XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

30 May 2015 - 20:06

“Şərq” qəzeti məhkəməyə verilir – iddiaçı Gürcüstandandır

serdareliyev.jpg

“Azərbaycanda nəşr olunan “Şərq” qəzetini məhkəməyə verəcəm”. Strateq.az-a daxil olan məlumata görə, bunu mayın 30-da Tiflisdə mətbuata açıqlamasında Gürcüstan Türkləri Konfederasiyasının (GTK) 1-ci vitse-prezidenti Sərdar Əliyev deyib.

Sərdar Əliyev bildirb ki, məhkəməyə müraciət etməsinə səbəb 30 may 2015-ci il tarixdə “Şərq” qəzetinin saytında “”Müxalifət” məhkəməyə verildi” sərlövhəsi altında gedən məqalədə onun adından fikirlər yayılması olub: “Bəyan edirəm ki, mən “Şərq” qəzetinə heç bir müsahibə, açıqlama verməmişəm və orada mənim adımdan yazılanların heç biri mənim fikirlərim deyil”.

Sərdar Əliyev bildirir ki, “Şərq” qəzeti təkzib verib üzr istəməlidir: “üstəlik, qəzeti məhkəməyə verəcəm və 30.000 ABŞ dolları həcmində təzminat tələb edəcəyəm, həmçinin Azərbaycan Mətbuat Şurasına da bu barədə rəsmi müraciət ünvanlanacaq”.

Məlumat üçün bildirək ki, “Şərq” qəzetinin saytında getmiş məqalə “Borçalı” İctimai Cəmiyyətinin mayın 26-da keçirdiyi VII konfrans barədədir. Sərdar Eliyevin adından yayıldığını iddia etdiyi fikirlər isə bunlardır:

“…Gürcüstan Türkləri Konfederasiyasının vitse-prezidenti, Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının baş katibi Sərdar Əliyev də cəmiyyət sədrini müdafiə edib: “Məgər, cəmiyyətin təsisçiləri konfransa dəvət olunmalıydılar?! Azacıq məntiqlə düşünən hər kəs bu suala cavab tapa bilər. Yox əgər, adamlar konfransı boykot və sədri dəyişmək xəttini tutmuşdularsa, bu haqda əvvəlcədən ictimaiyyəti məlumatlandıra bilmək üçün çox geniş imkanlar mövcud idi. Guya, Zəlimxan Məmmədli konfransı və onun vaxtını gizlədib. Bu qədər də absurd və mənasız bir iddia, ağ yalan olarmı? Axı, sədr KİV-lərdə, sosial şəbəkələrdə günlərcə yayımlanan konfrans barəsində məlumatları necə gizlədə bilərdi? Bu sualın da cavabı yoxdur. Açığı, onların bu cür davranmalarının gerçək səbəbləri məni maraqlandırmır. Bəlkə də özlərinə görə haqlı olduqları məqamlar var. Amma o zaman səmimi şəkildə həqiqətləri ortaya qoyaraq iddialarının arxasınca getmələri daha məqsədəuyğun olar”…”.

Mövzunu diqqətdə saxlayacağıq…

Strateq.az