XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

06 Mart 2019 - 20:39

Ədliyyə Nazirliyi Mətbuat Şurası ilə əməkdaşlığa başladı –- FOTOLAR

Ədliyyə Nazirliyi və Mətbuat Şurası ədliyyə və məhkəmə fəaliyyəti barədə ictimaiyyətin daha geniş məlumatlandırılması və əhalinin hüquqi biliklərinin artırılması ilə bağlı birgə layihəyə start verib. Layihə çərçivəsində media nümayəndələrinin iştirakı ilə nazirliyin ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə silsilə tədbirlər, mətbuat konfransları və brifinqlər keçirilir.

Strateq.az Azərtac-a istinadla bildirir ki, ilk brifinq martın 6-da nazirliyin icra, probasiya, istintaqazadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrası sahəsində fəaliyyətinə və yeniliklərə həsr olunub.

Tədbirdə Ədliyyə Nazirliyinin aidiyyəti qurumlarının və Mətbuat Şurasının rəhbərliyi və əməkdaşları, ədliyyə naziri yanında ictimai komitənin üzvləri və 40-dan çox KİV nümayəndəsi iştirak edib.

Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini Aynur Sabitova tədbirdə çıxış edərək bildiriblər ki, brifinqin keçirilməsində məqsəd Ədliyyə Nazirliyi ilə media orqanları arasında əməkdaşlıq əlaqələrini genişləndirmək, nazirliyin maarifləndirmə işlərində, ədliyyə fəaliyyəti barədə əhalinin mütəmadi və daha geniş şəkildə məlumatlandırılmasında onların iştirakını yaxından təmin etməkdir.

Tədbirdə Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri, vəzifələri haqqında ətraflı məlumat verilib. Bu baxımdan maarifləndirmə tədbirlərinin və media ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyi vurğulanıb, brifinqin əhəmiyyəti qeyd olunub. Bildirilib ki, mütəmadi xarakter daşıyan belə tədbirlər nazirliyin fəaliyyətinin bütün istiqamətlərini əhatə edəcək.

Sonra İcra baş idarəsinin rəisi Nurəddin Mustafayev, Probasiya xidmətinin rəisi Akşin Ziyadov, İstintaq idarəsinin rəisi Zakir Qafarov, Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov brifinqdə çıxış edərək nazirliyin mühüm fəaliyyət istiqamətləri olan icra və probasiya xidmətlərinin istintaq və cəzaların icrası sahəsində fəaliyyətindən, bu qurumların gördüyü işlərdən danışıblar.

Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və digər çıxış edənlər bildiriblər ki, bu cür tədbirlər dövlət qurumları ilə əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir. Ədliyyə Nazirliyi ilə Mətbuat Şurasının təşkil etdiyi görüş KİV-lə nazirlik arasında əməkdaşlığın genişləndirilməsi, habelə bu sahədə görülmüş işlər barədə ictimaiyyətin dolğun məlumatlandırılması baxımından vacib əhəmiyyət kəsb edir.

Brifinqdə sual-cavab sessiyası keçirilib, iştirakçılar arasında fikir mübadiləsi aparılıb, media ilə əlaqələrin əhəmiyyəti, qarşılıqlı fəaliyyətin zəruriliyi və əməkdaşlığın prioritet istiqamətləri müzakirə olunub, jurnalistlərin sualları cavablandırılıb.

Sonra KİV nümayəndələri Probasiya xidmətinin elektron monitorinq mərkəzinin fasiləsiz fəaliyyəti, elektron qolbağın imkanları və tətbiqi xüsusiyyətləri ilə əyani tanış olublar.