XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 October 2017 - 15:01

Orxan Fikrətoğlu: “Sosial şəbəkələr dünya inqilabı etmək istəyən Çe Gevaranı xatırladır”

 

 Sosial şəbəkələr mənə son zamanlar televizor pultunu xatırladır. Və bu pultu yaradan əl onu birbaşa insanların iradəsinə yönəldib. Sosial şəbəkələrin məqsədi nədir? İnsanları əyləndirmək? Onda sirk nəyə lazımdır? Bəlkə,  iddia edildiyi kimi, sosial şəbəkələr, həqiqətən də, ünsiyyət vasitəsidir? Ola bilsin.

Amma bu cür ünsiyyət, tanıtım, yaxınlaşma insanlığa nəticə olaraq nə verə bilər axı? Hə, tutaq ki, hamı bir-biriylə tanışdı. Daha dünyada sirr qalmayıb. Absurd məntiqdir. Nə olsun ki? Siz inanırsınız ki, düşünənlər ancaq buna görə sosial şəbəkəni düşünüblər? Onların nəyinə lazım idi ki, Mamed kişiylə, Nataşa xalanı hər gecə skaypla görüşdürsünlər? Bu, onlara nə verəcək axı? Gəlir? Məmmədlə Nataşanın "virtual baxışması” inanmıram ki, onlara pul baxımından maraqlı olsun. Məsələ pulda deyil. Burada daha dərin bir istək var. 

 Hər bir ölkənin sərhədləri onun hüquq ərazisidir. Bu sərhədlərdən sosial şəbəkələrin keçməsinə qadağa qoyula bilər. Və qoyulmalıdır da. Sosial şəbəkə ən əvvəl ideologiyadır. Ona görə ki,  bu gün sosial şəbəkələr artıq hərbi və siyasi motivlidir. İstənilən ölkənin ərazisinə edilən, hərbi və siyasi müdaxilə isə hərbi ekspansiya deməkdir. Son zamanlar sosial şəbəkələr mənə ümumbəşəri inqilab etmək istəyən Çe Gevaranı  xatırladır. Sadəcə Çedən fərqli olaraq bu şəbəkələrin adı, üzü və məqsədi yoxdur. Bunlar bütün dünyada ancaq xaosu, eyniləşməni, üzsüzləşməni təbliğ edirlər. Bütün dünyanın fikirdə, əməldə və perspektivdə qarışması elə bil, sosial şəbəkələrin fəlsəfi bazasıdır. Görəsən, kim dünyanı bu tip primitiv və eyni zamanda işlək axmaqlıqla idarə etməyi düşünür? Həqiqətən də, dünyada bütün dəyərlər, mədəni adlar və sənətlər bəsitləşdirilir. Ədəbiyyatın, kinonun yaxşısı deyil, pisi təbliğ olunur. Sakral sənət, həyasız və hamının əli dəyən sosial şəbəkələrə enir. Başqa iş bacarmayanlar indi də yüksək sənətləri pul ilə almağa çalışırlar. Bunu kim edir? Ən çox özünü "dünyəvi "demokrat” adlandıranlar. Onu da birdəfəlik bilmək lazımdır ki, Tviter və bu türdə olan oyuncaqları adi insanların əyləncəsi üçün düşünməyiblər. Bu tip kütləvi psixoza yönəlmiş təsisatlar üst qatda pul qazanmaq, alt qatda siyasi ekspansiyaya xidmət etmək üçün düşünülüb. Xəbəriniz varmı Azərbaycan əhalisi ancaq bu tip sosial şəbəkələr vasitəsi ilə ildə nə qədər vəsait xərcləyir? Sosial şəbəkələri bəyənməyən adamlara "qıjı”, ölkənin taleyinə yönəlmiş ideyaları təbliğ edənləri inkar edənlərə "antidemokrat” deyirlər. Görəsən, bu reallığı kim yatardı? Onu bilsəm də demərəm. Desəm mənə də nə istədiyimi anlamadan "antidemokrat” deyəcəklər. Mənim nəyimə lazım? Nə qədər istəyirsiniz bir-birinizlə yazışın. Amma vaxtınız olanda bu millət üçün də bir iş görün. Bu millətin də tvitter qədər xidmət ehtiyacı var. (artkaspi.az)