XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021

Digər Xəbərlər

02 Avqust 2019 - 14:56

“Sosial şəbəkələr radikalizmin yayılması üçün münbit platformadır” –Politoloqdan açıqlama

Sosial şəbəkələr radikal dini cərəyanların insanları öz toruna salması üçün ən yaxşı vasitədir. Onlar insanların yorğun, yuxulu vaxtlarını seçirlər ki, bu zaman insanın beynini yumaq asan olur.

Politoloq Arzu Nağıyev bu qənaətdədir. Onun sözlərinə görə, radikal cərəyanların iş prinsipləri kifayət qədər mürəkkəbdir. Onlar insan psixologiyasını, onu necə ələ almağın yollarını peşəkar səviyyədə bilirlər. Əvvəl insanların beynini yuyur, sonra onları istədikləri aksiyanı törətməyə sövq edə bilirlər.

Ekspert hesab edir ki, təkcə qadınlar, uşaqlar, qocalar deyil, hətta kifayət qədər fiziki gücü olan idmançılar belə onların təsirinə asanlıqla düşə bilirlər.

“İdmançıya tatami üzərinə saqqalla çıxmaq yasaqdır. Amma radikal dini cərəyanlar idmançını öyrədirlər ki, sən bu qaydaları pozmaq üçün yaranmısan. Və bir də görürsən ki, idmançı tatamiyə saqqallı çıxıb. O, bununla fərqli olduğunu, qaydalara boyun əymədiyini göstərməyə çalışır” – deyə politoloq bildirib.

“Azərbaycanda dini radikalizmin inkişafı əsasən dağ rayonlarında və kəndlərində müşahidə edilir. Orada cəmiyyət ailədaxili zorakılıqlarla, qətllərlə üzləşir”. Bunu isə Gənc Demokratlar İnstitutunun direktoru Yeganə Hacıyeva deyib.

“Qadın mühitində radikalizm ümumi radikalizmin yayılmasının təzahürüdür və bu, bütün dünyada müşahidə edilir” – deyən Hacıyevanın fikrincə, son illərdə qadınlar arasında yayılan dini radikalizmdə sosial şəbəkələrin payı böyükdür.

“Son illərdə, radikalizmin yayılması sosial mediada fəal şəkildə müşahidə olunur və bunun vasitəsilə radikal hərəkatlar öz “dəyərlərini” təbliğ edir.

Yalnız dövləti, hökuməti, məktəbi və ya təhsil sistemini radikalizmin inkişafında günahlandırmaq düzgün deyil. Hər kəs buna qarşı mübarizə aparmalıdır”, – deyə o, bildirib.

O qeyd edib ki, Azərbaycan hökuməti islam fundamentalizminin cəmiyyətə sirayət etməsi mərhələsində gecikib: “20 il əvvəl xaricdən çox sayda missioner qruplar ölkəyə gəldi. Onlar humanitar missiya ilə gəldiklərini elan etsələr də, əslində qaçqın və məcburi köçkünlərin ağır psixoloji və sosial durumundan istifadə edərək öz ideyalarını yaymağa başladılar. Sonra isə əsasən qadınları hədəf götürdülər. Nəyə görə Azərbaycanda dindən danışılanda söhbət həmişə gəlib qadınların başörtüsünə çıxır?! Çünki din qadınlar üçün daim təhlükə mənbəyi olub. Radikal dinlər isə qadınların ən böyük düşmənidir”.

P.s.Bu yazı “Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qadınların radikal dini cərəyanlar barədə maarifləndirilməsi mövzusunda tədbirlərin təşkili” layihəsi çərçivəsində yazılıb.