XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

16 Yanvar 2018 - 15:01

“Mətbuat xidmətlərinin rəhbərləri süddən çıxmış qaşıq deyillər” –Seymur Verdizadə

"Dövlət qurumlarının, o cümlədən, özəl müəssisələrin mətbuat xidmətlərinə rəhbərlik edən şəxslərin narazılıq etməsinə müəyyən əsaslar var. Həqiqətən, bəzən jurnalistlər qeyri-peşəkar davranır, sualı lazımi instansiyaya ünvanlamırlar. Amma bunu ciddi qəzetlərə, aparıcı saytlara şamil etmək doğru olmazdı. Azərbaycanda kifayət qədər ciddi media resursları var ki, onların əməkdaşları müxtəlif sahələr üzrə ixtisaslaşıb və öz peşə borclarını ləyaqətlə yerinə yetirirlər. Mətbuat xidmətlərinin rəhbərləri həmin jurnalistlərlə qeyri-peşəkarlar arasında bərabərlik işarəsi qoymamalıdır”.

BakuPost.Az xəbər verir ki, bu sözləri Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə deyib. Mətbuat xidmətləri rəhbərlərinin jurnalistlərin fəaliyyətinə tənqidi yanaşmasına münasibət bildirən S.Verdizadə təəssüflə qeyd edib ki, internet media məkanında xaos hökm sürür və bunu danmaq bizə fayda gətirməyəcək: "Bir qrup adam reketlik edərək, əvvəlcə çap mətbuatını nüfuzdan saldı. İndi də hədəfdə elektron mediadır. Demək olar ki, onlar öz məqsədlərinə müəyyən qədər çatıblar. Bu cür ünsürlərə qarşı mübarizəni əzmlə davam etdirməliyik. Sonda vacib bir məqama da toxunmaq istəyirəm. Biz jurnalistlər öz fəaliyyətimizə tənqidi yanaşmağı bacarırıq. Amma bu o demək deyil ki, mətbuat xidmətlərinin rəhbərlərinin hamısı süddən çıxmış qaşıqdır. Onların arasında da qeyri-peşəkarlar çoxdur. Hətta elə mətbuat xidmətlərinin rəhbərləri var ki, neçə illərdir iynə olub, yoxa çıxıblar. Bu adamlar jurnalistlərin fəaliyyətini təftiş etməkdənsə, bir az da öz fəaliyyətlərini təftiş etsələr, yaxşı olar”.