Dövlət Gömrük Komitəsi (DGK) Akademiyasının İctimaiyyətlə əlaqələr şöbəsinə yeni rəis təyin olunub.
Strateq.az xəbər verir ki, bu vəzifəyə tanınmış jurnalist, Azərbaycanın yeganə fransızdilli “Le Carrefour” qəzetinin baş redaktoru Zeynab Kazımova gətirilib.
Bu barədə ZeynəbKazımova özü məlumat verib.
Xatırladaq ki, 1996-cı ildən jurnalistlik fəaliyyətinə başlayan Zeynab Kazımova həm radio və televiziyada, həm də müxtəlif qəzetlərdə müxbir kimi çalışıb. Zeynab Kazımova 2009-2010-cu illərdə Belçikanın Azad Brüssel Universitetinin Avropaşünaslıq İnstitutunda elmi işçi statusu alıb və həmin universitetdə “Ümumavropa təhlükəsizlyi və Cənubi Qafqazda münaqişələr” mövzusu üzrə araşdırma aparıb. 2008-ci ildə Azərbaycan Dillər Universitetində yeni yaradılan İctimaiyyətlə əlaqələr və Mətbuat xidməti şöbəsinə rəhbər təyin olunub.
O cümlədən ADU-nun rəsmi orqanı olan “Poliqlot” qəzetinin baş redaktoru kimi fəaliyyət göstərib. 2010-cu ildən isə şöbə daxilində yaradılan Protokol xidmətinə də rəhbərlik edib. 2010-cu ildə Azərbaycan Dillər Universiteti “İlin Universiteti”, ADU-nun Mətbuat xidməti isə ali təhsil müəssisələrinin analoji strukturları içərisində birinci yerə çıxaraq “İlin mətbuat xidməti” adını qazanıb.
2011-ci ildə isə ADU-nun Mətbuat xidmətinin rəhbəri ali təhsil müəssisələrinin analoji strukturları içərisində ”Ilin mətbuat katibi” seçilib.
2014-2017-ci illərdə Bakı Ali Neft Məktəbində İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi işləytib. 2017-ci ildə Xalça muzeyinin mətbuat katibi təyin edilib. Hazırda Xalça muzeyindəki fəaliyyətinə də davam edir.