XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

03 Yanvar 2019 - 14:22

Azadlıq Radiosu Rusiya Ali Məhkəməsinə müraciət edəcək –“Xarici agent” cəriməsinin ləğvini istəyir

Azadlıq Radiosu (RFE/RL) Rusiya Ali Məhkəməsinə 100 min rubl (1440 dollar) cərimənin ləğvindən ötrü müraciət edəcək. Həmin cərimə iyulda ölkənin qalmaqallı “xarici agent” qanunu çərçivəsində kəsilib.

Dekabrın 13-də Moskva Şəhər Məhkəməsi radionun apellyasiya şikayətini təmin etməyib. İlkin instansiya məhkəməsinin qərarında deyilirdi ki, cərimə Azadlıq Radiosunun Rusiyadakı fəaliyyəti barədə hesabat vermək öhdəliyini yerinə yetirmədiyinə görə qoyulub. 2017-ci ilin dekabrında Ədliyyə Nazirliyi radionu və onun bir neçə bölümünü “xarici agent” qrupuna salıb.

Həmin təsnifat Prezident Vladimir Putinin 2017-ci ilin noyabrında imzaladığı qanuna əsasən aparılıb. Sözügedən qanun hökumətə imkan verir ki, xaricdən maliyyələşən media orqanlarına “xarici agent” damğası vursun. Eyni qayda 2012-ci ildə qəbul olunmuş qanuna uyğun olaraq, xaricdən maliyyələşən, siyasi fəaliyyətlə məşğul olduğu bildirilən qeyri-hökumət təşkilatlarına da aid edilir.

Azadlıq Radiosu cəriməni ödəsə də bildirir ki, fəaliyyəti barədə aprelin 15-dək qoyulmuş vaxtadək ona görə hesabat verə bilməyib ki, Ədliyyə Nazirliyi dəfələrlə edilmiş xahişlərə baxmayaraq, ərizə formalarını təqdim etməyib, məlumat prosedurunun ayrıntılarını da zamanında açıqlamayıb.

“HAKİMİYYƏTİN MƏQSƏDİ…”

Onsuz da tənqid olunan “xarici agent” qanununun media orqanlarının aid edilməsi Qərb hökumətlərinin sərt tənqidinə səbəb olub. Onlar və insan haqları fəalları Kremlin informasiyanı daha çox məngənəyə salmağa çalışdığını deyirlər. “Moskva Şəhər Məhkəməsinin qərarı Rusiya hakimiyyətinin şirkətimizə ziyan vurmağı, özəlliklə də Rusiyadakı jurnalistlərimizin işini əngəlləməyi hədəfləyən son cəhdidir”, – Radionun prezidenti vəzifələrini icra edən Daisy Sindelar deyib.

“Bizim işimiz Rusiyada və bütün dünyadakı hadisələr barədə balanslı, obyektiv informasiya verməkdir. Jurnalistlərimizin hər hansı hökumətin agentləri olmasını demək saxtadır”, – o, sözlərinə əlavə edib. Rusiya rəsmiləri isə “xarici agent” qanunun media orqanlarına aid edilməsinin ABŞ-ın addımına “simmetrik cavab” olduğunu deyirlər. Birləşmiş Ştatlar Kremlin dəstəklədiyi RT peyk televiziyasından Xarici Agentlərin Qeydiyyatı Aktına uyğun qeydiyyata düşməyi tələb edib.

ABŞ kəşfiyyatı RT-ni təbliğat yaymaqda suçlayıb. Birləşmiş Ştatlar rəsmiləri iki ölkənin qanunlarının əsaslı fərqləndiyini, Rusiyanın xarici agent qanunundan narazıları susdurmaq, azad fikir mübadiləsindən çəkindirmək üçün yararlandığını bildirir.

Azadlıq Radiosu ABŞ Konqresi tərəfindən maliyyələşir. Ancaq ABŞ qanunvericiliyi qurumla ABŞ hökuməti arasında sədd çəkərək radionun redaktə azadlığını təmin edir. Rusiya hökuməti “Amerikanın Səsi”, “Current Time TV”, eləcə də AzadlıqRadiosu-nun bir sıra digər bölmələrini də “xarici agent” kateqoriyasına salıb.