Bu gün Bakı Apellyasiya Məhkəməsində ANS Şirkətlər Qrupunun Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı 8 şikayətinə baxılıb.
Bunu ANS Şirkətlər Qrupunun vəkili deyib. Sevda Məhərrəmovanın sözlərinə görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə şikayətlər üzrə qərar qəbul edib:
"Məhkəmənin gəldiyi nəticə bundan ibarət olub ki, MTRŞ verdiyi qərarlara yenidən baxmalıdır. Bu 8 şikayət ANS ÇM radiosu ilə bağlıdır. Belə ki, MTRŞ ötən il dekabrın 23-də ANS ÇM radiosunu 161 min manat cərimələyib". ANSTV
Xatırladaq ki, ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru Mirşahin Ağayev MTRŞ-nin çıxardığı və Şuranın sədri Nuşirəvan Məhərrəmovun imzaladığı 2015-ci il 13 oktyabr tarixli qərarlarının (reklam haqqında qanunun pozulmasına görə ANS cərimələnmişdi – red.) ləğv edilməsi tələbi ilə Səbail Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə həmin iddianı təmin etməyib. Qərardan narazı qalan şirkətin baş direktoru M.Ağayev apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.