XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

08 Yanvar 2018 - 15:16

“Azərbaycan” nəşriyyatının baş direktoru:“Bizdə kağız qıtlığı yaşanmır”

“Azərbaycan” nəşriyyatının baş direktoru Ağabəy Əsgərov ölkədə qəzet kağızı qıtlığının yaranması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

A. Əsgərov APA-ya açıqlamasında bildirib ki, “Azərbaycan” nəşriyyatında kağız qıtlığı yaşanmır. Onun sözlərinə görə, rəhbəri olduğu nəşriyyatın əlavə kağız ehtiyatı mövcuddur.

Baş direktor "Yeni Müsavat” qəzetinin bu gün kiçik ölçüdə çap olunmasına da aydınlıq gətirib.

O qeyd edib ki, qəzetin bugünkü sayı “Azərbaycan” nəşriyyatında çap olunmayıb: "“Yeni Müsavat” qəzeti şənbə və bazar günlərindən başqa, həftədə 5 gün bizim nəşriyyatda çap olunur. “Yeni Müsavat” qəzetinin bugünkü sayı bizim nəşriyyatda çap olunmayıb. Biz bazar günü fəaliyyət göstərmirik, bu məsələnin bizə aidiyyəti yoxdur. Onu da deyim ki, “Azərbaycan” nəşriyyatında çap olunan qəzetlərin ölçülərində problem yoxdur və olmayacaq”.

Qeyd edək ki, mediada ölkədə kağız qıtlığının yarandığı ilə bağlı məlumatlar yayılıb.

Eyni zamanda, “Yeni Müsavat” qəzeti bu gün daha kiçik ölçüdə çap olunub.

“Yeni Müsavat” Media Qrupunun baş direktoru Ələsgər Süleymanov APA-ya deyib ki, qəzetin bugünkü sayı “Azərbaycan” nəşriyyatında çap olunmayıb: “Bazar günü “Azərbaycan” nəşriyyatı fəaliyyət göstərmədiyinə görə qəzet başqa mətbəədə işıq üzü görüb. Özəl mətbəələrin əksəriyyətində isə qəzet kağızı yoxdur, qıtlıq müşahidə olunur. Bu səbəbdən ənənəvi 84 format kağız olmadığına görə, qəzeti 70 format kağızla çap etmək məcburiyyətində qaldıq. Amma həftənin 5 günü “Yeni Müsavat” qəzeti “Azərbaycan” nəşriyyatında tam normal formatda çap olunur. Bildiyim qədəri ilə Azərbaycana yeni qəzet kağızının gətirilməsi ilə bağlı tədbirlər görülür. Hesab edirəm ki, tədbirlər görüləndən sonra bu problem aradan qalxacaq”