XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

03 Aprel 2018 - 18:21

Gürcüstanda İTV-yə irəli sürülən namizəd azərbaycanlılarda narazılıq yaratdı:"Qrantların əldə olunması ilə məşğul olub"

Gürcüstan İctimai Televiziyasının (İTV) Qəyyumlar Şurasının üzvlüyünə milli azlıqları təmsil edəcək İzabella Osipovanın namizədliyinin irəli sürülməsi azərbaycanlılar arasında fikir ayrılığına səbəb olub.

Gürcüstan ombudsmanı Nino Lomcariya bu vəzifəyə İ. Osipovanın namizədliyini irəli sürərək parlamenti onu dəstəkləməyə çağırıb. Xalq müdafiəçisi deyib ki, İ. Osipova özü milli azlıq nümayəndəsi olaraq İTV-də onların maraqlarını müdafiə etməyə hazırdır.

Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayev İzabella Osipovanın namizədliyini qəbuledilməz sayır. O bildirib ki, ombudsman bəyanatında İ. Osipovanın namizədliyinin Gürcüstanda yaşayan bütün etnik və dini qruplar tərəfindən yekdilliklə dəstəkləndiyini iddia edib: “Ombudsmanın bu məlumatı haradan əldə etdiyini bilmirik. Osipova 10 ildən çox bir müddətdə Ombudsman yanında Milli Azlıqlar Şurasının icraçı katibi olub və bu vaxt ərzində onun ətrafı şəxsi maraqlar üçün qrantların əldə olunması ilə məşğul olub. Osipovanın namizədliyinin dəstəklənməsi bu cür halların təkrar olunmasına gətirib çıxaracaq”.

Ə. Babayev əlavə edib ki, rəhbərlik etdiyi təşkilat Gürcüstan parlamentinin spikerinə və üzvlərinə müraciət edərək İ. Osipovanın namizədliyini dəstəkləməməyə çağırıb.

Qeyd edək ki, Gürcüstanda fəaliyyət göstərən və azərbaycanlıların təmsil olunduğu bir neçə QHT İ. Osipovanın namizədliyini dəstəkləyib./APA/