XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

04 Mart 2015 - 06:08

Rəsmi qəzetdən Obama haqda çox sərt yazı

 “Azərbaycan”dan Obama haqda çox sərt yazı – savaş qızışır

Vaşinqton-Bakı münasibətləri yenidən gərginləşdi; “Washington Post”un məqaləsinə dövlət qəzeti sərt cavab verdi: “Əgər Obama dünyaya qan uddurmaq siyasətini davam etdirəcəksə…”; Nulandın Bakı səfərindən sonra vəziyyətin yenidən “müharibə həddinə” gəlməsi iki sualı aktuallaşdırır; ABŞ səfiri niyə rayon səfərlırinə Qobustandan başlayır?

Amerika ilə Azərbaycan hakimiyyəti arasında gərginlik yenidən artıb. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Viktoriya Nulandın fevralın 17-də Bakıya etdiyi səfərindən və rəsmi Bakı ilə mübahisəli məsələləri həll edəcək ortaq bir qurumun yaradılması barədə razılaşmalardan, 4 aylıq fasilədən sonra yeni səfirin fəaliyyətə başlaması ilə gərginliyin azalması gözlənilsə də, əks proseslər baş verməkdədir.

Belə ki, öncə Ağ Evə yaxın “Washington Post” qəzeti Azərbaycandakı vəziyyəti tənqid edən sərt məqalə dərc edib. “Azərbaycanda məhkəməsiz həbs olunmaq” adlanan məqalədə qeyd olunur ki, ölkə prezidenti “güclü despotizm əlamətləri” nümayiş etdirir, “azadlıqlar uğrunda danışan jurnalistlər, bloggerlər, hüquqşünaslar, insan haqları fəalları və digərləri qanunsuz olaraq həbsə atılır”. Məqalədə əsas tənqid hədəfi kimi məhz hakimiyyət başçısı seçilib. Diqqətçəkəndir ki, bu dəfə məqalə müəllif yazısı deyil, “Washington Post”un redaksiya məqaləsidir.
Rəsmi Bakının bu məqaləyə reaksiyası da özünü çox gözlətməyib. Milli Məclisin rəsmi orqanı olan “Azərbaycan” 3 mart sayında ABŞ prezidenti Barak Obamanı eyni sərtliklə tənqid edən məqalə dərc edib. “ABŞ-da məhkəməsiz həbs olunmaq” sərlövhəli yazıda Obamanın “güclü hegemonluq və despotizm əlamətləri nümayiş etdirdiyi” diqqətə gətirilir. “Cənab Obamanın tənqidçilərini susdurmağa yönəlmiş sevimli alətlərindən biri də həbsdir. Baxmayaraq ki, Amerika prezidenti öz çıxışlarında az qala tanınmış hüquq müdafiəçilərini də geridə qoyur. Quantanamoda bu günə kimi “terrorçuluqda” və ya “terrorçularla əlbir olmaqda” şübhəli bilinən insanlar saxlanılır. Onların sayı, törətdikləri cinayətlər, saxlanma şəraiti barədə heç kimin məlumatı yoxdur. çünki cənab Obama öz sələfləri kimi onların üzərində ədalət məhkəməsinin həyata keçirilməsini artıq hesab edir. üstəlik, mövcud vəziyyəti tənqid edən jurnalistlər və fəalların özləri də həbslərə məruz qalırlar” deyə, “Azərbaycan” qəzetinin birinci səhifəsində dərc etdiyi redaksiya məqaləsində deyilir.
“Vaşinqtonun öz opponentlərinə qarşı necə qəddar davranış nümayiş etdirdiyinin əyani sübutlarını” sadalayan qəzet ABŞ prezidenti haqqında bunları yazır: “öz ölkəsində insanların hüquqlarının belə kobud şəkildə pozulmasına göz yuman, üstəlik, onları ittiham hədəfinə çevirən bir dövlət başçısı dünyada demokratiyanı necə qoruya bilər? İkili standartları dövlət siyasəti səviyyəsinə yüksəltmiş cənab Obama dünyadan özünə və təmsil etdiyi dövlətə qarşı inam və etimad gözləməkdə haqlıdırmı? Obama “Amerikanın dünyanın bir nömrəli ölkə olması” ideyasının qurbanına çevrilib. Əlbəttə, əgər o, hegemon və despotik idarəçiliyini, dünyaya qan uddurmaq siyasətini davam etdirəcəksə, bütün dünyanı Amerikaya qarşı qaldıracaq və yəqin ki, birincilik iddiası baş tutmayacaq”.
Nulandın Bakı səfərindən sonra vəziyyətin yenidən “müharibə həddinə” gəlməsi iki sualı yenidən aktuallaşdırır. Birincisi, Nulandın səfərində ciddi razılaşmalar olubsa, “atəşkəs” niyə yenidən və belə tezliklə pozuldu? İkincisi, rəsmi Vaşinqton Bakıdan (və əksinə) konkret olaraq nə istəyir ki, münasibətlər heç cürə düzəlmir? Qeyd edək ki, Nuland Bakıya səfərində media qarşısında səsləndirdiyi bəyanatlarda kifayət qədər korrekt davranmış, müxalifətlə görüşməmiş, Azərbaycanda heç bir inqilab üçün zəmin olmadığını dilə gətirmiş, hətta kəlbəcərli girovların azad edilməsinin vacibliyini vurğulamışdı.

Mümkündür ki, Azərbaycanda Şəhidlər Xiyabanını ziyarət etməyən Nulandın Ermənistanda saxta soyqırım qurbanlarının abidəsinə gül çələngi qoyması rəsmi Bakını narazı salsın. Amma münasibətlərin bu cür diplomatik etiket ziyarətləri səbəbindən yenidən gərginləşməsi də real görünmür. Bəs o zaman nə baş verir ki, iki dövlət arasında münasibətlər əvvəlki axarına qayıtmır?
Müşahidəçilərin fikrincə, bu gərginlik əslində 2008-ci ildə-Obama Ağ Evin sahibinə çevrildikdən sonra başlayıb, müəyyən fasilələrlə gah artıb, gah da azalıb. İddialar var ki, gərginliyin daha da artması dövrü Obamanın ikinci prezidentlik müddətində Con Kerrini dövlət katibi təyin etdikdən sonraya təsadüf edir. Məlumdur ki, Ağ Evin xarici siyasətini müəyyənləşdirən Con Kerri ermənipərəst mövqeyi ilə tanınır.
Azərbaycan iqtidarı həm mərhum Heydər Əliyevin, həm də İlham Əliyevin dövründə xüsusilə Amerika ilə münasibətlərə ciddi önəm verib. Bu münasibətlərin 22 illik tarixinə nəzər saldıqda aydın olur ki, xüsusi gərginlik dövrü məhz Obamanın Ağ Evə gəlməsi ilə başlayıb. Bu dövrə qədər rəsmi Bakı ən müxtəlif üsullarla, xüsusən ABŞ-dakı lobbiləri vasitəsilə Ağ Ev rəhbərləri ilə anlaşa bilib. Obama isə Azərbaycan hakimiyyəti ilə həmişə məsafə saxlamağa çalışıb və onun prezidentliyi dönəmində Azərbaycan rəhbəri hansısa səbəbdən bu günəcən də Vaşinqtona rəsmi dəvət almayıb. Bildiyimiz qədər, Nuland da son səfərində Azərbaycana belə bir dəvət gətirməmişdi…
Azərbaycanı regionda strateji müttəfiqi hesab etdiyi ABŞ-ın bu cür soyuq münasibətinin kökündə “demokratik vəziyyət” kimi demoqogiyanın dayanmadığı aydındır. çünki çox da uzaq olmayan keçmişdə Ağ Ev Liviya diktatoru Qəzzafiyə belə qonaqpərvərlik nümayiş etdirirdi. Təbii ki, məhz Ağ Evin bu cür mövqeyi Azərbaycan hakimiyyətini də ciddi narazı salır. Təsadüfi deyil ki, rəsmi Bakı ilə işləmiş heç bir ABŞ prezidenti Azərbaycan mətbuatında Obama qədər ardıcıl və sərt dillə tənqid edilməyib… Münasibətləri danışıqlar masası arxasında deyil, qəzet səhifələrində aydınlaşdırmağa (əslində daha da qəlizləşdirməyə) məcbur olanda isə belə xoşagəlməz mənzərə yaranır.
Belə görünür ki, Azərbaycanla Ağ Ev arasında münasibətlərin istənilən səviyyədə olması üçün Obamanın prezidentlik müddətinin sonunu-yəni daha 2 il gözləmək lazım gələcək…
Daha iki maraqlı nüansı da qeyd edək. Bu gərginlik martın 10-da Azərbaycanda başlayacaq “Amerika həftəsi”ərəfəsində baş verir. ABŞ-ın ölkəmizdəki yeni fəaliyyətə başlayan səfiri, ölkəni gəzdikdən və əhali ilə təmaslardan sonra geniş mətbuat konfransı keçirəcəyini vəd edən Robert Sekutanın “yol xəritəsinə” harada başlayacağı da diqqət çəkəndir. “Amerikanın səsi” radiosunun məlumatına görə, səfir “mənim salamlama videomda verilən üç seçimdə sizin 70%-iniz Qobustana səs vermisiniz. Mən tezliklə ora səfər edəcəyəm” deyə, səfirliyin facebook səhifəsində yazıb.
Qobustan Azərbaycanın daş abidələri ilə zəngin rayonudur, bu baxımdan səfirin görüşlərə məhz orada başlamasının simvolik mənası da var. Amma Qobustan həm də əhalinin rəsmi orqanlardan ən çox şikayət edilən rayonlarından biri kimi də tanınır…