XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

20 Dekabr 2018 - 13:06

Xətaidə qanunsuz tikintilərdən pul toplayan rəis müavini jurnalistlərin zaldan çıxarılmasını tələb edib –Məhkəmə prosesi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almada təqsirləndirilən Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin sabiq rəis müavini Xalid Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Strateq.az “Report”a istinadən xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili məhkəmə zalında əyləşən jurnalistlərə etiraz edib. O, KİV nümayəndələrinin məhkəmə zalından çıxarılmasını istəyib.

Hakim isə deyib ki, açıq məhkəmə iclasında hər kəs iştirak edə bilər.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.

İttiham aktına əsasən, Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin keçmiş rəis müavini X.Məmmədov işlədiyi dövrdə qulluq mövqeyindən sui-istifadə edərək, bir sıra qanunsuz tikililərə görə və dələduzluq edib və rüşvət alıb. Onun barəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma), 34, 312-ci (rüşvət verməyə təhrik etmə), 178-ci (dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.

Prosesdə elan olunmuş ittiham üzrə X.Məmmədov özünü təqsirli bilmədiyini söyləyib.

Məhkəmə X.Məmmədova sərbəst ifadə vermək təklifi edib. Lakin o, növbəti iclasda ifadə verəcəyini bildirib.

Məhkəmənin növbəti iclası dekabrın 24-nə təyin edilib.

Qeyd edək ki, Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin keçmiş rəis müavini X.Məmmədov Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, o, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar əsasında həbs edilib.

O, Xətai rayonunda bir sıra qanunsuz tikililərə görə və rüşvət almada təqsirli bilinir.

Qeyd edək ki, X.Məmmədov Xətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı Razim Məmmədovun qohumudur. R.Məmmədov dekabrın 13-də Prezidentin sərəncamı ilə vəzifəsindən azad olunub.