XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

03 İyun 2015 - 13:04

Jurnalistlərin maaşları və üzləşdikləri sosial problemlər…
Jurnalistlərin maaşları və üzləşdikləri sosial problemlər...
APA TV-nin aparıcısı Gülnarə İlhamın sosial şəbəkələrdə paylaşdığı foto istifadəçilər tərəfindən maraqla qarşılanıb. Bu fotoda orta səviyyəli azərbaycanlı ailəsinin hər ayın sonunda yaşadığı durum əks olub.
Jurnalist göstərib ki, aylıq əməkhaqqından kredit ödənişlərini, borclarını və digər lazımi məbləği çıxandan sonra gündəlik xərcləri üçün 7-8 manat pul qalır. G.İlham fotonun üzərində bu sözləri qeyd edib: “Xoşbəxtəm, hesab kitab işlərini gördüm, bir neçə saat da olsa, sevindiyim üçün sənə təşəkkür edirəm, İlahi”.
Paylaşıma yazılan şərhlərdən də görünür ki, eyni durumda olan media nümayəndələrinin sayı heç də az deyil. Həmkarların əksəriyyəti aldıqları aylıq maaşın elə ilk gündəcə müxtəlif kredit borclarına xərcləndiyini yazıb.
Mövzunun aktuallığını nəzərə alaraq, biz də bir neçə jurnalistdən maaşları və aylıq xərcləri arasındakı fərqi, maddi durumlarını öyrənməyə çalışdıq. Media nümayəndələri arasında keçirdiyimiz sorğudan bəlli oldu ki, vəziyyət heç də ürəkaçan deyil.
Qafqazinfo.az saytının redaktoru Günel Əbilova bildirdi ki, onlar da hər ayın sonunda ailənin gəlirlərini birləşdirib, xərcləri bölürlər: “Biz hər ayın sonu həyat yoldaşımla maaşımızı birləşdirib, aylıq xərclərimizi bölürük. Mən bu məsələdə bir az dəqiq və həssasam. Əvvəlcədən aylıq xərclərimi hesablayıram. Hər şeydən əvvəl maaşdan ipoteka və digər kreditlərimizi bölürük. İş yoldaşlarımızla lotoreya oynayırıq ki, ilin sonunda hansısa problemimizi həll edək, maaşdan hər ay onu ödəyirəm. Yəqin, hamımızda belədir, bəzən 50 manatı xırdalayırıq, qəpik kimi görünür. özümüz də gənc ailə olduğumuz üçün tez-tez toya dəvət olunuruq. Bunların hamısı aylıq məvacibə daxildir. özəlliklə qeyd edim ki, hansı ay həkimə yolumuz düşürsə, həmin ay pul üzü görmürük. Hamımıza sirr deyil ki, jurnalistika varlı peşə deyil. Bəlkə, ailəmiz elə iki nəfərdən ibarət olduğu üçün maaşım xərclərimi tam ödəmir, desəm, bir az məsələni şişirtmiş olaram. çalışıram ki, xərclərimi maaşa uyğunlaşdırım. Yuxarıda dediyim kimi, həkim amili bu məqamda istisnadır”.
Jurnalist Əvəz Qurbanlı da kredit məsələsi ilə bağlı çətinlik çəkdiyini bildirdi: “Mənim də kredit borclarım var. Müxtəlif məqsədlər üçün banklardan kredit götürmüşəm. Bəzisi manatla, bəzisi dollarla… Təbii ki, hamısını ödəməyə gücüm çatmaz. Yaxın adamlar (yəni ailə üzvlərim – qardaş-bacı) kreditimin ödənilməsinə köməklik edirlər. Əməkhaqqı ilə bağlı şikayətim yoxdur. İşlədiyim qədər qazancım olduğunu düşünürəm. Lakin kredit məsələsi adamı çox üzür. Dollarla götürdüyüm kreditləri əvvəlki məzənnə ilə ödəmək imkanı olsaydı, çox yaxşı olardı. Digər tərəfdən, faiz dərəcələri çox yüksəkdir. Hətta mən deyərdim, bu, kredit faizi yox, sələm səviyyəsindədir”.
APA TV-nin müxbiri Fərahim Qasımov da qazancının böyük bir hissəsini kreditlərin ödənilməsinə sərf etdiyini bildirdi: “Aldığım məvacibin 90 faizi kreditlərin ödənişinə gedir. Evi, maşını kreditlə almışam. Eyni zamanda banklardan nağd pul kreditə götürmüşəm. Ona görə də, mənə də çətindir. Bu vəziyyət bundan sonra da təxminən 7 il davam edəcək. Qəti şikayət etmirəm. çünki bunu özüm etmişəm, kimsə mənə məcbur etməyib ki, kreditə ev, maşın al. Əslində aldığım məvacib yaxşıdır. Kreditlər olmasa, Bakı kimi bahalı şəhərdə orta səviyyədə yaşamaq olar”.
“Yeni Müsavat” qəzetinin müxbiri Röya Rəfiyevanın durumu da fərqli deyil: “Maaşım və qonorarım normaldır. Hətta deyə bilərəm ki, ölkədə minimum əmək haqqından dəfələrlə çoxdur. Ancaq yarısından çoxunu evin kreditinə verirəm. üstəlik, yaşadığım binada qaz olmadığından, ayda yüz manata yaxın işıqpulu verməli oluram. Bir neçə aydır, ayda 50 manat soyuducuya kredit verirəm. Toplayanda, çıxanda, yerdə heç nə qalmır. Hərdən düşünürəm, yaxşı ki, bizdə maaş ayda bir dəfə yox, dörd dəfə verilir. Hər həftənin üçüncü günü bizdə “müqəddəs gün” hesab olunur, evdə uşaqlar da artıq bu günü həvəslə gözləyirlər. Hər gün beş yaşlı oğlum soruşur: “Ana, bu gün üçüncü gündür? üçüncü gün çoxlu şeylər alarıq”. Hər həftə sonu hamımız növbəti üçüncü günə köklənirik. Ayın sonunda evin kreditinin vaxtı gələndə isə vəziyyət gərgin olur, qəzetin baş direktoruna müraciət etməli oluram”.
TRT-nin Bakı təmsilçiliyinin əməkdaşı, jurnalist Firuzə Qurbanlı isə hər iki ailə başçısının çalışmasının vacibliyini qeyd elədi: “Ailədə iki nəfər çalışırsa, yaxşı dolanmaq mümkündür. İndiki zəmanədə təkcə yaxşı dolanışıqla iş bitmir. Bununla yanaşı, uşaqların yaxşı təhsil alması üçün də xərc çəkməlisən. Bunun üçün mütləq ata və ananın hər ikisi çalışmalıdır. Gənc ailə kimi ipoteka krediti ilə ev götürmüşük. Amma çox şükür, hələlik ödəniş etməkdə çətinlik çəkməmişik”.