XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

28 Dekabr 2019 - 20:35

İsmayıl Rafiqoğlu:“Media Məktəbi mütləq ortaya nəticə qoymalıdır”

Jurnalist yetişdirmək zaman tələb edir. Gənc jurnalistin püxtələşməsində orta və ali məktəb müəllimindən tutmuş çalışdığı redaksiyanın təcrübəli əməkdaşlarına kimi hamının zəhməti olur. Media eksperti, təlimçi, Report Media Məktəbinin koordinatoru İsmayıl Rafiqoğlu peşəni öyrənməyin yeganə yolunun gündəlik jurnalist işinin sistemli yerinə yetirilməsində olduğunu düşünür. 

– Azərbaycan informasiya məkanında yeni bir jurnalistika məktəbinin yaranması necə reallaşdı?  

– 2018-ci ilin may ayında agentliyin rəhbərliyi “Report”da yeni media məktəbi yaratmaq üçün təkliflə çıxış etdi. Mən əvvəlki təlimçilik praktikama görə bu məktəbdə çalışmaq üçün dəvət aldım. Hər bir işi sıfırdan başlamaq olduqca çətindir. Bir var artıq hazır bir yerə gedirsən, prosesə qoşulursan. Bir də var deyirlər bu meydan, bu da şeytan. Buyur, metodikanı hazırla, gəncləri seç, başla işə. İlk aylarda bir çox məsələ mənim özümə də aydın deyildi. Nədən başlayaq, nəyin üzərində daha çox cəmlənək və ya hansı müddətə daha uğurlu nəticə əldə etmək olar kimi sualların cavabı yox idi. Mənim jurnalist, redaktor, təlimçi kimi kifayət qədər təcrübəm olsa da, jurnalistika məktəbi yaratmaq kimi məsuliyyətli işə qoşulmağım olduqca riskli bir iş idi. Uğurlu da alına bilərdi, uğursuz da. Bu, iki günlük təlim deyil, bir qədər danışdın, hərə bir tərəfə dağıldı. Media məktəbi mütləq ortaya nəticə qoymalıdır.

– Siz hansı nəticəni əldə etməyi düşünürdünüz? Yəni ali təhsil ocaqlarında bu qədər jurnalistika fakültəsi var. Əlavə məktəb nəyə lazımdır? 

– Hər bir media qurumu savadlı, bilikli və ən əsası bacarıqlı jurnalistlə əməkdaşlıq etmək istəyir. Əməkdaşın hazırlığı nə qədər yüksək olsa, qurumun işi bir o qədər uğurlu alınacaq. Reallıqda isə hər bir yeni işə qəbul olunmuş jurnalisti redaksiyanın işinə uyğunlaşdırmaq lazım gəlir. Bu həm əlavə zaman tələb edir, həm də əsas heyətin işini ləngidir. Hamıya məlum olan həqiqəti aylarla yeni işçiyə anlatmaq məcburiyyəti yaranır. Jurnalistika fakültəsini yeni bitirmiş məzun isə bəzən redaksiya üçün əsl başağrısına çevrilir.

Akademik təhsil günün tələbindən geri qalır. İnformasiya mühiti dəqiqəbədəqiqə dəyişir, biz çoxdan internet dövründə yaşayırıq, amma təhsil sistemində qəzet çapından danışılır. Əlbəttə, tarixə bir rakurs kimi belə məlumat gərəkli ola bilər, amma praktikada belə bir tələbənin çox zaman müasir dövrün tələbinə uyğun faydalı bilik əldə etməsi alınmır. Redaksiyaya gələn belə məzun özünü heç bir halda ifadə edə bilmir. Deməli, ali məktəbin verə bilmədiyi bacarığı biz aşılamalıyıq. Jurnalistika məktəbi də bu işlə məşğul olur.

– Təhsillə praktik jurnalistika arasında nədən belə uçurum yaranıb? Gənclərə gələcək işdə lazım olacaq bilik və bacarığı elə təhsil dövründə aşılamaq olmazmı? 

– Akademik təhsil olduqca mühafizəkar bir sahədir. Hər hansı bir dəyişikliyin nə cür effekt verəcəyini heç kim bilmir. Hətta başqa bir ölkədə tətbiq edilən uğurlu layihə başqa şəraitdə tam iflasa uğraya bilər. Məsələn, hamının bəh-bəhlə təriflədiyi Finlandiya təhsil sisteminin ən böyük qüsuru istedadlı uşaqlara və dahilərə maneə yaratmasıdır. Uşaqların yaradıcı potensialını inkişaf etdirir, amma dərs yükü məhz istedadlar üçün azdır, onlar hamıya qoşulub birgə hərəkət etməyə məhkumdurlar. Riyaziyyat olimpiadalarının qalibləri adətən Rusiya və Çin məktəbliləri olur. Amma hazırda Finlandiyada bunu anlayır və problemin həlli yolunu axtarırlar. Bizim də ali təhsil axtarışdadır, yeni metodikalar gəlir, yeni qaydaları tətbiq etməyə çalışırıq. Azərbaycanda ali məktəbə daxil oldunsa, çox böyük ehtimalla ali təhsili təsdiqləyən diplomu alacaqsan, amma xaricdə oxumayan tələbəyə heç kim diplom verməz. Biz hələ də qaib yazmaqla məşğuluq, amma inkişaf etmiş ölkələrdə buna əhəmiyyət verən yoxdur, nəticə vacibdir.

– Report Media Məktəbi praktik olaraq nə ilə məşğuldur? Sizin metodikanın əsasında nə durur? 

– Adətən zarafatla deyirəm: bizim jurnalist Həsən bəy Zərdabinin həyat və yaradıcılığı, “Əkinçi” qəzetinin fəaliyyətindən kifayət qədər məlumatlıdır, amma kiçik bir xəbəri yazmaqda acizdir. Nəticədə mətbuatın ümumi səviyyəsi aşağı düşür. Hətta bir neçə dəfə tələbələrlə bir təcrübə keçirmişik. Deyirdim istənilən saytdan istənilən xəbəri seçin, onun nə qədər qüsurlu olduğunu göstərim. Hələ bircə dəfə də olsun əksini sübut edən olmayıb. Nə xəbər seçiblərsə, qüsurdan bol olub.

Praktik olaraq media məktəbinə gələn tələbə hər gün jurnalistin gördüyü işlə məşğul olur. Xəbər hazırlayır, sorğu keçirir, müsahibə alır, tədbirə gedir. Bu, jurnalistin görməli olduğu ən sadə işlərin siyahısıdır. Amma məsələ tək bununla bitmir. Nə qədər qəribə görünsə də, bu gün – internet dövründə ali təhsili olan insana klaviaturada əməliyyat öyrətməyə məcbur oluram. Azərbaycan mətbuatında çalışanların bəlkə də çox böyük qismi kompüterin klaviaturasını əməlli-başlı bilmir. Nə oradakı imkanları, nə də ekrana baxaraq  klaviaturadakı işarələri əzbərdən döyəcləməyi bacarmırlar. Müasir insan isə klaviaturaya baxmadan yazmalıdır. Belə metodu bilməklə 1 dəqiqəyə 500-700 işarəlik mətni asanlıqla yığmaq olar. İstənilən başqa yolda sürət ya aşağı olacaq, ya da daha çox səhv buraxılacaq. Tələbənin bir çoxu bu kimi sadə işin öhdəsindən gələ bilmir.

– Yəni sizin seçdiyiniz tələbə jurnalistikanı elə birbaşa informasiya mühitində öyrənir?

– Bəli, mənim yanımda oturur, nəyisə dedimsə, elə birbaşa tapşırıq halında yerinə yetirməlidir. Deyək, xəbər hazırlamaqdan söhbət gedirsə, mən onun mahiyyətini izah edirəm, elə oradaca tələbə xəbər hazırlayır. Ya xarici mətbuatdan mətni götürüb tərcümə edir, bizim oxucuya uyğunlaşdırır, ya bir press-reliz verirəm, onu düzəldir. Jurnalist tədbirdən və ya şahidi olduğu hadisədən də xəbər hazırlaya bilər. Təki mənbə etibarlı olsun. Peşəni öyrənməyin gündəlik məşq etməkdən başqa yolu yoxdur. Məktəbə yeni gələn hər tələbəyə təklif edirəm mövzu düşünsün, ya onu narahat edən problemi işıqlandırsın. Bəzən bir yazı yazdırıram. Bir müddət ötür, tələbə deyir, vay, gör mən nə qədər geri olmuşam, yazdığım da primitiv olub, elə bil uşaq yazısıdır.

Bəzən tələbəni agentliyin daha təcrübəli əməkdaşına qoşub videosorğuya və ya hansısa tədbirə yönəldirəm. Nəzəri cəhətdən mətbuat konfransından, məhkəmə prosesindən danışmaq, məncə, mənasızdır. Gərək gedəsən, görəsən. Birbaşa iştirak tədrisin mühüm hissəsidir.

Amma hər bir tələbə eyni nəticəni göstərmir, məktəb bazasının nə qədər güclü olması vacibdir. Elə tələbə var hazırlığı yüksəkdir, onunla çalışdıqca, hər gün irəliləyir, tələbə də var orta məktəbdə öyrənmədiyini izah etməli olursan. İstənilən halda bu təcrübənin nəticəsi olur, kimsə daha çox qazanır, kimsə daha az, amma media məktəbini bitirən insan artıq buranı başqa bir formada tərk edir.

– Məktəbə seçim necə reallaşır? Kim qəbul olunur, kim yox?

– Adətən elan veririk. Məktəbə qəbul olmaq istəyən insanlar bizim elektron poçta CV yollayır, onlarla tanış olduqdan sonra hər birinə zəng edib müsahibəyə dəvət edirəm. Bəzən tam uyğun olmayanlar da olur, onlara sadəcə məktub yazıram. Bu da daha çox regionda yaşayan və ya başqa səbəbdən bizim tələblərə cavab verməyən insanlar olur. Açığı, məktəbə gəlmək istəyən insanın ən azı azad vaxtı olmalıdır, hansısa işdə bütün günü çalışan bir kəslə necə məşğul olasan? İşi olmayan və ya tələbə olan jurnalistləri dəvət edirəm. Özü də qeyri-peşə sahəsindən gələnlər də az deyil, çünki burada daha çox marağın olması əhəmiyyətlidir.

Doğrudur, haradasa çalışan, amma bizim məktəbi bitirən də olur. Amma bu halda gərək çalışdığı yerin rəhbərliyi ilə həmin zamanı razılaşdıra. Görüşdüyüm insanlara sadə suallar verirəm, deyirəm özündən danış, nə işlə məşğulsan, hansı layihədə olmusan, nəyi bacarırsan, nəyi yox. Qəbul olmaq üçün bacarığın olması əsas deyil. Bir neçə əsas tələbimiz olur: namizədin həvəsi və vaxtı olmalıdır. Xarici dil biliyinin olması bəyənilir. Müasir dövrün jurnalisti xarici dili mütləq bilməlidir, xüsusilə də Azərbaycanda daha çox istifadə olunan ingilis və rus dillərini bilmək iş tapmaq məsələsində namizədin köməyinə gəlir.

İki ay məktəbə gəlmək tələbi də elə-belə düşünülməyib. Gündəlik jurnalist işi olmasa, heç bir normal nəticə olmayacaq. Tələbələrə deyirəm ya hər gün yanıma gəlirsiniz, elə buradaca mənimlə birgə çalışırsınız, ya da gəlmədiyiniz gün yenə də jurnalist işi ilə məşğul olursunuz. Məsələn, tədbir var, ora gedib xəbər hazırlayırsınız, ya müsahibə götürüb onu yığırsınız.

– Nə kimi çətinliyininz olur?

– Əsas çətinliyim insanların özü ilə bağlıdır. Psixoloji problemi, bir ətək kompleksi olan tələbələrlə işləməyə məcburam. Küçə sorğusu kimi sadə bir tapşırığın öhdəsindən çox az adam qaydasında gəlir. Yəni jurnalist küçəyə çıxıb əlində diktofon və ya mikrofon insanlara yaxınlaşmaqda heç bir problem duymamalıdır. Kimi dindirirsən, deyir, müəllim, burada nə var, gedib sorğu keçirərəm. Amma sonra sorğuya baxanda məlum olur ətrafından, dost-tanışdan və ya qohum-əqrəbadan açıqlama alınıb. Küçədə tanımadığın kimsədən açıqlama almaq hər adamın bacardığı iş deyil. Həm gərək normal nitqin olsun, həm də komplekslərdən uzaq olasan. Bəzi tələbələrə deyirəm problem varsa, gedin marketdə satıcı işləyin, sizi buxovlayan yükdən azad olun. Qızların bəzisi utanır, amma buna qalib gəlməlisən. Hətta hansısa ekspertə telefonla zəng edib adi bir sual verməkdə nə qədər çətinlik çəkən jurnalist var.

Hesab edirəm, işim təkcə jurnalistika ilə tamamlanmır, tələbənin psixoloji problemlərinin həllinə də yardım etməli oluram. Həm də bu işin bir hissəsidir, çünki məktəbə gələn gənclərin işi uğurlu gətirsəydi, ya bacarıq və təcrübə kifayət qədər olsaydı, mənə ehtiyac olmazdı. Elə kompleksi və ya psixoloji problemi olan insanlara təcrübə keçməli oluram. Bunun öhdəsindən gələnlər artıq bir neçə aydan sonra özlərini təsdiqləyə bilirlər.

– Media məktəbini bitirənlərin taleyi necə olur? Agentlik kimisə işlə təmin edirmi?

– İlkin mərhələdə “Report” agentliyində işlə təmin olunmaq fikrini ortaya qoymuşduq. Yəni elan edirdik, kim özünü yaxşı tərəfdən göstərə bilsə, ya işlə təmin olacaq, ya da kənardan əməkdaşlıq edə biləcək. Amma praktika göstərir ki, bu pis ənənədir. Belə bir söz verilirsə, tələbələr tədrisdən çox kimin işə götürüləcəyi və ya götürülməyəcəyi barədə düşünürlər. Elə iş söhbəti daim davam edir. İndi tələbəyə əvvəldən deyirəm ki, mən burada işədüzəltmə şirkəti deyiləm, yalnız sizin gələcək taleyinizə təsir edə bilən bilik və bacarığı tədris edirəm. Eyni zamanda hər tələbəmə deyirəm: mənim məqsədim sizin işlə təmin olunmağınızdır, elə-belə jurnalistikadan danışmaq deyil. Yəni gəldin bu məktəbdə praktika qazandın, daha sonra da davam edirsən, imkanım olan kimi mən də yardım edəcəm. Mənə müraciət çox olur, işçi lazım olanda soruşurlar, əgər tələbəmin səviyyəsi həmin təklif olunan mövqeyə uyğundursa, mütləq məsləhət bilirəm.

Report Media Məktəbini bitirən məzunların çoxu özünə iş tapa bilib. Özü də aparıcı KİV-də. Televiziyada, agentlikdə və ya saytda çalışan hər bir tələbəmin sonrakı taleyini diqqətlə izləyirəm. Eləsi var hələ tələbədir, günün yarısını oxuyur, yarısını jurnalist kimi çalışır. Hətta aralarında çox dərin yazıları olan köşə yazarı da az deyil. Yəni müstəqil fikir sahıbi olan tələbələrim var. Hər birinə deyirəm: kimsə bu məktəbdən sonra özünə iş tapacaq, kimsə isə hələ çox çalışmalıdır, amma nəticə mütləq olacaq. Əlbəttə, bizim məktəbin məzunları “Report”da da çalışırlar. Boş vakansiya oldusa, deməli, uyğun olan məzunu dəvət edirik.

– Layihənin daha uğurlu olması üçün nə lazımdır? Gələcək planlarınız barədə nə deyə bilərsiniz? 

– Report Media Məktəbi jurnalist çevrəsində və informasiya mühitində kifayət qədər maraq doğurub. Layihənin daim inkişaf edən tendensiya üzrə davam edəcəyini düşünürəm. İnternet dünyanın informasiya mühitini bizim də gözləmədiyimiz, bilmədiyimiz istiqamət üzrə qlobal formada dəyişib. Tələbələrə tez-tez deyirəm: şərt məhz jurnalist olmaqda deyil, bizim sfera artıq jurnalistikanın sərhədlərini aşıb. Multimedia, infoqrafika, bloqçuluq, piar, sosial mediada fəaliyyət, media monitorinqi kimi maraqlı işlər var. Əgər jurnalist məlumatı infoqrafikanın və ya adi bir qrafikin vasitəsilə çatdıra bilirsə, yazı yazmaya bilər. Hazırda olduqca geniş yayılan data-jurnalistika araşdırıcı jurnalistin işinə olduqca yararlıdır. Yardımçı proqramları mənimsəyərək böyük həcmdə məlumat bazasından nə qədər maraqlı fakt ortaya qoymaq olar.

Əgər əvvəl bütün hesablamaları dəftər-qələmlə aparırdıqsa, indi texnologiyanın köməyi ilə bir çox problemi həll etmək olar. Ekspertin Azərbaycanda və ya xaricdə olmasının da əhəmiyyəti yoxdur, səs faylı bir neçə dəqiqəyə ünvanına çatacaq. Tələbələrə deyirəm məhz jurnalist olmağa ehtiyac yoxdur, siz lap məşhur bir adamın piar meneceri də ola, ya məşhur bloqçu kimi tanına bilərsiniz. Vacibi işi necə yerinə yetirməkdir.

Layihənin uğuru, məncə, media bazarının daha inkişaf etməsinə bağlıdır. Bazar inkişaf etdikcə ortaya yeni tələblər qoyulacaq. İstərdim ki, məktəbi bitirən hər bir kəsin həm xarici dil biliyi yüksək olsun, həm multimediadan başı çıxsın, həm də tez və operativ xəbər hazırlamağı bacarsın. Bu baqajla da özünə münasib karyera qura bilsin. Gələcəkdə biz daha çox müasir texnoloji imkanlara uyğun işləməyi bacaran insanları Report Media Məktəbində görmək istərdik. Ümumi hazırlıq yüksək olursa, bizim də işimiz asanlaşır.

Tədris proqramını daha çox multimedia imkanlarına yönəltməyi düşünürük. Gələcəyin jurnalistikası buna bağlıdır. Maraqlı görüşlərimiz də az olmayacaq. Hər halda axtarışdayıq, vəziyyətə uyğun media məktəbini inkişaf etdirəcəyik(Qaynarinfo).