XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

18 Dekabr 2017 - 11:36

Facebook həbsləri –Virtual məkan hüquqi məsuliyyət yaradırmı?


Son illər Azərbaycanda sosial şəbəkələr üzərində də hüquqi nəzarət artırılıb. Əvvəllər bir çoxları elə düşünürdü ki, facebookda ağır təhqir də yazsan, heç bir məsuliyyət yaratmır. Amma beynəlxalq hüquqa və yerli qanunvericiliyə görə virtual məkanda da davranışlar hüquqi məsuliyyət yaradır.

Azərbaycanda artıq bəzi həbslər “facebook həbsləri” adını alıb. Düzdür, bu iddialar da var ki, sosial şəbəkədə aktivlik edən, status yazan, ictimaiyyəti aktivliyə səsləyənlərin əksəriyyəti müxtəlif bəhanələr və şərləmələrlə həbs edilib. O haqda da danışılır ki, hazırda sosial şəbəkələrin ciddi nəzarət altında olması da şübhəsizdir. Daxili yazışmalardan tutmuş, statuslara, hətta hansı fikri “layk” (bəyənmə) etməyə qədər bir məqam da nəzarətsiz buraxılmır.

Ekspertlər hesab edirlər ki, bu, daha çox “Misir baharı”ndan sonra yaranmış tendensiyadır. Belə ki, iqtidar insanların sosial şəbəkə vasitəsilə məlumatlanması, istiqamətlənməsi, bir sözlə, aktivləşməsindən narahatdır. Və bunun qarşısını xofla, qorxutma yolu ilə almağa çalışır.

Dünyanın bir çox ölkələrində facebook həbsləri olub. Tutaq ki, Amerika, Britaniya kimi ölkələrdə bu, sırf hansısa sosial şəbəkə istifadəçisinin başqasının hüquqlarını tapdaması və ya təhqir etməsinə qarşı açılan cinayət təqibinin nəticəsində baş verir. Məsələn, 19 yaşlı Texas sakini facebook səhifəsində yazdığı istehzalı statusuna görə ömrünün bir neçə ayını həbsxanada keçirib. O, digər istifadəçilərlə söyüşərkən, zarafatyana hansısa məktəbin şagirdlərini güllələməyi düşündüyünü yazmışdı.

Hakimiyyətdə isə bu zarafatın məsuliyyət yaratması qənaətinə gələrək, onun terrora səslədiyini iddia edərək Texas sakinini həbs etdilər.

Amma qonşu Türkiyədə 2013-cü ildə facebook həbsləri geniş vüsət almışdı. Məsələn, təkcə İzmir polisi şəhərdə Taksim Gəzinti Parkında baş verən etiraz aksiyalarına dəstək məqsədilə nümayişlər keçirilərkən sosial mediada hökumət əleyhinə çağırışlar edən 38 nəfəri müəyyənləşdirərək, onların 25-ni inzibati həbs etmişdi. Onlar bir neçə sutka saxlanılandan sonra azadlığa buraxılmışdı.

Beynəlxalq hüquq müdafiə təşkilatı “Human Rights Watch” Səudiyyə Ərəbistanında 7 nəfərin “facebook-da etirazları qızışdırmaq və ictimai nizamı pozma” iddiasıyla həbs edildiyini açıqlayıb. 2013-cü ilin 29 iyun tarixli hesabatda Ağır Cinayətlər Məhkəməsində 7 nəfərə 5-10 il arasında həbs cəzası verildiyi və həbs müddətini başa vurduqdan sonra da ölkə xaricinə çıxışlarının qadağan edildiyi bildirilib.

İranda da 2013-cü ildə facebook həbsləri baş vermişdi. Nazirliyin İnternetdə Təhlükəsizliyin Təminatı idarəsinin rəisi Kamal Hədianın dediyinə görə, polislər “internetdə korrupsiya və rüşvətxorluq yayan qrupu uzun müddətdən bəri müşahidə edəndən sonra həbsə əl atılıb”.

Tutulanlar 2 kişi və 2 qadındır. Onların facebook-da yaratdıqları səhifənin artıq 25 min daimi oxucusu vardı. Virtual gözəllik müsabiqəsinə qatılanlar burada öz fotolarını dərc edirdilər.

İranın hakimiyyət dairələri ölkədə facebook-a girişi yasaqlasalar da, iranlılar müxtəlif proqramlar vasitəsilə sosial şəbəkəyə qoşulurlar. Göründüyü kimi, dünyada da sosial şəbəkəyə görə xeyli həbslər baş verir.

musavat.com