XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

24 Aprel 2015 - 07:34

Səxavət Məmmədovun oğlu: “Heydər Əliyev dedi ki, səndən yaxşı diplomat olar” – MÜSAHİBƏ

bextiyar.jpg

“Kaspi” qəzeti mərhum xanəndə Səxavət Məmmədovun oğlu, Xarici İşlər Nazirliyinin əməkdaşı Bəxtiyar Məmmədovdan müsahibə alıb.

Strateq.az müsahibəni qısa ixtisarla oxuculara təqdim edir:

Onu 8 yaşından tanıyırıq. Hələ kiçik yaşlarından dilli-dilavərliyi, gözəl diksiyası, səlis nitqi ilə həmyaşıdlarından seçilən müsahibimizin verilişlərini maraqla izləmişik. Yaşıdları ona bənzəməyə, onun kimi məşhur olmağa çalışıb. Televiziya sahəsində uğur qazansa da, peşəsini daha çox sevdiyi başqa bir sahəyə dəyişib. Müsahibimiz Xarici İşlər Nazirliyinin əməkdaşı, sevə-sevə dinlədiyimiz xanəndə Səxavət Məmmədovun oğlu Bəxtiyar Məmmədovdur.

Qeyd edək ki, B.Məmmədov 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olub, “Yuxu”” filmində Bədəl rolunda çəkilib.

– Bəxtiyar bəy, keçmişdən başlayaq. Necə oldu ki, televiziya sahəsinə gəldiniz?

– 1991-ci ildə atam rəhmətə gedəndə ailəmizdə bu itki ilə çox adam barışa bilmədi. Bu, təkcə bir ailənin deyil, bütün xalqın itkisi idi. Onun yoxluğunun təsəllisini tapmaq üçünmü, ya onu yaşadan birilərinin olması üçünmü fikirləşirdik ki, Səxavət ölməməlidir. Kiməsə baxanda o hənirti, o iy gəlməlidir. Allah atama verdiyi o gözəl səsi mənə bəxş etməsə də, kiçik yaşlarımda intonasiyam, diksiyam, digər qabiliyyətlərim nəticəsində televiziya sahəsinə gələ bildim. 1992-ci ildə AzTV tərəfindən müsabiqə keçirilirdi. Müsabiqədən keçdim və 8 yaşımdan uşaqlar üçün verilişlər aparmağa başladım. Düz 11 il AzTV-də çalışdım. Sonuncu verilişim universitetin ikinci kursunda oxuyanda “Məktəblilərin Tusi klubu” oldu. Bütün diqqətimi öz ixtisasıma yönəltməyə qərar verdim və 2003-cü ildən televiziya həyatı ilə vidalaşdım.

– Kiçik yaşlarınızdan televiziya sahəsində bu qədər uğur qazansanız da, sənədlərinizi başqa bir sahəyə, Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinə verdiniz…

– Televiziyaya çox kiçik yaşlarımda gəldiyimdən, təbii ki, bu, düşünülmüş şəkildə atılan addım deyildi. 8 yaşında uşağın qarşısına məqsəd qoyması bir az ağlabatan deyil. Sözügedən ixtisası seçməyimə gəlincə, həm humanitar fənlərə marağım var idi, həm də məni ilhamlandıran digər məqam olmuşdu. 1996-cı ildə valideyn qayğısından məhrum olmuş uşaqlarla Şəhriyar adına Mədəniyyət Mərkəzində görüş təşkil edilmişdi. Ulu öndərimiz Heydər Əliyev də görüşə gəldi. Mən ulu öndərin qarşısında nitq söylədim. Başımı sığallayıb neçə yaşımın olduğunu, adımı soruşdu və bildirdi ki, məndən yaxşı diplomat olar. Həmin sözlər uşaq ağlımla o zamandan qulağımda sırğa oldu və fikirləşdim ki, əgər bu dahilikdə insan mənə bunu deyibsə, niyə də olmasın. O vaxtlar hər il uşaqların televiziya və radio günü keçirilirdi. Veriliş AzTV-də canlı gedirdi və 6 saatlıq canlı yayında aparıcı mən olurdum. Hər dəfə ulu öndərimiz uşaqların görüşünə gələndə şəxsən dərslərimlə, necə oxuduğumla maraqlanırdı. Universitetə qəbul olunandan sonra da qəbulla bağlı ilk hesabatımı ulu öndərimizə verdim. Görüşlərdə Heydər Əliyev qeyd edirdi ki, “mən baxıram, artıq Bəxtiyarın boyu böyüyüb, hündürləşib”. Bu kadrları əziz bir xatirə kimi saxlayıram.

Düzdür, yaşım azkən hələ diplomat sözünün mənasını tam dərk edə bilmirdim. Ancaq humanitar fənlərə, xarici dillərə böyük marağım var idi. O cümlədən, uşaqlıqdan coğrafiya fənnini çox sevirdim. Bütün bunların hamısı, dünya xəritəsinə olan marağım da məni sözügedən sahəyə yönləndirdi.

– Böyük Britaniyadakı London Diplomatiya Akademiyasının (Vestminster Universiteti) magistratura pilləsini bitirərək Diplomatiya elmləri magistri dərəcəsini almısınız. Maraqlıdır ki, Londonda təhsilinizi başa vurandan sonra Bakı Dövlət Universitetində Beynəlxalq hüquq ixtisası üzrə magistratura pilləsini bitirmisiniz. Bənzər ixtisas üzrə yenidən magistr dərəcəsi almaq hansı ehtiyacdan yarandı?

– Bakalavr pilləsini başa vurandan sonra təhsilimi davam etdirmək üçün bir neçə ölkədə universitetlərə müraciət etdim. Cavabları almamış sənədlərimi Bakı Dövlət Universitetinə də verdim və test imtahanlarından keçərək qəbul oldum. Bir müddət sonra müraciət etdiyim ABŞ, Norveç və Hollandiya universitetlərindən qəbul olmağımla bağlı cavab gəldi. Bakı Dövlət Universitetindən akademik möhlət alaraq Böyük Britaniyaya yollandım. Oradan qayıtdıqdan sonra düşündüm ki, təhsilin ancaq xeyri ola bilər və Bakı Dövlət Universitetində təhsilimi davam etdirdim.

– Bakıda da, Londonda da magistratura pilləsini oxşar ixtisaslar üzrə bitirmisiniz. Təhsillərimiz arasındakı ən böyük fərqlər hansılardır?

– Hərəsinin öz fərqlilikləri var. Düşünürəm ki, təhsil almaq istəyən insan hər yerdə bunu edə bilər. Sadəcə, vasitələr fərqlidir. Məsələn, Böyük Britaniya təhsil sistemində tələbəyə münasibət bizdən və ya rus təhsil sistemindən, o cümlədən Fransa təhsil sistemindən fərqlidir. Böyük Britaniyada tələbələrə münasibətdə liberallıq var. Amma imtahanlarda tələbəyə digər ölkələrdəki münasibət göstərilir. Yəni sənə liberallıq verir, sənə qarşı demokratdır, ancaq sonda heç nəyi keçmir.

– Diplomat olmağın üstünlükləri və çətinlikləri hansılardır?

– Diplomat peşəsi şərəfli peşədir. Sən öz ölkəni təmsil edirsən. Təbii ki, hər peşənin özünün romantizmi ilə yanaşı, çətinlikləri də var. İnsan sevdiyi işlə məşğul olanda realizmlər qəbul edilən olur. Bizim peşənin çətinliyi ilk növbədə ondan ibarətdir ki, daim bir yerdə qalmaq, bir yerdə məskunlaşmaq bizə yaddır. Uzun müddət müxtəlif ölkələrdə işləyirik. Yeni cəmiyyətlərə alışmaq, yeni insanlarla tanışlıq nə qədər xoşdursa, o qədər də çətindir. İnsan gənckən bu mərhələni daha rahat adlayırsa, ailəli olanda artıq bir nəfərin deyil, bir neçə nəfərin məsuliyyətini daşıyırsan. Peşəmizin realizmi budur. Ancaq əsas insanın işindən zövq alması, gördüyü işin məsuliyyətini dərk etməsidir. Buna görə də realizm sənin sənətinə olan istəyinin yanında çox aşağıda qalır, çətinliklərinin öhdəsindən isə zamanla gəlirsən.

– İki övladı olan ata kimi necə düşünürsünüz, deyirlər, diplomat ailəsində ən çox çətinliyi uşaqlar çəkir…

– Oturaq həyat tərzi keçirən insanlar buna çətinlik kimi baxsa da, əslində bunun gözəl tərəfləri də var. Uşaq neçə cəmiyyətdə olur, neçə dil bilir, dünyanın müxtəlif ölkələrində dostları olur. Uşağın gələcəkdə dünyagörüşünün formalaşmasında dünyanı gəzməsi kifayət qədər rol oynayır. Amma təbii ki, hər ölkəyə gedəndə müəyyən çətinliklər də olur. Hətta uşağa xüsusi peyvəndlərin vurulması zəruri hal alır. Hər ölkənin öz iqlimi, öz yeməyi var. Uşaqlar çətinlik çəksə də, digər tərəfdən canları bərkiyir.

– üç il Azərbaycanın Argentinadakı səfirliyində konsulluq məsələləri üzrə məsul şəxs kimi çalışmısınız. Argentina cəm
iyyətini necə təsvir edərdiniz?

– Argentina multikultural bir ölkədir. Orada bir çox icmalar yaşayır. Xüsusən ispanlar, italyanlar, yəhudilər, almanlar, ruslar, ukraynalılar, fransızlar və hətta ermənilər kifayət qədərdir.

– Bəs sözügedən ölkədə azərbaycanlıların sayı nə qədərdir?

– Argentinada bir əlin barmaqlarının sayılacağı qədər Azərbaycan vətəndaşı var idi. Dünya ölkələrində türkləri çox görməyə alışsaq da, orada hətta türklərin sayı da çox deyil. Nədənsə o materik türk dünyasından bir az kənarda qalıb.

– Bəxtiyar bəy, yaxşı diplomatda hansı xüsusiyyətlər cəmləşməlidir?

– Diplomat mənim üçün ən şərəfli peşələrdəndir. Bəzən deyirlər, diplomatlar yalan danışan şəxslərdir. Qətiyyən elə deyil. Yalan danışan diplomat özünü nüfuzdan və gözdən salır. Diplomat həqiqətləri söyləməkdə bir az qənaətcil olandır. Bu gün elə bir dövrdə, elə bir cəmiyyətdə yaşayırıq ki, güclü məntiq və dəmir iradə qalib gəlir. Düşünürəm ki, bunlar nəinki diplomatiyada olan şəxslərdə, ümumiyyətlə, beynəlxalq aləmə açılan, danışıq masasına əyləşən hər bir şəxsdə olmalıdır.

BEXTI HEYDER.jpg