Məlum olduğu kimi, Türkiyədə ictimai sabitliyin qorunması və təhlükəsizlik məqsədi ilə sosial medianın hökumət tərəfindən tənzimlənməsinə qərar verilib. Maraqlıdır, Azərbaycanda necə, sosial medianın dövlət tərəfindən tənzimlənməsinə ehtiyac varmı?
Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Fazil Mustafa sosial medianın dövlət tərəfindən tənzimlənməsinə ehtiyac olmadığını vurğuladı:
“Azərbaycanda da ölkənin təhlükəsizliyi məqsədi ilə bu addımları atmaq olar. Lakin bu, özlüyündə çox çətin bir məsələdir. Sosial medianın mərkəzi Azərbaycanda deyil. Texnoloji baxımdan bunu gerçəkləşdirmək problemli məsələdir. Bunu inhisara götürmək, mərkəzləşmiş qaydada idarə eləmək mürəkkəb bir işdir və demək olar ki, mümkün deyil. Belə olsa, sosial media öz mahiyyətini itirmiş olacaq. Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da hökumətin özünə yaxın olan sosial media yaradıb ictimai rəyə onun vasitəsi ilə təsir etmək ənənəsi var. Lakin ümumi olaraq sosial medianı nəzarətə götürmək çətindir. Bu, qəzet çapı deyil ki, nəşriyyatda bir adam oturdasan və deyəsən ki, bu qəzeti yox, digərini çap elə. Türkiyədə bu, bir qədər ideoloji-siyasi səbəblərlə atılan bir addımdır. Bununla hökumətə qarşı atılan addımlara müdaxilə etmək üçün hüquqi zəmin yaratmaq məqsədi güdülür. Bu, beynəlxalıq təşkilatlar tərəfindən də qınanan bir addımdır. Məncə, Azərbaycanda sosial medianın tənzimlənməsinə ehtiyac yoxdur. çünki Azərbaycanda onsuz da Cinayət Məcəlləsinə edilən dəyişikliklərə əsasən sosial mediada səslənən qanunazidd çağırışlara görə məsuliyyət müəyyən edilib. Lakin əgər bir şəxs İsveçdə, Norveçdə və ya Afrikada oturub hansısa çağırışlar edirsə, onun məsuliyyətə cəlb edilməsi məsələsi həmin şəxsə Azərbaycan dövvlətinin əlinin nə dərəcədə çatmasından asılıdır. Hesab edirəm ki, qanunvericiliyə edilən dəyişikliklər dövlət təhlükəsizliyi və s. məsələlərin təmini üçün qismən də olsa yetərlidir. Sosial medianın tənzimlənməsi ilə bağlı həyata keçiriləcək addımlar media azadlıqlarının boğulması imici yarada bilər ki, bu da indiki məqamda Azərbaycana ümumiyyətlə lazım deyil”.