XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

18 Oktyabr 2018 - 23:02

“Televiziya və radio yayımı haqqında” Qanun dəyişir –Milli Məclisdə iclas

Bu gün Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirilib.

Komitə sədri Rafael Hüseynov iclası açaraq 18 oktyabrın Azərbaycan tarixindəki önəmindən, ölkəmizin müstəqillik tarixindən danışıb, Müstəqillik günü münasibətilə təbriklərini çatdırıb.

Komitə sədri bildirib ki, gündəliyə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanuna və bununla əlaqədar olaraq “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında” və “Teatr və teatr fəaliyyəti haqqında” qanunlara (üçüncü oxunuş) dəyişikliklər edilməsi barədə məsələlər daxildir.

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunda nəzərdə tutulan dəyişikliyə görə televiziya və videofilmlərdə, teatr tamaşalarında, radio, televiziya, video və kinoxronika proqramlarında, uşaqlar üçün nəzərdə tutulan audiovizual əsərlərdə tütün məmulatlarının və tütün istifadəsi prosesinin təbliğat məqsədilə nümayiş etdirilməsi, həmçinin tütün məmulatlarının və tütün istifadəsi prosesinin təbliğat məqsədilə nümayiş etdirildiyi əsərlərin, tamaşaların, proqramların efirdə, kabel yayımı vasitəsilə açıq yayımlanması qadağan edilir.

Bununla əlaqədar olaraq “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında” və “Teatr və teatr fəaliyyəti haqqında” qanunlara eyni məzmunlu əlavələr edilir.

Qeyd olundu ki, hər üç qanunda nəzərdə tutulan dəyişikliklər “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanuna uyğunlaşdırma məqsədi daşıyır.

Çıxış edən komitə üzvləri Elmira Axundova, Jalə Əliyeva, Fəzail İbrahibli təqdim olunan dəyişiklikləri dəstəklədilər və qanun layihələrini üçüncü oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə ediblər/Modern.az.