XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

02 Aprel 2016 - 17:53

“Alışanov yanlış addım atdı…” –Musa Yaqub

musa-yaqub

“Qulu Məhərrəmli AzTV-ni tənqid etməkdə haqlıdır. Sədr Arif Alışanov haqqında dediklərində isə ikiqat haqlıdır, ona görə ki, Alışanov o boyda yaradıcılıq ənənəsi olan bir telekanalın miqyasını kiçildib, ən yaxşı mütəxəssisləri, söz adamlarını televiziyadan uzaqlaşdırıb”. 

Strateq.az xəbər verir ki, bunu Moderator.az-a görkəmli şair Musa Yaqub AzTV sədrinin professor Q.Məhərrəmlini məhkəməyə verməsinə münasibət bildirərkən deyib. 

Musa Yaqub deyib ki, Arif Alışanov dövlətin pulunu düzgün istifadə etmir: "Dövlət büdcəsindən televiziyaya hər il xeyli pul buraxılır. Dövlət istəyir ki, bu pulların sayəsində telekanal inkişaf etsin, yaxşı verilişlər hazırlayıb tamaşaçıların etimadını qazansın. Hanı, qazanır? Deməli, Alışanov o pulları düzgün istifadə etmir, işçilərə yaxşı maaş, qonorar vermir, sözü, istedadı olan adamları televizyaya cəlb etmək istəmir, pullar da hara gedir, bir Allah bilir. Bu adam ancaq öz mənafeyinə uyğun işlərə pul sərf edir. Haqqı, ədaləti, vətəni, milləti, Qarabağımızı, dünyamızı  müdafiə eləyən verilişlərə əl uzatmır. Ona görə də bu barədə yazanların da dilini, sözünü kəsmək istəyir. Televiziyaya belə rəhbərlik etmək olmaz!".

Şair bildirib ki, A.Alışanov indi AzTV-də çalışanları da bir növ öz ölçüsünə salıb və ya salmaq istəyir, özünün isə ölçüsü yoxdur: “Söz ölçüsü, ədəbi ölçüsü yoxdur bu adamın. Onunku rəqəm ölçüsüdür, bu ölçüyə də sığmaq olmur. Alışanov TV-nin nöqsanlarını deyən adamı məhkəməyə də versə, inanırıq ki, ədalət məhkəməsi bu məsələdə haqsız addım atmaz. İndi internet dövrüdür, söz azadlığıdır, hansısa məmur Qulu Məhərrəmli kimi cəmiyyətdə sözünün çəkisi olan şəxsiyyəti cəzalandıra bilməz. Əvvəla, dövlət buna imkan verməz, ikincisi, axı bu adam haqqı deyir və bütün ziyalılarımız da onun dediyi haqqı müdafiə edir. 

Mətbuatda, saytlarda Qulu Məhərrəmlinin yazdıqlarını da, ziyalılarımızın dediklərini də izləmişəm, bu mənəviyyat adamına qarşı Alışanovun dirijorluğu ilə aparılan nalayiq böhtan kampaniyasından da xəbərim var. Görkəmli ziyalılarımız haqlı danışır, haqqı müdafiə edir və mən də onların tərəfindəyəm. Alışanov haqqı sevməsə də, söz doğanaqdan keçəndən sonra mütləq haqq öz yerini tutacaq. Yaxşı ki bu sahənin mütəxəssisləri, ciddi mətbuat, vicdanlı insanlar da Qulu Məhərrəmlini müdafiə edir. Düzünü deyirəm, mən çox sevindim ki, Qulu Məhərrəmli kimi  bir ziyalımız mənəviyyat, milli yaddaş məsələsi ilə sıx bağlı olan televiziyanın problemini belə açıq şəkildə dilə gətirdi. Qulu əsl televizya mütəxəssisidir, hələ gərək tamaşaçıların etimadını itirmiş bu televiziya haqqında öz sözünü çoxdan deyəydi. Axı Azərbaycan dövlət  televiziyası yeganə ekrandır ki, biz əvəldən ona ümidliyik. Alışanov o məbədi çox alçaltdı, balacalatdı, belə olmaz”. 

Şair  AzTV sədrinin Q.Məhərrəmlinin əleyhinə 37-ci il havasında çəkdirdiyi, indi mətbuatda lağ obyektinə çevrilmiş biabırçı “video”nun  telekanaldakı ciddi mənəvi böhrandan xəbər verməsi haqqında da danışıb: “Alışanov yanlış addım atdı, tənqiddən nəticə çıxarmaq əvəzinə, haqqı bir yana qoyub, öz mənafeinə uyğun olanı etdi. Anlamaq gərəkdir ki, doğrunu təmsil edən Qulu Məhərrəmli böyük qələm əhlimizdir, indiki şəraitdə Şərin qarşısında nümayiş etdirdiyi təmkin və əxlaq da bir nümunədir, çünki bu adamın dedikləri şəxsi deyil, ictimai problemdir. Çox təəssüf edirəm ki, o videoda bəziləri bilə-bilə Alışanovun ölçüsünə düşüblər. Televiziyanın, sözün qədrini bilən adamlar vəzifə, iş xətrinə Alışanovun dalınca getməklə  düz addım atmayıblar. Özünü mənəviyyat adamı hesab edənlərin bu yola getməsi fəlakətdir. Mən gözəl bilirəm ki, bu adamların çoxu ürəklərində Qulu Məhərrəmli ilə razıdırlar, çünki bu adam həqiqəti deyir, real mənzərəni göstərir, bizi təhlükədən xəbərdar edir”. 

 

 M.Yaqub sonda insanların çoxunun rəğbət bəslədiyi Q.Məhərrəmli kimi böyük alimin, jurnalistin və nüfuzlu bir ziyalının tənqidə görə məhkəməyə verilməsini ölkəmizə, cəmiyyətimizə, mənəvi mühitimizə utanc gətirən bir hadisə olduğunu deyib. 

 

“Pis odur ki, məmur Alışanovun söz adamına məhkəmə savaşı açması hakimiyyətin tənqidi fikir səsləndirən ziyalıları təqib etməsi təəssüratını yaradır. Halbuki indi ölkədə, sanki yavaş-yavaş başqa ab-hava duyulur. Ona görə də ümidvaram ki, belə bir şəraitdə, hər halda sağlam zəka üstün gələcək və bu adama “dur” deyən tapılacaq” – deyə, hörmətli şair bildirib.