XƏBƏR LENTİ

10 Dekabr 2019
09 Dekabr 2019

Digər Xəbərlər

30 Oktyabr 2017 - 22:05

Rüstəm İbrahimbəyov Rafiq Hüseynovdan yazdı:“Bizi dərd birləşdirmişdi...”

 

Tanınmış kinorejissor Rüstəm İbrahimbəyov xalq artisti Rafiq Hüseynovun vəfatı ilə bağlı "Turan"da məqalə yazıb.

Strateq.az həmin yazını oxucularına təqdim edir:

 

O, onilliklər ərzində bəlkə də Azərbaycanda ən populyar adam olub. Onu hamı tanıyırdı: yaşlılar və uşaqlar, kişilər və qadınlar, şəhərlilər və kəndlilər, ziyalılar və orta təhsilli insanlar, hakimiyyət və müxalifət.

Ölkədə siyasi rejimlər dəyişdi, "hökmranlar" gəldilər və getdilər, köhnə və yeni ənənələr dağıdıldı, müxtəlif səviyyələrdə estrada ulduzları parladı və söndü, onun tamaşaçı auditoriyası isə dəyişməz olaraq qaldı və üstəlik çoxaldı.

Klassik Qafqaz qəhrəmanı görünüşlü təmiz azərbaycanlı. O, uzun müddət bizim üçün xalqın siması oldu. Bizim gənclik illərimizdə televiziya böyük dünyaya yeganə pəncərə idi.

Bu pəncərəni hər gün açan insanlar xalq tərəfindən möcüzə yaradan kahinlər kimi qəbul olunurdu. Və onların öndə gedəni şübhəsiz ki, Rafiq Hüseynov idi.

Televiziyaya işıqcı kimi gələn R.Hüseynov qısa zamanda tamaşaçı ilə nadir ünsiyyət bacarığı nümayiş etdirdi.

90-cı illərin ortalarında Azteleradionun təsadüfü rəhbəri Prezident Aparatındakı bir qadının dəstəyilə onu ekrandan uzaqlaşdırdı. Həmin qadın da bizim xalqın mədəniyyətinə, incəsənətinə, elminə təsadüfən "rəhbər" gəlmişdi.

Tarix həmin insanlarla haqq-hesabını çəkəcək. Ancaq Rafiq Hüseynovun iyirmi illik televiziya həyatını kim qaytaracaq, xüsusilə son illər televizorlarda vulqarizmin, əyalətçiliyin, zövqsüzlüyün baş alıb getdiyi bir vaxtda o, xalqa çox lazım idi.

Rafiq çox dərin adam idi, maraqlı düşüncələri vardı. Məşhur universitetləri bitirməsə də Azərbaycan və rus dillərində mükəmməl biliyə sahib idi. Yüksək musiqi qabiliyyyəti vardı. Mahnılar ifa edirdi. İfa etdiyi mahnılardan ibarət bir neçə diski var..

Bizi dərd birləşdirmişdi: 1984-cü ildə demək olar ki, eyni vaxtda ikimiz də sevimli oğullarımızı itirmişdik. Bu itki ilə birlikdə "özünü də itirmək" kimi qorxunc vəziyyəti ancaq belə durumda olan insanlar anlaya bilər: sənə elə gəlir ki, səni heç kim anlamağa qadir deyil, hətta sənin dərdinə qəlbən şərik olsa belə.

Həmin faciəvi günlərdə Rafiqlə mən bir-birimizdən ayrılmırdıq. O vaxtdan o, mənim üçün yaxın adama çevrildi.

Sonuncu dəfə onunla görüşmək üçün İstanbul klinikasına gedəndə bir qədəh içdik. O çox zəifləmişdi. Ancaq sevimli sözlərini tez-tez təkrar edirdi: "Nə olursa olsun, həyat tərzimi dəyişmirəm, heç nədə özümə məhdudiyyət qoymuram".

Çoxları buna görə onu qınayırdı. Ancaq mən yox. Mən özüm də belə yaşamağa çalışıram. Rafiq həyatı sevirdi, həyat da ona sevgi ilə cavab verirdi, ona istedadlı, ağıllı, gözəl qızı Leylini bəxş eləmişdi. Belə hədiyyələri ancaq uşağın anasını düzgün seçdiyin zaman ala bilərsən. Artıq yaşlanan Rafiq gənc tələbəsi ilə ailə qurmuşdu. Onunla on yeddi il həyat sürdü. Və mən xəstəxanada onun tezliklə ayrılıq olacağını hiss edirmiş kimi xanımının əllərini necə minnətdarlıqla öpdüyünü gördüm.

Hələ dostları.. Xalqın kumirlərinin çoxu dostluq etməyi bacarmadığı üçün çox zaman yalnız qalır. Ancaq Rafiq hər zaman dostlarının əhatəsində idi..

Və sonuncu. Doğulduğun və vəfat etdiyin ölkənin sənə münasibəti fərqli olur. Nə qədər görkəmli azərbaycanlı hakimiyyət tərəfindən tanınmadan həyatdan köçüb və neçəsi layiq olmadığı yüksək postamentlərə çıxıb. Rafiq sağlığında tanındı, qəbul edildi, xəstə olduğu vaxtlarda dövlətin qayğısını hiss etdi. Müdrik, qızını, həyat yoldaşını sevən, dostlarını qiymətləndirən insan həyatdan yapışmamışdı və onun həyatı uğrunda gedən mübarizəni görürkən özünü narahat edirdi. Ancaq Mehriban Əliyevanın timsalında hakimiyyətin onun qayğısına necə qalmasından gizli qürur duyurdu, özünə diqqəti xalq tərəfindən qəbul edilmənin təzahürü kimi qarşılayırdı.

Rafiq Hüseynov Azərbaycan Kinematoqrafçılar İttifaqının- son illər indiki hakimiyyətin xoşlamadığı təşkilatın katibi idi. Ancaq xoşbəxtlikdən bu, Rafiqin həyatını uzatmaq üçün lazım olan hər şeyi etməkdə Heydər Əliyev Fonduna əngəl olmadı. Çox sağ olun.

Rafiq Hüseynov həyatdan getdi. Onunla mənim nəslimin həyatının mühüm hissəsi də getdi. Biz gözəl bakılını (çoğrafi anlamda yox, Rafiq əslən Şuşadandır) itirdik. O, Bakını sevirdi, necə unikal şəhərdə yaşadığını başa düşürdü.

"Zər qədrini zərgər bilər" deyiblər. Rafiq həmin bakılı "zərgərlər"dən biridir ki, nəinki bizim şəhərin qədrini bilirdi, həm də onun üzdə olan simalarından biri idi. Əlvida, Rafiq, xalqımın siması..

Rüstəm İbrahimbəyov