Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” regional proqramı jurnalistlər arasında növbəti müsabiqə elan edib.
Strateq.az xəbər verir ki, “Əmək hüququ: qanunvericilik və təcrübə”mövzusuna dair çap və elektron məqalələrin müsabiqəsi 2016-cı il mayın 4-dən iyunun 15-dək davam edəcək. Jurnalistlər bu müddətdə dövri mətbuatda dərc edilən və ya internet resurslarında yerləşdirilən məqalələri ilə müsabiqəyə qatıla bilərlər.
Müsabiqəyə əmək münasibətləri və əmək hüquqlarına həsr olunmuş məqalələr, o cümlədən əmək münasibətlərinin tənzimlənməsinin əsasları, əmək münasibətlərini tənzimləyən qanunvericilikdə olan boşluq və ziddiyyətlər, qanunvericiliyin tətbiqində mövcud olan problemlər, o cümlədən əmək münasibətlərinin rəsmiləşdirilməsi, işçilərə ədalətli və əlverişli əmək şəraitinin yaradılmasının vəziyyəti, əməyin mühafizəsi, işçilərin bədbəxt hadisələr və peşə xəstəliklərindən icbari sığortası ilə bağlı vəziyyət, qeyri-formal əmək bazarının yaratdığı problemlər, o cümlədən ev qulluğu işləri, məcburi əmək halları ilə bağlı araşdırma yazılar təqdim edilə bilər.
Müsabiqəyə həmçinin, işçilərin müəyyən edilmiş müddətlərdən artıq işlərə cəlb edilməsi, istirahət hüququnun təmin olunması,qadınların və uşaqların əmək bazarında iştirakı, əmək münasibətlərinin gender aspektləri, işəgötürən və işçilərin qarşılıqlı məsuliyyəti və bu sahədə olan problemlərə həsr olunan yazılar təqdim oluna bilər.
Qaliblər üçün mükafat nəzərdə tutulub:
Birinci yer – 500 AZN
İkinci yer – 400 AZN
Üçüncü yer – 300 AZN
Qeyd edək ki, hər bir jurnalist müsabiəyə birdən artıq məqalə təqdim edə bilməz. Müsabiqədə iştirak etmək istəyən şəxslər aktiv jurnalistika fəaliyyəti ilə məşğul olmalı və ən azı bir il peşəkar jurnalistika təcrübəsinə malik olmalıdırlar.