Bu gün “Azərbaycan-İsrail” Beynəlxalq Tibb Mərkəzi və Azinforum.az saytının birgə təşkilatçılığı ilə “Mediaya tibbi dəstək” adlı xeyriyyə aksiyası keçirilib.
Beynəlxalq Tibb Mərkəzinin Bakı şəhərində olan ofisində ölkənin tanınmış KİV-lərini təmsil edən 40-a yaxın jurnalist pulsuz tibbi müayinədən keçib. Saat 11.00-da başlayan aksiya 16.00-a qədər davam edib.
Jurnalistləri rəhbəri olduğu tibb mərkəzində salamlayan Aleksander Şapiro-Suliman bildirib ki, imkanları daxilində KİV nümayəndələrinə bacardıqları tibbi dəstəyi verməyə hazırdırlar.
Aksiyadan yararlanan jurnalistlər tədbirin sonunda “Azərbaycan-İsrail” Beynəlxalq Tibb Mərkəzinə bu nəcib təşəbbüsə görə minnətdarlıqlarını bildiriblər.
Aleksander Şapiro-Suliman jurnalistlərdə aşkarlanan bəzi xəstəliklərin müalicəsinə də yardımçı olacaqlarını bildirib.