XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

02 Mart 2016 - 17:57

Elmar Hüseynov məzarı başında anıldı –FOTO

elmar-jurn-mezar

 

Bu gün jurnalistlər, siyasilər, söz azadlığı tərəfdarları mərhum jurnalistin məzarını ziyarət ediblər.

 

2005-ci il martın 2-də qətlə yetirilən “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin 11 ili tamam olub. Bu təqvimlə bağlı keçirilən anım mərasiminə mərhum baş redaktorun yaxınları, AXCP sədri Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli, Nida Vətəndaş Hərəkatının üzvləri, jurnalistlər və ictimaiyyət nümayəndələri olub.

 

Tədbirdə ilk olaraq “Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev çıxış etdi: "Bu il başqa illərdən fərqlidir. Ölkədə ciddi dəyişikliklər başlayır və sürətlə də davam edəcək. Bu, qaçınılmazdır. Biz illərdir bu hakimiyyətə deyirdik ki, bunlar baş verəcək. Onları yollarından çəkindirməyə çalışmışıq. Amma dinləmədilər. Artıq böyük dəyişikliklər başlayır. Ona görə də mən hesab edirəm ki, bu gün, çox önəmli bir gündür və biz burada Elmarın ruhuna müraciət edə bilərik. Onun apardığı mübarizə, onun tutduğu yol artıq bizi azadlığa çıxarır və bu cəmiyyət azadlığa çıxacaq". 

 

Milli Şuranın sədri Cəmil Həsənli: "Bu gün Azərbaycan mətbuatının, söz sənətinin ən tanınmış nümayəndələrindən biri olan, canını azad söz uğrunda fəda etmiş Elmar Hüseynovun anım günüdür. O illəri biz çox yaxşı xatırlayırıq. Onun həmin dövrdə ölkədəki qanun pozuntuları, rüşvətxorluqla bağlı bütün məsələlərə münasibəti gün kimi aydın idi. O, mübariz bir mətbuat orqanı yaratmışdı. Elmar azad söz uğrunda mübarizənin qurbanlarından biridir. Azad söz ölkəmizdə problem olaraq qalmaqdadır. Bu gün Azərbaycanda çoxlu sayda jurnalistlər, bloggerlər, söz deyə bilən adamlar həbsdə yatırlar. Mən Mehman bəylə razıyam. Ölkə bu formada idarə edilməsi uzun müddət davam edə bilməzdi. Azad söz, azad mətbuat qələbə çalmalıdır. Allah Elmara rəhmət eləsin". 

 

AXCP sədri Əli Kərimli: "Elmar Hüseynov ölkəmizdə məhz rüşvəti, qeyri-demokratik idarə etməni ifşa etdiyi üçün qətlə yetirilib. Geridə qalan 11 il sübut etdi ki, bu hakimiyyət dəyişməyincə Elmarın qatilləri tapılmayacaq. Rəsmi məlumata görə, Elmarın qatilləri Gürcüstanda gizlənir. Necə olur ki, biz Gürcüstanla istənilən mövzuda problemlərimizi həll edə bilirik, amma qatilləri tapa bilmirik? Cavab sadədir – onları axtaran yoxdur. Biz hər il buraya toplanırıq və toplanacağıq da. Çünki biz Elmarı unutsaq, onun qatillərinə haqq qazandırmış olarıq". 

 

Müsavatçılar mərhum jurnalistin xatirəsini yad edib, onun ruhuna dua oxuyub və məzarı üstünə gül dəstələri qoyublar.

 

Müsavat Partiyasının başqanı Arif Hacılı və Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər çıxış edərək, Elmar Hüseynovun öz qələmi ilə azadlıq uğrunda apardığı mücadiləni qeyd ediblər.  

 

Jurnalistin qətlinin üstü açılmadığına görə, bu qəddar cinayətin məsuliyyətinin hakimiyyətin üzərində olduğunu vurğulayıblar.

 

Müsavatın Divan üzvü, jurnalist Alya Yaqublu Elmar Hüseynovun yaradıcılıq fəaliyyəti, onun cəsur mövqeyi və istedadı ilə bağlı öz xatirələrini danışıb (Musavat.com).

Xatırladaq ki, Elmar Hüseynov 1967-ci ilin iyulun 17-də Bakıda doğulub. O, jurnalist fəaliyyətinə 1995-ci ildə "Zerkalo" qəzetində başlayıb. Elmarın tənqidi məzmunlu «Monitor» jurnalı 1996-cı ildən etibarən işıq üzü görüb. 

Elmar Hüseynov 2005-ci il martın 2-də evinin qarşısında odlu silahla öldürülüb. Qətlin sifarişçiləri və icraçıları hələ də həbs edilməyib. Jurnalistin həyat yoldaşı və azyaşlı oğlu onun ölümündən sonra Norveçə mühacirət ediblər.