Səudiyyə Ərəbistanının Baş Prokurorluğu jurnalist Camal Xaşuqcinin qətlə yetirilməsilə bağlı Ər- Riyad Cinayət Məhkəməsində ilk dinləmələrin keçiriləcəyini bildirib.
“Əl Ərəbiyyə” telekanalı xəbər verir ki, ilk iclasda jurnalistin qətlində iştirak etməkdə ittiham edilən 11 nəfər məhkəmə qarşısına çıxarılacaq. Onlardan 5-i üçün prokurorluq tərəfindən edam cəzası tələb olunur.
Məlumatda o da vurğulanıb ki, Türkiyə məhkəmə orqanlarına bu məsələyə dair mövcud dəlil-sübutları təqdim etmək barədə sorğu göndərilib, lakin cavab alınmayıb.
Jurnalistin qətlində əli olan bəzi şəxslərə dair istintaq hərəkətlərinin davam etdiyi də diqqətə çatdırılıb. /Report/