XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

26 May 2015 - 16:20

“Jurnalist Qadınlar” Respublika Günü ilə bağlı tədbir keçirdilər

sevilyusifova-1.jpg

“Tariximizi öyrəndikcə şahid oluruq ki, Azərbaycan xalqı uzun zaman milli azadlığı, istiqlalı uğrunda mübarizə aparıb. Rus boyunduruğundan yaxa qurtarmak bizlərə XX əsrin əvəllərində nəsib olub. Məhz XX əsrin əvvəllərində Azərbaycanda milli azadlıq hərəkatı güclənib. Rusiya imperiyasının dağılması Azərbaycan adlı dövlətin yaranması şansını artırıb. Milli mücadilə insanlarımızın mübarizəsi nəticəsində 1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan edilib”. Bunu Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının prezidenti Sevil Yusifova “Azərbaycan Xalq Cumhuriyyəti- 97: Şərqdə ilk demokratik dövlət” adlı konfransda deyib. ADR-in yaranmasının Şərqdəki müsəlman dövlətlərinin də demokratikləşməsinə təkan verdiyini deyən Sevil Yusifova 28 mayın Şərqin, o cümlədədn də Azərbaycanın tarixində çox əlamətdar bir hadisə olduğunu xatırladıb. S.Yusifova Azərbaycan Demokratik Respublikasının yaradılmasında və ona rəhbərlik edilməsində, beynəlxalq əlaqələrinin qurulmasında M.Ə.Rəsulzadənin, F.Xoyskinin, N.Yusifbəylinin, A.Səfikürdskinin, Ə.Topçubaşovun, X.Xasməmmədovun və başqalarının böyük rolu olduğunu vurğulayıb.

AJQA-nın təşəbbüsü ilə keçirilən konfransda AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili Gövhər Baxşəliyeva ADR-in qadın siyasəti haqqında məruzə ilə çıxış edib. Bildirib ki, qadınların cəmiyyətdə yeri, onların hüquq və azadlıqlarının təmin olunması məsələləri Azərbaycan ictimai-siyasi fikrini daim düşündürən problemlərdən biri olmuşdur: “Müsəlman qadının sosial-ictimai vəziyyəti, təhsili və mədəni səviyyəsinin artması ilə bağlı məsələlər XIX əsrin sonları XX əsrin əvvəllərində Azərbaycan ədəbi və ictimai fikrinin görkəmli nümayəndələrini daim narahat etmiş, onlar öz yazılarında ictimai fəaliyyətlərində qadın azadlığına sosial tərəqqinin mühüm amili kimi nəzərdən keçirmişlər”.

Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı ADR-in təhsilə verdiyi önəmdən, cəmiyyətdə formalaşdırdığı tərəqqidən söhbət açıb. Millət vəkili bəzi Qərb dövlətlərində 1970-ci illərdə qadına yüksək hüquqlar verildiyi halda, ADR bu hüquqları 97 il bundan öncə verdiyini xatırladıb. Azərbaycanın müstəqillik aktına imzanı da məhz Azərbaycan qadınının atdığını vurğulayan M.İbrahimqızı müasir Azərbaycan qadınının hüquqlarından, cəmiyyətdəki yerindən misal çəkərək Skandinaviya ölkələri ilə müqayisə aparıb.

Tədbirdə digər tanınmış şəxslər – elm xadimləri, QHT rəhbərləri və media nümayəndələri də çıxış ediblər.

Strateq.az