XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

30 Yanvar 2019 - 18:00

Mehman Hüseynov ailə üzvləri ilə görüşüb:“Azadlığa çıxacağı günü səbirsizliklə gözləyir”

Bloger Mehman Hüseynovun ailə üzvləri yanvarın 30-da 1 saylı Bakı İstintaq Təcridxanasında ona baş çəkib.

Bu, Mehmana qarşı yeni cinayət işinə xitam verildikdən sonra yaxınlarının ilk ziyarətidir.

Mehman Hüseynovun qardaşı, siyasi mühacirətdə olan Emin Hüseynov “Turan” agentliyinə bildirib ki, uzun aclıqdan sonra Mehmanın səhhəti stabilləşib, ancaq 20 kiloqram arıqlayıb. Qardaşının sözlərinə görə, Mehman evdən gətirilən yeməklərdən imtina edib, çünki bərpaedici pəhrizdədir, ancaq maye süd məhsulları və meyvə şirəsi qəbul edir. “Mehman 33 gündən sonra azadlığa çıxacağı günü səbirsizliklə gözləyir. Azadlığa çıxdıqdan sonra ilk işi səhhətini tam bərpa etmək və sonra gündəlik işinə başlamaqdır“, qardaşı qeyd edib.

Bununla yanaşı, o deyib ki, yeni cinayət işi bağlandıqdan sonra Mehmanın yanına vəkilləri buraxılmayıb, doğmaları ilə telefon danışıqları məhdudlaşdırılıb.

Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb – polisə böhtan atmaqda təqsirli bilinib.

Mehman Hüseynov həbsinin sosial şəbəkələrdə yaydığı videolarla bağlı olduğunu bildirib.