XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

17 Aprel 2015 - 07:31

Rauf Mirqədirovun anası yazdı

Rəfiqə İsayeva: “Mənim bir Ana kimi ziyalılardan, Raufun həmkarlarından, oxucularından, Dövlətimizdən gözləntilərim var. Rauf uğrunda mübarizədə təslim olmayın. Əslində Raufun qurtuluşu bizim hamımızın və vətənimizin yanğından qurtuluşudur”

Hazırda həbsdə olan jurnalist Rauf Mirqədirovun anası Rəfiqə İsayeva qəzetimizə məktub yollayıb və onun çap edilməsini istəyib. Strateq.az “Aysel Əlizadəyə açıq məktub” başlıqlı həmin yazını təqdim edir:

“Cəmiyyət halından çıxıb qamışlığa çevrilən bu bataqlıqda
bir gün istənilən birimizin boğulmayacağına qarant varmı?
Belə bir cəmiyyətdə yaşayırıqsa, bu sizin və əzizlərinizin
faciəsi deyilmi? Yanğın baş verirsə, hamı onu söndürməyə
çalışır. İçindəkilər qurtulmaq üçün çaba göstərir.
Kimsə alovlanan yerin içində dayanıb öz növbəsini gözləmir.
Buna görə də istənilən neqativ olaya cəmiyyətin reaksiyasına
sevinmək gərəkdir. Bu yanğından qurtuluşdur” .
Aysel Əlizadə “Qorxu zənciri”
Belə yazır Aysel balamız. Məqaləni oxuyaraq şəklinə baxıram: gəncdir, istedadlıdır, ağıllıdır. Allah bəd gözdən saxlasın. Ancaq onsuz da narahat ürəyim bir az da sıxılır. çünki bu cəmiyyətdə heç kimin heç nədən sığortalanmadığının acısını mən öz həyatımda yaşadım. Mənim oğlum kimi bir ziyalı, əsl vətənpərvər, dövlətini sevən və bütün həyatını öz əqidəsinə sadiq qalaraq yaşayan bir insan artıq bir ildir ki, həbsdədir. özü də elə ağır bir ittihamla…
Mən, 77 yaşlı xəstə bir qadın əllərim əsə-əsə ona “peredaça” aparıram. Görünür, uca Allah mənə oğlumun yanına gedib-gəlmək üçün zaman möhlət verib. çünki atası dözmədi, oğlu tutulandan bir ayın tamamında ürəyi partladı. Yaşlı olsa da, sağlam idi kişi. Dərdə dözmədi. Oğluna kömək edə bilmədiyinə görə kədərdən, qüssədən özünə yer tapa bilmirdi.
ölümündən bir gün qabaq evimizdə axtarış olmuşdu. Nə bilim, pul, narkotik, silah, qızıl axtarırdılar. Mən də ölü pulumuzu, bir də barmağımdakı nişan üzüyünü ortaya qoydum. Mədəni adamlar idi, utandılar: “Götürün” – dedilər. Təsəvvür edirsiz, həyatını təmiz, vicdanlı, alnıaçıq yaşamış, dövlətin verdiyi təqaüd ilə dolanan ziyalının evindən silah, narkotik axtarmaq nə deməkdir? Bu onun üçün nə müsibətdir, nə təhqirdir. Bu axı insanın bütün həyatının üstündən xətt çəkməkdir. Son damladır, insanı dirigözlü öldürməkdir. Mənim yoldaşım oğlum tutulan gün mənən artıq olmuşdu, axtarışın səhəri cismən getdi. Bu günahın bədəlini kimə yazaq, ay qızım? Sənin alman filosofun buna nə deyir? Vətənini sevən insana vətən xaini adı vermək suçunun sorunu kimin üzərinə düşür? Axı Raufun fəaliyyəti göz qabaqındadır. Onun bütün müsahibələri, hətta Yerevanda belə keçirilən konfranslarda çıxışları, məqalələri göz qabağındadır. Onun bir məqaləsini oxumaq kifayətdir ki, necə əqidə yiyəsi olduğunu anlayasan. Rauf kimi intellektual insanın tutulması ancaq bizim düşmənlərimizə sərf edir. Ancaq dövlətimizin düşmənləri bunda maraqlı ola bilərlər. Qarabağ münaqişəsini belə dərdindən bilən, təhlil etməyi bacaran, xaricdə belə sözü eşidilən bir azərbaycanlı balasını susdurmaq üçün. Axı Rauf bu millətindir, bu torpağındır, bu dövlətindir. Müstəqil dövlətin gücü onun vətəndaşlarının intellekti ilə ölçülür. Oğlum ölkəmizin inkişafını ardıcıl, dinc islahatların aparılmasında görüb. Və bunu davamlı şəkildə öz məqalələrində detalları ilə açıqlayıb. Bəzən illər sonra baş verə biləcək hadisələrin proqnozunu verməyi bacaran jurnalist-politoloqdur. Düşünürəm ki, məhz bu səbəbdən onu susdurmaq düşmənlərimizə lazım idi. Raufu tanıyan insanlar, onun oxucuları üçün ittiham ağlasığmaz səslənir. Guya Rauf maddi maraq zəminində erməniyə satılıb. Azərbaycan Respublikasının Əməkdar Jurnalisti, jurnalistikaya aid bütün mükafatların lauriatı, tanınmış ziyalı, ömrünü müstəqil dövlətimizin qurulmasına sərf edən, gündəlik təhlilləri ilə dövlətçiliyimizi daha da möhkəmləndirməyə çalışan Rauf Mirqədirov sən demə, elementar “şpion” imiş. özü də maddi maraq zəminində. Novruz bayramında “Zerkalo”nun redaktoru Elçin Şıxlı bir neçə həmkarı ilə mənə dəyməyə gəlmişdi. Söhbətləşdik, dərdləşdik. Elçin müəllim dedi ki, “Raufa “Zerkalo” da işləyəndə pullu nəşrlərdən tez-tez iş təklifləri gəlirdi. Mənim ona verdiyim maaşdan qat-qat artıq maaşa Raufa işlər təklif olunurdu. Mən onu vermək istəməsəm də seçimi Rauf üçün qoyurdum. Rauf bütün təkliflərə yox deyirdi. Heç bir pul müqabilində öz əqidəsindən, müstəqilliyindən əl çəkmirdi. Bunu bildiyimiz üçün Raufun belə ittihamla tutulması bizə çox ağır gəlir”.
Raufa olunan pullu iş təkliflərini biz valideynləri də bilirdik. Rauf daxilən azad insan olduğundan onun üçün ən dəyərli həqiqət – əqidəsidir. Heç bir maddiyyat onu əqidəsindən döndərə bilmirdi, fikirlərindən, şəxsiyyətindən qiymətli ola bilməzdi. Başa düşürəm, indiki dövrdə bu sözlər çoxları üçün qəribə səslənir, amma Rauf kimi insanlar həmişə olub və əslində onların üzərində dünya durduqca durur.
Mənim bir Ana kimi ziyalılardan, Raufun həmkarlarından, oxucularından, Dövlətimizdən gözləntilərim var. Rauf uğrunda mübarizədə təslim olmayın. Əslində Raufun qurtuluşu bizim hamımızın və vətənimizin yanğından qurtuluşudur.
İsayeva Rəfiqə,
Azərbaycan Respublikasının Əməkdar jurnalisti, Həsən bəy Zərdabi, ilin jurnalisti, Humayun və digər mükafatların laureatı Mirqədirov Rauf Həbibulla oğlunun anası