XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 March 2016 - 16:47

Xədicə İsmayılın cəzası yüngülləşəcək? –Vəkildən açıqlama

xedice-ismayil

Bakı Apellyasiya Məhkəməsinin jurnalist Xədicə İsmayıl haqqında qərarından kassasiya şikayətinə Ali Məhkəmənin hakim Əli Seyfəliyevin sədrliyi ilə baxılacaq.

Jurnalistin vəkili Fariz Namazlının transparency.az-a verdiyi məlumata görə, Ali Məhkəmənin Xədicə İsmayılın cəzasını yüngülləşdirəcəyinə ümid edirlər: “Prosesin vaxtı hələ təyin olunmayıb. Kassasiya baxışı nəticəsində Xədicə İsmayıl haqqında müsbət qərar çıxarılacağı ehtimal olunur”.

Xatırladaq ki, Xədicə İsmayıl 4 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır. O, 2014-cü il dekabrın 5-dən həbsdədir.

Bakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə İsmayıla 7 il 6 ay azadlıqdan məhrumetmə cəzası çıxarıb. Bundan başqa o, 3 il müddətinə vəzifə tutmaq hüququndan məhrum edilib.

İttihama görə, Xədicə İsmayıl “Azadlıq” radiosunun Bakı bürosunun rəhbəri kimi qulluq səlahiyyətlərindən sui-istifadə edib, vergi ödəməkdən yayınıb, xidməti müqavilələr bağlatmaqla digərlərinin də az vergi ödəməsinə səbəb olub.

2015-ci il noyabrın 25-də Bakı Apellyasiya Məhkəməsi əvvəlki instansiyanın jurnalist haqqında hökmünü qüvvədə saxlayıb.

Onu da qeyd edək ki, martın 28-də Ali Məhkəmənin Plenumu baş prokuror Zakir Qaralovun məhbus hüquq müdafiəçisi İntiqam Əliyevin işindən kassasiya protestinə baxıb. Plenum İntiqam Əliyevə verilmiş 7 il 6 ay həbs cəzasının şərti hesab olunaraq onun azadlığa buraxılmasına qərar verib.

Strateq.az