XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

05 İyun 2015 - 10:06

Facebook qanunları Əflatun Amaşovun tələbinə nə deyir?
Facebook qanunları Əflatun Amaşovun tələbinə nə deyir?
Osman Gündüz: “Facebook rəhbərliyinə adi istifadəçi də, təşkilat da, dövlət qurumu da, hökumət də müraciət edə bilər”
Ələsgər Məmmədli: “Azərbaycanda difamasiya haqqında qanun qəbul olunmadığına görə, Azərbaycanın qanunvericilik normaları beynəlxalq səviyyədə qəbul olunmur və ciddi qarşılanmır”
“Facebook”da siyasətçiləri təhqir edən səhifələr bağlanmalıdır”. Bu sözləri Mətbuat Şurasının sədri Əflatun Amaşov dövlət başçısının köməkçisi Əli Həsənovun media rəhbərləri ilə görüşü zamanı deyib. MŞ sədri bəzi sosial şəbəkələrdə yaradılan səhifələrə toxunub. O, “ümummilli paz” adlanan facebook səhifəsində ölkənin bir neçə media kapitanlarının, siyasətçilərinin şəkillərinin yerləşdirildiyini və ünvanlarına təhqiramiz ifadələrin işlədildiyini deyib. Ə. Amaşov əlavə edib ki, bu cür səhifələrin bağlanması mümkün olmazsa, Azərbaycan facebook rəhbərliyi ilə danışıqlar aparmalıdır.
Bəs, görəsən, Facebook rəhbərliyinə müraciət etməklə hansısa səhifələrin və ya istifadəçi hesablarının bağlanılması sosial şəbəkənin daxili qaydalarına görə, mümkündürmü? ümumiyyətlə, sosial şəbəkələrdə təhqirə görə məsuliyyət varmı?
“Yeni Müsavat”ın suallarını cavablandıran media hüququ üzrə ekspert Ələsgər Məmmədli bildirdi ki, sosial şəbəkədə və ya hansısa internet resursunda kimsə təhqir olunubsa, o zaman həmin səhifəni bağlamaq deyil , məhkəməyə müraciət etmək lazımdır: “Azərbaycan qanunvericiliyinə əsasən, təhqir və böhtana görə, xüsusi ittiham qaydasında cinayət işi açıla və həmin şəxslərə qarşı məhkəmədə ittiham qaldırıla bilər. Amma səhifənin bağlanması real görünmür. Birincisi, hər hansı televiziya və media qurumu kimisə təhqir etdiyi zaman qərar media qurumunu və ya həmin telekanalı bağlamaq olmur. Həmin təhqir edən şəxslər ya cərimələnir, ya da məsuliyyətə cəlb olunur. Burada da məsələ eynidir, həmin şəxslər ya cinayət məsuliyyətinə, ya da mülki məsuliyyətə cəlb oluna bilər”.
Ekspertin sözlərinə görə, sosial şəbəkələrin infrastrukturunun Azərbaycanda olmaması yerli qanunvericiliklə bu kimi addımların atılmasını əngəlləyir: “Azərbaycan qanunvericiliyi bu baxımdan beynəlxalq standartlardan fərqlənir. İnkişaf etmiş ölkələrdə təhqirə və böhtana görə həbs cəzası olmadığı halda bizdə həbs cəzası var və Azərbaycanın qanunvericilik normaları beynəlxalq səviyyədə qəbul olunmur. Azərbaycanda çıxarılan məhkəmə qərarı nə olursa-olsun, bunu beynəlxalq aləmdə heç kim qəbul etmir. Bu baxımdan da mən bunun effektiv bir yol olacağına inanmıram. Bu o zaman effektiv ola bilər ki, Azərbaycan qanunvericiliyi beynəlxalq qanunvericliklə üst-üstə düşsün. Azərbaycanda difamasiya haqqında qanun qəbul olunmadı. Bu baxımdan biz ancaq öz yağımızda qovrula bilərik. Biz deyə bilərik ki, Facebook sosial şəbəkəsində təhqir yazan insanı cəzalandıracağıq. Ancaq bu şəxs Azərbaycanda yaşamırsa, üçüncü ölkədə bunu edirsə, ona qarşı heç bir qanun işləmir. Düzdür, Facebook-un öz daxili qaydalarına görə, böhtan və təhqirə dair şikayətlər olursa, şəbəkə rəhbərliyi bunu araşdırır, əgər həqiqətən təhqir varsa, o zaman çoxsaylı müraciətlər nəzərə alınaraq səhifə bağlana bilər. Facebook qaydalarına görə, əgər həqiqətən sosial şəbəkə istifadəçisi olan şəxs üçüncü şəxsləri təhqir edir, onların şərəf və ləyaqətini alçaldırsa, yalan məlumatlar yayırsa, pornoqrafiya və sair yayırsa o zaman Facebook onların qarşısını alacaq”.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də qeyd etdi ki, qanunvericilik təhqir və böhtanla bağlı məsələləri tənzimləyir: “Həm qanunvericilikdə, həm də məhkəmə təcrübəsində təhqir və böhtana görə həbslə bağlı kifayət qədər təcrübələr var. Bu məsələ həm Cinayət Məcəlləsində, həm də Mülki Məcəllədə öz əksini tapıb. O ki qaldı sosial şəbəkələrə, bu Azərbaycan internetinin ən güclü inkişaf etmiş sahəsidir. Mən belə düşünürəm ki, əksinə, sosial mediada hazırda ictimai əhəmiyyətli məsələlərin müzakirəsi daha geniş və daha səviyyəli şəkildə aparılır, nəinki əvvəlki dövrlərdə. Əvvəllər sosial şəbəkədən istifadə daha bəsit şəkildə aparılırdı, indi isə əksinə ictimai əhəmiyyətli məsələlər müzakirə olunmur, burada dövlət qurumları, millət vəkilləri, ictimai xadimlərlə əlaqələr qurulur. Bunlar kifayət qədər normal şəkildə inkişaf edir. Azərbaycanda sosial medianın faydalılıq xətti yüksəlib”.
Osman Gündüzün sözlərinə görə, sosial şəbəkə real həyatın inikasıdır, burada da qanunvericiliyin tələbləri pozula bilər.
Bu məsələnin Facebook-un daxili qaydalarına uyğun olaraq tənzimlənməsinə gəlincə, ekspertdə vurğuladı ki, Facebook-un daxili qaydalarına görə də bu kimi hallarla mübarizə aparmaq olar: “Məhkəməyə qədərki yol ondan ibarətdir ki, bu sosial şəbəkələrin də administrasiyası var və qayda-qanunları mövcuddur. Facebook qaydalarında hər şey təsbit olunub və orada da təhqir, böhtan qadağandır. Ancaq 1 milyard istifadəçidən ibarət şəbəkəsi olan bir resursda bu qaydalara əməl olunması rəhbərlik üçün çox çətindir. Ancaq mümkünsüz deyil. Facebook rəhbərliyinə adi istifadəçi də, təşkilat da, dövlət qurumu da, hökumət də müraciət edə bilər. Facebook, Twitter, Youtube və digər sosial şəbəkələr hər il hesabat verirlər ki, ötən il hökumətlər tərəfindən onlara nə qədər müraciətlər olub. Ancaq bu qlobal şəbəkələr tərəfindən də hökumətlərə qarşı ayrıseçkilik edilir, ikili standartlar olur. Məsələn, Almaniyanın hökumətinin müraciətinə müsbət cavab verilir, Türkiyə hökumətinin müraciət isə rədd edilir”.