XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

29 Aprel 2016 - 14:37

BAMF və “Əl-Cəzirə” arasında birgə əməkdaşlıq –FOTO

umud-el-cezire

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) beynəlxalq media sahəsində əməkdaşlığını daha da genişləndirəcək. Bununla bağlı növbəti addım “Əl-Cəzirə” Media Şəbəkəsi ilə əlaqədar olacaq.

Bu barədə BAMF-dan Strateq.az-a daxil olan məlumata görə, Bakıda səfərdə olan Əl-Cəzirə media Şəbəkəsinin İnsan hüquqları və Vətəndaş Azadlığı mərkəzinin direktoru Sami Əlhac Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyevlə görüşündə bildirib ki, onun təmsil etdiyi qurum Azərbaycanla bağlı proqramların hazırlanaraq dünyaya yayımlanması, Azərbaycanın zəngin tarixi-mədəni irsinin tanıdılması, Qarabağ münaqişəsinin işıqlandırılmasında maraqlıdır.

Əl Cəzirə Media Şəbəkəsi bu istiqamətdə məhz beynəlxalq sahədə böyük təcrübəsi olan BAMF– la birgə əməkdaşlıq etmək haqqında qərar verib.

Dohada keçirilən görüşləri xatırladan Əl Cəzirə Media Şəbəkəsinin rəsmi nümayəndəsi bəyan edib ki, Əl-Cəzirə Media Şəbəkəsinin icraçı direktoru Mustafa Souj da bu əlaqələrin yaranmasında maraqlıdır və onun bu məsələləri müzakirə etmək üçün tezliklə Azərbaycana səfər etməsi planlaşdırılıb.

“Əl-Cəzirə”nin Azərbaycandan xüsusi reportajlar yayımlamasının perspektivləri, Azərbaycan həqiqətlərinin daha doğru və etibarlı mənbələrdən alınmış obyektiv informasiya əsasında işıqlandırılması, Qarabağ münaqişəsinə dair faktların şəffaf araşdırılması BAMF üçün də prioritet məsələdir”.

Bunu isə xarici qonaqla görüşdə fondun sədri Umud Mirzəyev bildirib.

Onun sözlərinə görə, BAMF 2012-ci ildən, Əl-Cəzirə Media Şəbəkəsinin tədbirləri, konfransları və qlobal təşəbbüslərində iştirak etmək çərçivəsində əməkdaşlıq edir:

"Münaqişə zonalarında fəaliyyət göstərən jurnalistlərin müdafiəsinə töhvə verməklə, söz və ifadə azadlığı, obyektiv informasiyanın yayılması istiqamətində BAMF, Əl-Cəzirə Media Şəbəkəsinin fəaliyyətini və onun missiyasını, eləcə də Beynəlxalq Mətbuat İnstitutunda təmsilçilik fəaliyyətini dəstəkləyir və bugün müsəlman dünyasında bu media şəbəkəsinin peşəkar fəaliyyətinə, azad sözün qorunmasında doğru güclü təsirə malik olmasına inanır. Bu gün Əl-Cəzirə nəinki telekanalları, eləcə də araşdırma mərkəzi, sənədli filmlər, sosial proqramları vasitəsi ilə bütün ərəb və Yaxın Şərqdə fəaliyyət göstərən media qurumlarının ən öncülüdür. Bu Media Şəbəkəsi münaqişə bölgələrindən informasiyaların dünyaya çatdırılması, regiondan olan ən mühüm xəbərlərin, reportajların yayımlanması ilə yanaşı, jurnalistlərin hüquqlarının qorunması, insan hüquq və azadlıqlarının təşviqi istiqamətində fəaliyyəti ilə diqqət mərkəzindədir.

“Beynəlxalq Avrasiya Mətbuat Fondu olaraq inanırıq ki, birgə layihələrin inkişafı və icrası sahəsində qarşılıqlı əməkdaşlıq əsasında daha yaxın əlaqələrin qurulması ilə bugün media aləmində diqqətdən kənar qalan regionlar və münaqişələr daha çox gündəmə gətirilə bilər”.

U.Mirzəyev əməkdaşlıq perspektivlərini Azərbaycanın dünya mediasına çıxışı baxımından növbəti uğuru olduğunu qeyd edib:

“Digər tərəfdən media və vətəndaş cəmiyyətinin qarşılıqlı əlaqəsi sayəsində doğru informasiyanın əldə olunması, region ölkələrinin tanıdılması, müharibələr nəticəsində haqqları pozulmuş insanların haqlarının qorunmasının təşviqi xüsusi əhəmiyyət daşımaqdadır. Bundan əlavə, bu prinsiplər hər kəsin fundamental azadlıqlar və insan haqlarına malik olduğu BMT nizamnaməsində də bəyan edilir. BMT-də Əsas Məşvərətçi Statusa və keçmiş Sovet məkanında böyük təsirə malik bir təşkilat olaraq BAMF bu prinsiplər əsasında Əl-Cəzirə ilə əməkdaşlıq etmək niyyətindədir”.

Görüşün sonunda Əl-Cəzirə Media Şəbəkəsinin rəhbərliyi adından Əl-Cəzirə kanalının billur simvolu BAMF sədri Umud Mirzəyevə təqdim olunub. Bununla yanaşı, BAMF sədrinə Əl-Cəzirə Media Şəbəkəsinin tarixini və fəaliyyətini özündə əks etdirən nəfis tərtibatlı kitab hədiyyə olunub.