XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

22 İyul 2018 - 00:10

Bu gün Azərbaycan milli mətbuatının 143-cü ildönümüdür

Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 143 il ötür.

Azərbaycanda ilk mətbu orqanın – əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.

Xatırladaq ki, “Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşdı. Təsadüfi deyil ki, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edir, müntəzəm məqalələrlə çıxış edirdilər. Lakin “Əkinçi”nin ömrü uzun sürmədi. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başladı və sonda qəzetin nəşrini dayandırdı.

Sonrakı illərdə görkəmli ziyalılar tərəfindən nəşr edilən “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “İrşad”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallar “Əkinçi”nin ənənələrini davam etdirdi. Bu mətbuat orqanlarının əsas hədəfi cəhalətə, haqsızlığa qarşı mübarizə, maarifləndirmə idi. Zəngin və şərəfli yolla addımlayan Azərbaycan mətbuatı bir neçə mərhələdən keçdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə azad mətbuatın, eləcə də hadisələrə yeni baxışın təməli qoyuldu. Növbəti mərhələ isə Azərbaycan Xalq Cümhuriyyətinin bolşeviklər tərəfindən işğalından sonrakı dövrü əhatə edir…

Müstəqillik dövründə Azərbaycan mətbuatı ilə bağlı ilk fərmanı da mərhum prezident Heydər Əliyev imzalayıb.

Ümumilikdə, Heydər Əliyev mətbuatın problemlərinin həlli ilə bağlı 10-dan çox sərəncam və fərman imzalayıb. 1999-cu ildə “Kütləvi İnformasiya Vasitələri haqqında” beynəlxalq tələblərə cavab verən qanun qəbul edilib. Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli sərəncamı ilə Azərbaycanda senzura ləğv olunub.

Prezident İlham Əliyev isə 31 iyul 2008-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında KİV-lərin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq edib. Onun sərəncamı ilə 2013 və 2017-ci illərdə Azərbaycanda ümumilikdə 410 jurnalist mənzillə təmin edilib. Hazırda daha 255 jurnalistin mənzillə təmin edilməsi üçün yeni çoxmərtəbəli bina tikilir. Bundan əlavə, bir çox qəzetlərə maliyyə yardımları göstərilir…

Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet, jurnal və internet saytları fəalyyət göstərir.

APA