XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

27 Mart 2019 - 13:10

Tanınmış jurnalist KİVDF sədrini “topa tutdu”:"Onun qəzetinin əməkdaşları üst-üstə 37 dəfə qalib olublar, amma..."

“Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli 5 ildir mənimlə düşmənçilik edir. O, rəhbərlik etdiyi Fondun qapı-pəncərəsini mənim üzümə bağlayıb, dövlətin jurnalistlər üçün yaratdığı imkanlardan faydalanmağıma imkan vermir”.

Strateq.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Seymur Verdizadə yenisabah.az saytına müsahibəsində bildirib. O, Fond rəhbəri ilə gərgin münasibətlərinin səbəblərini açıqlayıb:

“2014-cü il fevral ayının 10-da Azərbaycan Mətbuat Şurası Türkiyənin ölkəmizdəki səfirliyilə birgə tədbir keçirirdi. Tədbirdə iki ölkə jurnalistləri arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunurdu. Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hamit Karadəniz bildirdi ki, azərbaycanlı jurnalistlərdən ibarət heyət təcrübə keçmək üçün tezliklə Türkiyəyə yola düşəcək. Sonra mən çıxış etdim. Bir sıra vacib məsələlərə toxunandan sonra Hamit bəydən xahiş etdim ki, Türkiyəyə yola düşəcək heyəti müəyyənləşdirəndə KİVDF-nin təcrübəsindən istifadə etməsinlər. Bu vaxt KİVDF-nin icraçı direktoru Vüqar Səfərli mənim sözümü kəsdi. Dedi ki, biz nəyi düzgün etmirik? Dedim ki, siz Türkiyəyə, Şimali Kipr Türk Cümhuriyyətinə  apardığınız heyəti şəxsi münasibətlərə görə müəyyənləşdirirsiniz. Sizin heyətdə həmişə eyni adamlar təmsil olunur. Azərbaycanda beş-altı baş redaktordan başqa jurnalist yoxdur?  Şimali Kipr Lənkəran boyda yerdir. Azərbaycanlı jurnalistlər orda nə öyrənə bilər? Millət vəkili, yazıçı-publisist Aqil Abbas da həmin tədbirdə iştirak edirdi. Dedim ki, Vüqar müəllim, Aqil Abbasın 60 yaşı var. Bu gün Aqil Abbasın öyrənən deyil, öyrədən vaxtıdır. Qoy, Şimali Kiprdən olan jurnalistlər gəlib Aqil Abbasdan öyrənsinlər. Harda görünüb ki, 60 yaşında adamı təcrübə öyrənməyə aparsınlar? Sağ olsun, Aqil Abbas ayağa qalxıb dedi ki, Seymur düz deyir. Yalnız gəncləri təcrübə keçməyə göndərmək lazımdır. Təvazökarlıqdan uzaq olsa da demək istəyirəm ki, mənim hər sözüm, hər çıxışım böyük rezonans doğurur. Həmin gün 10-a yaxın sayt mənim çıxışımla bağlı xəbər hazırladı. Saytların əksəriyyətində başlıq eyni idi: “Tanınmış jurnalist KİV Fondunu tənqid etdi”. Elə o gündən də tanınmış jurnalistin kitabı bağlandı”.

S.Verdizadə qeyd edib ki, bundan sonra o Vüqar Səfərlidən pisliklər görüb:

“KİV Fondu ildə 3 dəfə – Növruz bayramında, Milli Mətbuat Günü və Yeni il ərəfəsində jurnalistlər üçün bayram tədbiri keçirir. Vüqar Səfərli məni heç vaxt həmin tədbirlərə dəvət etmir. Mən, bəzən bir gündə 6 saat efirdə oluram. Bir yazımı 10-15 sayt yayır. Elə olur ki, bir ayda 6-7 rayonda jurnalistika ilə bağlı keçirilən tədbirlərdə çıxış edirəm. Amma Vüqar müəllim bunları gözardı edir. Bir gündə 6 saat efirdə olan, köşələri saytları “bəzəyən” jurnalistin dəvət olunmadığı tədbirlərdə mətbuata dəxli olmayan adamlar boy göstərirlər. Mən, bir dəfə KİVDF-nin jurnalistlər arasında keçirdiyi müsabiqəyə qatılıb, birinci yeri tutmuşam. O vaxt qaliblərə 1000 manat mükafat verilirdi. Mənim kimi kasıb jurnalist üçün 1000 manat böyük məbləğdir, bu pulla bir çox problemimi həll edə bilərəm. Amma həmin çıxışdan sonra Vüqar Səfərli mənim qarşımda “qırmızı işıq” yandırdı. 2014-2017-ci illərdə 9 dəfə KİVDF-nin jurnalistlər arasında keçirdiyi müsabiqəyə qatılmışam. Təəssüf ki, Səfərli yoldaş bir dəfə də qalib olmağıma imkan verməyib. Bir dəfə mən yazdığım istiqamət üzrə 11 məqalə təqdim olunmuşdu. Nəticələr açıqlananda məlum oldu ki, 11-ci yeri tutmuşam. Maraq xatirinə növbəti müsabiqəyə də yazı verdim. Nəticələr elan olunanda, mən rayonda idim. Bir dostum zəng edib zarafatla dedi ki, irəliləyiş var, bu dəfə 9-cu yeri tutmusan. KİV Fondunun saytına girəndə məlum oldu ki, həmin istiqamət üzrə 9 yazı təqdim olunub və mən yenə ən axırıncı olmuşam. Növbəti dəfə öz adımdan deyil, tanış redaksiyaların birində təcrübə keçən tələbə qızın imzası ilə müsabiqəyə yazı verdim. Cəmi bir saat ərzində dizimin üstündə qaraladığım həmin məqalə qalib oldu. Bundan sonra bir də KİVDF-nin keçirdiyi müsabiqələrə məqalə təqdim etmədim. Vüqar Səfərlinin sahibi olduğu “Mövqe” qəzetinin əməkdaşları KİVDF-nin keçirdiyi müxtəlif müsabiqələrdə üst-üstə 37 dəfə qalib olublar. Amma mənim təkcə Telman İsmayılovdan yazdığım məqalənin oxucusu “Mövqe” qəzetinin illik abunəçilərinin sayından iki dəfə çoxdur. Axırıncı dəfə orta məktəbdə inşa yazarkən əlinə qələm alan adamlar KİVDF-nin xətti ilə 8 dəfə xarici ölkələrdə səfərdə olublar. Mən heç bir səfərdə iştirak etmək niyyətində deyiləm. Bəs, mətbuatın yükünü çiyinlərində daşıyan Xalid Kazımlı, Əfqan Qafarlı, Zülfüqar Hüseynzadə, Zaur Əhməd, Elnur Məhərrəmli, Anar Niftəliyev, Aqil Camal, Gülşən Hacıyeva, Elnur Məmmədli, Pərvin Abbasov, Günel Əbilova kimi zəhmətkeş redaktorlar niyə bu səfərlərdən kənarda qalırlar? Bu ədalətsizliyə, nəhayət, son qoyulmalıdır. Onu da deyim ki, bu, Vüqar Səfərli tərəfindən mənə qarşı edilən haqsızlığın hamısı deyil”.

Jurnalist KİVDF sədrinin qərəzli münasibətinin bununla yekunlaşmadığını deyib:

“Bildiyiniz kimi, jurnalistlər üçün inşa olunan ikinci bina 2017-ci ildə istifadəyə verildi. Ev almaq üçün mən də müraciət etmişdim. Əldə etdiyim dəqiq məlumata görə, bu məsələ Prezident Administrasiyasında müzakirə olunanda, Vüqar Səfərli mənim ev almağıma qəti şəkildə etiraz edib. Bunu həmin müzakirədə iştirak edən adamlardan biri mənə dedi. Onun sözlərinə şübhə ilə yanaşdığımı görəndə isə qayıtdı ki, mənə inanmırsansa, Quran gətir, əlimi üstünə qoyub and içim. Bir vacib məqamı da qeyd etmək istəyirəm. Azərbaycan Mətbuat Şurası indiyə kimi iki dəfə KİVDF Müşahidə Şurası üzvlüyünə mənim namizədliyimi irəli sürüb. Amma heç birində namizədliyim təsdiqlənməyib. Şübhə etmirəm ki, bu məsələdə Vüqar Səfərlinin mənə olan sonsuz qəzəbi həlledici rol oynayıb. Onu da deyim ki, Azərbaycan Mətbuat Şurasının ötən il baş tutan 15 illik yubileyində Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdrinin müavini Vüqar Əliyevlə görüşüb, bu haqsızlığa son verilməsini xahiş etdim. Həmin gün Vüqar müəllimlə aramızda geniş söhbət oldu. Sonda Vüqar müəllim məndən səbirli olmağı xahiş etdi. Bu gün sizə müsahibə verəndə hiss etdim ki, səbir kasam dolub”.