XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

24 Noyabr 2017 - 18:40

Jurnalist Rey Kərimoğlunun “Kod adı: “Rey”” kitabının təqdimatı keçirilib –FOTOLAR

Azərkitab” Kitab Təbliğatı Mərkəzində Qarabağ qazisi, jurnalist Rey Kərimoğlunun “Kod adı: “Rey” kitabının təqdimat mərasimi keçirilib.

“APA Holding”ə daxil olan Lent.az İnformasiya Agentliyi tərəfindən çap olunan yeni nəşrdə müəllifin 1991-1992-ci illərdə Qarabağda gördükləri xatirə şəklində yer alıb.

Musavat.com xəbər verir ki, tədbirdə deputatlar, yazıçılar, jurnalistlər və digər ictimai şəxslər iştirak ediblər. 

Tədbirdə Rey Kərimoğlunun döyüşçü kimi keçdiyi həyat yoluna nəzər salınıb, müəllifin kitabı Qarabağ müharibəsindən bəhs edən qiymətli mənbə kimi dəyərləndirilib.

İlk olaraq çıxış edən Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov qeyd edib ki, indiyədək Qarabağ döyüşləri haqqında çoxsaylı kitablar yazılsa da, Rey Kərimoğlunun müəllifi olduğu nəşr bir sıra xüsusiyyətləri ilə onlardan fərqlənir: “Biz Rey Kərimoğlunu döyüşçü, kəşfiyyatçı kimi tanımışıq. Amma bununla yanaşı Rey indiyədək ona yaxın mətbuat orqanında çalışıb, bir-birindən maraqlı yazıları ilə oxucularını sevindirib. Kitab xatirələr əsasında yazılıb. Düşünürəm ki, bu kitab Qarabağdan bəhs edən yaxşı bir filmin ssenarisi ola bilər. Çünki Rey Kərimoğlunun kitabında ağrı ilə bərabər böyük vətən sevgisi var”.

Çıxışından sonra Ə.Amaşov müəllifi Mətbuat Şurasının diplomu ilə təltif edib.

 

Daha sonra söz Lent.az İnformasiya Agentliyinin rəhbəri Qabil Abbasoğluna verilib. O da rəhbərik etdiyi media orqanının indiyədək bir neçə maraqlı kitabı oxucuların ixtiyarına verdiyini diqqətə çatdırıb. Q.Abbasoğlu əlavə edib ki, sözügedən media qurumu gələcəkdə məzmun və ictimai əhəmiyyəti etibarilə maraqlı olan digər nəşrləri də oxuculara təqdim edəcək.

Təqdimat mərasimində çıxış edən xalq şairi Sabir Rüstəmxanlı da Rey Kərimoğlu və digər döyüşçülərimiz barəsində fikirlərini bildirib. O, qeyd edib ki, sevindirici haldır ki, Rey bəyin kitabının təqdimatına bu qədər dəyərli insanlar gəliblər: “Azərbaycanın bu günkü mətbuatını yaradan insanlar bu zala toplaşıblar. Reyi 50 yaşı münasibətilə də təbrik edirəm. Doğrusu, onun bu yaşa çatdığını təsəvvür etmirdim. Çünki gözümdə daha gəncdir. Kitabı oxumasam da burada vərəqlədim. Düşünürəm ki, Reyin kitabı haqqında danışmaq o qədər də çətin deyil. Çünki illər uzunu o, xatirələrini saytlarda, qəzetlərdə yazıb”.

Daha sonra çıxış üçün söz deputat Hadı Rəcəbliyə verilib. O da bildirib ki, Rey Kərimoğlunu uzun müddətdir ki, tanıyır: “Mətbuatda bəzi məsələləri müxtəlif yozub, təhrif edilmiş formada ortaya çıxarıblar. Ancaq görürsünüz ki, biz yenə də yanaşı oturmuşuq. Reyin bir mesajı gələn kimi mən onun yanındayam. Çox sevinirəm ki, belə bir kitab ortaya çıxıb. Burada qısa hekayələr formasında oxunaqlı yazı ortaya qoyulub. Bəzən uzun roman olur ki, adamı yorur. Ancaq bu kitab diqqəti cəlb edir və oxunaqlıdır. Əməyi olan hər kəsə minnətdaram ki, belə bir iş ortaya qoyublar”.

Tədbirdə deputat Aqil Abbas, şair Ramiz Rövşən, Qarabağ Qaziləri Birliyinin rəhbəri Etimad Əsədov, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə,  təhlükəsizlik üzrə ekspert İlham İsmayıl və digərləri də çıxış edərək, Rey Kərimoğlunun keçdiyi döyüş yolu və təqdimatı olan kitab haqqında fikirlərini bildiriblər.

Rey Kərimoğlu kitabın “APA Holding” tərəfindən ona hədiyyə edildiyini diqqətə çatdırıb. O, bildirib ki, bu kitabı yazmaqda əsas məqsədi Qarabağ müharibəsində baş verənləri ictimaiyyətə, dünyaya çatdırmaq olub: “Müharibədə 18-19 yaşında həlak olan nakam gənclərimiz də olub. Əsas məqsədim o gənclərimizin adlarını, müharibədə baş verənləri gələcək nəsillərə ötürmək olub”.

Qeyd edək ki, “Qanun” nəşriyyatında çap olunan kitabın redaktoru Səhər Əhməd, korrektoru Əyyar Tahirov, rəssamı ehtiyatda olan polkovnik Tərlan Eyvazovdur.