqədirovun həbs müddəti daha bir ay uzadılıb. Aprelin 9-da Nəsimi Rayon Məhkəməsində Babək Pənahovun sədrliyi ilə keçən prosesdə qərar çıxarılıb. Məhkəmə istintaq müddətinin davam etməsini əsas gətirib.

Bu barədə musavat.com-a məlumat verən jurnalistin vəkili Elmar Süleymanov həbs müddətinin artırılmasında son hədd olduğunu bildirdi: “Rauf bəylə bağlı son yenilik ondan ibarətdir ki, aprelin 9-da həbs qətimkan tədbirinin uzadılması ilə bağlı Nəsimi Rayon Məhkəməsində proses oldu. Müddət bir ay uzadıldı. Qanunvericiliyə görə, bu son həddir. İstintaq artıq öz müddətini bitirib. İndi xüsusi şərtlərlə uzadıla bilər. Əsas onu gətirdilər ki, istintaq hərəkətləri hələ də davam edir. özü məhkəməyə gətirilmişdi. Ədalətli qərar çıxarılmasını Rauf bəy məhkəmədən gözləmirdi”.
Xatırladaq ki, Rauf Mirqədirov ötən ilin aprelində həbs olunub. O, dövlətə xəyanətdə ittiham olunur.
Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev aprelin 10-da ailəsi ilə telefon vasitəsilə danışıb. Hüquq müdafiəçisi məhkəməsində iştirak edən hər kəsə mətbuat vasitəsilə təşəkkür edib. Bu barədə onun oğlu Nəcmi Əliyev məlumat verdi: “Xüsusi bir yenilik yoxdur. Telefonla danışdıq. Məhkəməsinə gələn insanları sayır, sonra bizə onların hər birinə təşəkkür etməyi tapşırır. Mətbuat vasitəsilə özü də minnətdarlığını bildirdi. Hər gün bir kitab oxuyur. Kamera yoldaşları və məhbuslara da kitablar paylayır. Addımlarını çətin atmağa başlayıb. Bu səhhətində olan problemlərlə bağlıdır. Müayinə olunmayıb. Məhkəməsinin uzadılmasından çox narazıdır. Bazar günü görüşəcəyik”.
Araşdırmaçı jurnalist Xədicə İsmayılın müdafiəçiləri ilə görüş hüququ məhdudlaşdırılır. Bu barədə məlumat verən jurnalistin vəkili Fariz Namazlı istintaq hərəkətinin aparılmamasından danışdı : “Aprelin 9-da Xədicə xanımla görüşdüm. Saxlanma şəraitindən elə bir şikayəti yoxdur. Amma görüş hüququnun məhdudlaşdırılmasından narazıdır. Belə ki, görüş zamanı ciddi yoxlamadan keçirilirik. Məhbus olaraq, Xədicə İsmayıl da ciddi yoxlanıldıqdan sonra, bizimlə görüşə bilir. Bütün yazışmaları izlənilir. Bütün bunlar sırf qanunsuzluqdur. ümumiyyətlə, 1 saylı Bakı İstintaq Təcridxanasında siyasi məhbusların vəkilləri görüşə gedərkən, çətinliklərlə üzləşirlər. Bu hal yalnız siyasilərin müdafiəçilərinə aiddir. Xədicə İsmayılın həbs müddəti mayın 24-də bitəcək. Hazırda heç bir istintaq hərəkəti aparılmır”.
Müsavat başqanının müavini Tofiq Yaqubluya qəzetlərin verilməməsi ilə bağlı Ombudsman tərəfindən 13 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyinə xəbərdarlıq olunub. Başqan müavininin qızı Nigar Yaqublu bu barədə məlumat verdi: “Aprelin 9-da Ombudsmanın qaynar xəttinə atama qəzetlərin verilməməsi ilə bağlı məlumat verdim. Cavab olaraq, bildirdilər ki, bundan xəbərləri yoxdur. Deyəsən, mətbuatı izləmirlər. Belə olmasaydı, xəbərləri olardı. Aprelin 10-da isə, qaynar xətdən zəng edərək, bildirdilər ki, cəzaçəkmə müəssisəsinin rəhbərliyinə məlumat verilib. Bazar günü atamla görüş günüdür. Ondan sonra məlumatım olacaq”.
Müsavat başqanının həbsdəki müavini Fərəc Kərimli və qardaşı Sirac Kərimlinin valideynləri ilə görüşünə hələ də icazə verilmir. Qeyd edək ki, bu problem Novruz bayramından sonra yaradılır. Əsas olaraq, Kərimli qardaşlarının anasının görüş zamanı fikirli halda telefonla içəri daxil olmasını gətirirlər. Qardaşların atası Raqif Kərimli övladlarının son durumu ilə bağlı bunları dedi: “Aprelin 9-da zəng etmişdilər. Vəziyyətləri yaxşıdır. Siraca oxunan hökmdən apellyasiya şikayəti verilib. Aprelin 15-də Fərəcin növbəti məhkəməsi olacaq. İfadə verəcək. Görüşə hələ də icazə verilmir. Deyirlər ki, yaxın günlərdə görüş olacaq”.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin vəkili Elçin Sadıqov kassasiya şikayəti hazırladıqlarını qeyd etdi: “Anar bəylə bağlı elə bir yenilik yoxdur. Gələn həftə görüşmək planım var. Kassasiya şikayətini müzakirə edəcəyik. Ondan sonra şikayət veriləcək. Anar bəyin saxlandığı yerin mövcud şəraitinin çətin olması, yolun uzaqlığının ailəsinin görüşünə mane yaratdığı barədə mətbuata məlumat vermişdik. Yerinin dəyişdirilməsi ilə bağlı müraciətimiz var. Hələ də cavab verilməyib”.