XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

14 Noyabr 2017 - 16:52

İnternet medianın islam həmrəyliyinin təbliğində rolu  –Virtual təhlükə ilə necə mübarizə aparmalı?

…Hər səhər  Bakıda azan səsi ucalır, kilsə zəngi çalınır, sinaqoqda dua səsləri eşidilir. Katolik məbədində isə yeni başlanan günün uğurlu olması üçün dualar edilir. Bütün bunlar Bakıda baş verir. Tolerantlıq nümunəsi sayılan vətənimizin paytaxtında…

Azərbaycan Respublikası çoxmillətli və müxtəlif dinlərə etiqad edən insanların birgə yaşadığı ölkədir. Azərbaycan vətəndaşlarının əksəriyyəti islam dininə tapınıb. Sülh dini olan islam öz  mesajları ilə dünyada barış və sosial ədalətin bərqərar olunması üçün töhfələrini verib. Tarixi boyu dünya elminə və mədəniyyətinə verdiyi şöhrətli alimləri və yaradıcı şəxsiyyətləri ilə fərqlənən islam dünyası bununla cahan mülkünə öz adını yazdıra bilib. Bu sırada Azərbaycan da  var. Nizami, Nəsimi, Füzuli kimi ədəbi düha, Nəsrəddin Tusi kimi alimlərimiz bəşəriyyətin mədəni irsinin bəzəyinə çevrilib.

Lakin qloballaşma erası kimi qeyd olunan 21-ci əsrdə islam çətin dönəmlərlə üz-üzə qalıb. Radikal təməlçiliyi, dini nifrəti özünün dünya ağalığı üçün bir vasitəyə çevirən qüdrətli güclər islam dininin barış təbliğ edən ideyalarının təhrifi üzərində terror şəbəkəsi qura biliblər. Mənzərə isə çox acınacaqlıdır: Dağılan dövlətlər, terror qurbanı olan minlərlə günahsız insan, çıxış yolunu itirmiş siyasətçilər…

Belə həssas dönəmdə Azərbaycan üçün  cəmiyyətdə harmoniyanı, tolerantlığı və islam həmrəyliyini qoruyub saxlamaq vacib məsələyə çevrilir. Çünki ölkəmizi yad və zərərli dini cəryanların girdabına salmaq cəhdləri bitmir.

Dövlət Təhlükəsizliyi Xidmətinin bir müddət əvvəl açıqladığı məlumatlarda deyilirdi ki, son 5 il ərzində 900  Azərbaycan vətəndaşı  terror təşkilatı olan İŞİD-ə qoşulub. Onlardan 85-i hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və pentensiar xidmətdədirlər. 195 nəfər Azərbaycan vətəndaşlığı hüququndan məhrum edilib.  Bir çoxu isə döyüş zamanı həlak olub.

Qondarma “cihad” çağırışlarına  qoşularaq əlində silah İraqa, Suriyaya gedənlərin ilk informasiya bazası virtual aləm, sosial şəbəklələr və informasiya portalları olub. İnternetin dominant olduğu bu günkü dünyada informasiya və onun göz qırpımında yayıla bilmək gücü eyni zamanda böyük təhlükələri də ortaya qoyub. Onlayn media, sosial şəbəkələr terror çağırışlarının, dini zəmində nifrətin yayılması üçün ən əlverişli amilə çevrilib.

Bu gün ölkədə sürətlə artan onlayn KİV-lərin yüz minlərlə oxucusu, sosial şəbəkələrin milyonu ötən istifadəçisi vardır. İnternet informasiya yayımının ənənəvi şəbəkəsini dağıdıb və yeni trendlərini ortaya qoyub. Hər bir şəxsin istədiyi məlumatı özü anladığı kimi yaymaq azadlığı oturuşmuş peşəkar media ənənələrini zədələyib. Bu sırada radikal dini baxışların təbliği ilə bağlı məlumatlar ciddi narahatlıq yaradır. “Öz özünə gəzən pişik” adlandırılan internetin virtual məkanında nifrət və dini dözümsüzlük aşılayan kontentlərin çoxalması özlüyündə dövlətin siyasi əsasları üçün təhlükə yaradır, cəmiyyətdə sabitliyə ziyan vurmaq potensialını daşıyır.

Müasir dünyada insanlar öz dini mənsubiyyətlərini və baxışlarını ifadə etmək üçün sosial şəbəkələrdən geniş istifadə edirlər. 2014-cü ildə ABŞ-ın “Pew Research Center” Sorğu Mərkəzinin 3217 nəfər arasında keçirdiyi  tədqiqat  zamanı  onlara yaşadıqları həftədə hansısa bir dini fəaliyyətlə məşğul olub-olmadıqları barədə sual verilmişdi. Nəticələrdən məlum olub ki,  20 faiz amerikalı öz dini baxışlarını Feysbuk, Tvitter və digər sosial şəbəklərdə paylaşırlar. Bundan başqa 46 faiz amerikalı isə bildirib ki, başqa bir şəxsin sosial şəbəkədə öz dini həyatı ilə bağlı informasiyanı paylaşdığının şahidi olub.  Rəy sorğusundan məlum olub ki, internetdə kilsələrə gedən amerikalılar ora getməyənlərdən daha çox  dini aktivliyə meyilli olurlar.

2007-ci ildə ildə ABŞ tədqiqatçlıları Keytl Makkenn və Kelli müəyyən ediblər ki, internetdəki virtual dini forumlarda iştirak edənlərlə eyni dini baxışı bölüşən forumun digər iştirakçıları arasında sosial dəstək və əlaqə hissi  yaranır.

Digər tədqiqatçı Polinq Çonq özünün “din və sosial KİV” elmi araşdırmasında izah edir ki, bir çoxları üçün sosial şəbəklər öz dinin öyrənmək və digərlərin öyrətmək, onları cəlb eləmək, dialoq üçün  üçün yaxşı platformadır.

Qərb ekspertlərinin fikrincə, insanların öz dini inanclarını sosial şəbəkəyə nə üçün etibar etdikləri çox az öyrənilib. Bəziləri bunu öz məqsədlərini reallaşdırmaq üçün platforma kimi baxır, digərləri özünütəsdiq üçün fürsət sayırlar. Bu baxımdan hansısa pis niyyətli qüvvələr üçün zərərli dini radiaklizm meyllərinin təbliğində internet əvəzsiz silaha çevrilib.

İnformasiya texnologiyaları əsrində praktik olaraq bütün terror təşkilatları öz fəaliyyətlərini media şəbəkəsində aparır. Radikal terror qrupları gəncləri öz sıralarına cəlb etmək üçün internetdən və sosial şəbəkələrdən yararlanır, dini postulatların təhrif olunmuş şəklindən istifadə edərək gənclər arasında təbliğat aparırlar. Onlar bunu yalanı yaymaq və insanlara nufuz etmək üçün üçün ən əlverişli üsul hesab edirlər. 

Əgər 1998-ci ildə internetdə terror strukturlarının cəmi 12 saytı, 2005-ci ildə 4800 saytı var idisə, indi onların sayı 10 minləri ötüb.  Sosial şəbəklər və onlayn resurslar bu gün şüurun manipulyasiya olunmasında güclü alətə çevrilib. Şəbəklər vasitəsi ilə əsas olaraq qorxu təlqin olunur, bununla da cəmiyyətin şüurunda ekstermizm təhlükəsi mifi yaradılır. Müntəzəm olaraq kütləvi şüura ekstemzim təhlükəsinin yeridilməsi yolu ilə onu simvola çevirir, terrorun hər şeyə qadir güc olması təsəvvürünü yaradırlar.  

Bununla mübarizdə KİV-in üzərinə böyük yük düşür. KİV cəmiyyətin həmrəyilyində və dialoqunda aparıcı rol oynayır. Bu gün ölkəmizin internet jurnalistikası ilk növbədə xaricdən körüklənən dini – məzhəb müzakirələrinə qarşı Azərbaycan dövlətinin və cəmiyyətinin vahid mövqeyini əks etdirən baxışını ortaya qoymalıdır. Bu digər informasiya mənbələrindən asılılığı aradan qaldıra bilən mühüm faktordur. Bununla da mediamız Azərbaycanın islam həmrəyliyi modelinə vahid yanaşma tərzini və mesajlarını yaymaqda böyük rol oynaya bilər. Həmrəylik və dialoq mesjlarının əsas şərti isə doğru informasiyanın mövcudluğudur. İnsanlar arasında dialoq şərti üçün əsas yaratmaq üçün ilk əvvəl informasiyanı təqdim etmək lazımdır. Çünki heç kim informasiyanın köməyi olmadan hansısa bir obrazı yaxud rəyi yarada bilməz. Məhz onlayın KİV-lərin yaydığı  məlumatların vasitəçiliyi ilə ictimai rəy yaranır və insanlar  müsbət  yaxud mənfi fəaliyyəti ayırd etmək üçün bu məlumatlara istinad edirlər. Bu, insanların şüuruna təsir etmək baxımından KİV-in gücünü bir daha təsdiq edir. Odur ki, bütün KİV-lər terrorçuğluq təbliğinin bütün təzahürlərinə qarşı mübarizədə məsuliyyət daşıyırlar.

Bəzən internet KİV-lər özləri də bilmədən radikal terror ideologiyasının yayılmasına kömək edəcək addımlar atırlar. Terrorçuların dini şüarlarla törətdiyi və əhalini qorxutmağa  hesablanmış  dəhşətli və qanlı kadrların tez-tez və davamlı olaraq cəmiyyətə təqdim edilməsi təhlükə yaradır və mənfi reaksiya doğura bilər.

Bu problem xüsusilə onlayn medianın terrorla bağlı hadisəni  birinci vermək, daha çox oxucu toplamaq  yarışı fonunda daha çox özünü göstərir.  Əksinə, terrorçuların intenet KİV-ə xaotik xəbər çıxışının qarşısını almaq lazımdır. 

Radikal baxışların qarşısını ala biləcək maarifləndirici tədbirlərin davamlı aparılması mühüm məsələdir. Bunun üçün informasiya fəaliyyəti göstərən jurnalistikanın yeni dövrün tələblərinə, çağırışlarına adekvat olub-olmadğına diqqət  verilməlidir. Həmçinin cəmiyyət arasında bölücülük, fitnə salan şübhəli saytlara nəzarət lazımdır. İnternetdə və sosial şəbəkələrdə təhlükəli, yalan informasiyalar ciddi və ictimai rəyə təsir edən onlayn KİV-lərin xəbər lentinə düşməməlidir. Bunun üçün informasiya təhülkəsizliyinin tələb etdiyi dövlət strukturu ilə media arasında çevik əlaqələrin qurulması çox mühümdür. Yalan məlumat anındaca rəsmi təkzib edilməli və müvafiq strukturların operativ müdaxiləsi ilə nəticələnməlidir. Rəsmi dövlət orqanları ilə medianın birgə dəyirmi masaları keçirilməli və ictimai rəyə təsir edəcək məlumatlar təhlil edilməlidir. KİV-də daha çox xalqı birləşdirəcək informasiyalar əsas trendə çevrilməlidir.

Bundan başqa savadlı dini ekspertlərin köməyi ilə müqəddəs kitabdan gətirilən və təhrif edilən anlayışlar medianın köməyi ilə cəmiyyətə doğru və  ardıcıl çatdırılmalıdır. Efirlərdə, saytlarda, sosial şəbəkələrdə savadlı ilahiyyatçıların, ruhanilərin, imamların çıxışı təmin edilməlidir. Bu gün dünyada bir çox tanınmış müsəlman din xadimləri onlayn şəbəkədə hesablar açıblar. Belə profillər zərərli dini baxışların, radikal təməlçiliyin, dini zəmində nifrətin  qarşısını almaq üçün mühüm amildir. Məsələn, ABŞ-da populyar müsəlman alimi Sühəyb Ueyb  sosial şəbəkədən maarifləndirmək üçün yaxşı istifadə edir. Onun Tvitterdə 100 minə yaxın abunəçisi, Feysbukda 215 min dostu var. Özünün 10 saniyəlik videoroliklərində Ueyb narkomaniyadan tutmuş boşanmalara qədər ən müxtəlif məsələlərə toxunur.

KİV eyni zamanda müzakirələri təşkil etməyi bacaran peşəkar moderatordur. O doğru mövqeyi müəyyən etməkdə və təbliğ etməkdə əvəzsizdir, cəmiyyətin müxtəlif təbəqələri ilə fəal dialoq üçün unikal müstəvidir. KİV-in cəmiyyətdə dini həmrəyliyi və tolerantlğı yaymaqda nufuzlu alət olması üçün medianın  institusional əsasları yenilənməli və formalaşmalıdır.  KİV-in effekti  o zaman dəfələrlə arta bilər ki, bu sahə vətəndaş cəmiyyətinin sıx şəbəkəsinə müncər olunsun. 

Azərbaycanın internet KİV-lərində islam həmrəylinə ziyan vura biləcək məlumatlar tapmaq çox az olur. Bunun bir səbəbi jurnalistlərin təhlükəni başa düşmələri və peşəkar qaydalara riayət etmələridir. Ciddi onlayn media resurslarımızda cəmiyyətin harmoniyasını poza biləcək hucumlara dəqiq zərbələr vurmağa qadir  müəyyən sistem yaradılıb. Bu işdə savadlı dini ekspertlərin, din xadimlərinin, ictimai liderilərin rolu böyükdür. Amma bununla arxayınlaşmaq da olmaz.

Azərbaycan islam həmrəyliyi üçün öz töhfələrini daim verir. Dünyəvi dövlət olan Azərbaycan sərhədləri daxilində yaşayan xalqının sabitliyi və əmin – amanlığı üçün vacib olan çağırışları çox yaxşı anlayır və bu gün dünyanı bürümüş qeyri-sabitlik alətlərinin istifadə cəhdlərini qarşısını qətiyyətlə alır. Prezident İlham Əliyevin 2017-ci ili “islam həmrəyliyi” ili elan etməsi bu baxımdan dünyaya mühüm mesaj sayıla bilər. Dövlətimiz beynəlxalq təşkilatlarda islam həmrəylini əsas prioritet elan edərək müsəlman ölkələri arasında birliyin əsas çarçısı kimi çıxış edir.  Bakıda nufuzlu din xadimlərinin iştirakı ilə keçirilən tədbirlər bunu bir daha təsdiqdir.

Bu il ölkəmizdə keçirilmiş və dünyanın 50-dən çox müsəlman dövlətinin 4000-dək idmançısının qatıldığı IV İslam Həmrəyliyi Oyunları təkcə idman hadisəsi deyil, həm də islam həmrəyliyinin göstəricisi saymaq olar.

 Xüsusən, “Heydər” məscidində müsəlman aləmi üçün çox unikal səciyyə daşıyan bütün məzhəblərin birgə vəhdət namazı qılması bu həmrəliyin misilisz mesajdır.

Bu yöndə Dini Qururmlarla İş  üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi birgə  ölkədə vətəndaş həmrəyliyinin saxlanması üçün zəruri işləri aparırlar. Komitənin fəal şəkildə dini icmalarla görüşlərdə, keçirdiyi konfranslarda səslənən əsas tezis zərərli ideoloji bazanın ölkədə ayaq tutmamasına yönəlib. Dövlət Komitəsi KİV-lə də işini uğurla qura bilir. Jurnalistlər üçün açıq və şəffaf məlumat almaq imkanları yaradan Komitə hər zaman problemləri həll etmək üçün edilən təklifləri qəbul etməyə hazır olduğunu nümayiş etdirib. QMİ ilə əməkdaşlıq bir sıra məqamların həlli üçün yaxşı imkanlar açıb.

…Bu gün  islamda “özünəməxsus həyat və baxış tərzinə” iddia edən “radikal ideologiya” təhlükləli mesajını daşıyır. Bir sıra qüvvələrin inancdan öz məqsədləri üçün istifadə etmək cəhdlərinə baxmayaraq Azərbaycanda islam dini həmişə cəmiyyət həyatının əsas birləşdirici faktorlarından biri kimi çıxış edib bu gün də edir.

Xaqani SƏFƏROĞLU

Yazı “İslam həmrəyliyi və media” mövzusundakı müsabiqəyə təqdim olunur